Sentyabrın
12-də Bakı Fransız Liseyinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi
diqqət və qayğı təsdiqləyir ki, insan kapitalının
inkişaf etdirilməsi dövlət siyasətinin prinsiplərinin
əsasını təşkil edir. Son illərdə ölkəmizdə müasir məktəb
binaları tikilib, təhsil müəssisələri üçün yeni
korpuslar inşa olunub. Bu proses təkcə paytaxtla
məhdudlaşmayıb, bölgələri də əhatə edib. Məktəblərin
maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də
mühüm işlər görülüb. Heydər Əliyev Fondu da dövlət
səviyyəsində həyata keçirilən bu proqramın reallaşmasına
güclü dəstək verib. Fondun "Təhsilə dəstək" layihəsi
çərçivəsində ölkəmizdə yaşayan milli azlıqların
təhsilinə xüsusi diqqət göstərilib. Bundan əlavə, Bakıda
yaşayan əcnəbilərin övladlarının təhsili ilə bağlı
problemlərin aradan qaldırılması da diqqətdən kənarda
qalmayıb. Bu məqsədlə Heydər Əliyev Fondu tərəfindən
həyata keçirilən layihələr öz bəhrəsini verib. Bakı
Fransız Liseyinin yaradılması ilə bağlı həyata keçirilən
layihə də bu sırada mühüm yer tutub.
Qeyd edək ki, paytaxtın "Ağ şəhər" adlanan ərazisində
inşa olunan bu təhsil ocağı 320 şagird yerlikdir. Müasir
memarlıq quruluşu ilə diqqət çəkən liseyin binası yüksək
səviyyədə inşa olunub. Sahəsi 14 min kvadratmetr olan
liseydə təlim-tədris üçün bütün şərait yaradılıb.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva
liseyin rəmzi açılışını bildirən lenti kəsdilər. Yüksək
standartların tətbiq olunduğu bu tədris müəssisəsində
məktəbəqədər hazırlıq kursu daxil olmaqla, ibtidai
təhsil və kollec-lisey qrupları fəaliyyət göstərəcək.
Cari tədris ilində 100 şagird liseydə təhsil almağa
başlayacaq.
Qeyd edək ki, liseyin təməli 2011-ci ilin oktyabrında
Fransanın sabiq Prezidenti Nikola Sarkozinin Bakıya
rəsmi səfəri çərçivəsində imzalanan "Azərbaycan və
Fransa hökumətləri arasında Bakı Fransız Liseyinin
yaradılmasına dair" Sazişə əsasən qoyulub. Yaradılmasına
Heydər Əliyev Fondunun da dəstək verdiyi lisey ölkəmizdə
müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbi
vətəndaşların və Azərbaycan vətəndaşlarının bu dildə
təhsil almalarına geniş imkanlar yaradacaq. Fransız
Liseyində tədris uşaq bağçasından başlayaraq 12 illik
ümumi təhsil müəssisəsində tətbiq edilən klassik fransız
tədris planı əsasında qurulacaq. Tədris proqramı Fransa
milli təhsil sisteminin tələblərinə uyğun olaraq fransız
dilində aparılacaq. Şagirdlərə veriləcək attestat Fransa
Milli Təhsil Nazirliyinin standartlarına və tələblərinə
cavab verəcək və nazirlik tərəfindən tanınacaq. Məktəbin
məzunları öz seçimlərinə uyğun olaraq təhsillərini
Fransanın istənilən ali təhsil müəssisəsində davam
etdirmək imkanı qazanacaqlar.
Xatırladaq ki, bu ilin mayında Fransa Prezidenti Fransua
Olland da Azərbaycana rəsmi səfəri çərçivəsində Fransız
Liseyinə gəlmiş və burada tikinti işlərinin gedişi ilə
tanış olmuşdu.
AzərTAc |