Sentyabrın
13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 84
nömrəli tam orta məktəbin yeni binasının açılışında
iştirak edib.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan bütün
layihələr uğurla icra olunur. Tədbirlər planına əsasən,
hər il olduğu kimi, bu il də məktəblərin təmiri və
yenidən qurulması davam etdirilir. Xüsusi Dövlət
Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun
olaraq təhsil ocaqlarının maddi-texniki bazası
möhkəmləndirilir.
Yeni dərs ili ərəfəsində respublikanın hər yerində
olduğu kimi, paytaxt Bakıda da orta məktəb binalarının
yüksək standartlara uyğun yenidən qurulması və lazımi
avadanlıqla təchiz edilməsi dövlətimizin təhsil sahəsinə
qayğısını nümayiş etdirir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına
məlumat verdi. Bildirildi ki, 1920-ci ildə inşa olunan
məktəbin binasından ilk vaxtlar hospital kimi istifadə
olunub. Yararsız vəziyyətdə olan bina 2012-ci ildə
sökülüb və yerində ən müasir standartlara cavab verən
üçmərtəbəli bina tikilib.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən
lenti kəsdi.
Məlumat verildi ki, hazırda 48 sinif otağı olan məktəb
1224 şagird yerlikdir. Məktəbin foyesində ulu öndər
Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi qayğını
və Prezident İlham Əliyevin Suraxanı rayonundakı təhsil
ocaqlarının müasir standartlar səviyyəsinə çatdırılması
istiqamətində gördüyü işləri əks etdirən fotolardan
ibarət stendlər yaradılıb.
Dövlətimizin başçısı məktəbdə yaradılan şəraitlə
yaxından tanış oldu. Burada bütün sinif otaqları, fənn
kabinetləri ən müasir tələblər səviyyəsində qurulub.
Məktəb yüksək tələblərə cavab verən avadanlıq və müasir
dərs ləvazimatları ilə təchiz edilib. Şagirdlərin nəzəri
bilikləri laboratoriyalarda tətbiq etmələri üçün də
zəruri avadanlıq quraşdırılıb. Təhsil ocağının idman
zalı da müasirliyi ilə diqqəti cəlb edir. Məktəbin akt
salonunda müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür
şərait var. Şagirdlərin hərbi hazırlığının və
vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə məktəbdə
hərbi hazırlıq sinfi də yaradılıb. Burada müasir istilik
və işıqlandırma sistemləri quraşdırılıb. Təhsil ocağının
həyətində də abadlıq və quruculuq işləri görülüb.
Məktəbin açıq futbol, voleybol və basketbol meydançaları
da var.
AzərTAc |