Sentyabrın 15-də - "Bilik Günü"ndə Bakının Xəzər
rayonunun Şağan qəsəbəsindəki Füzuli Gözəlov adına 124
nömrəli tam orta məktəb üçün yeni inşa edilən binanın
açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Prezident İlham Əliyevin "qara qızılı insan kapitalına
çevirək" ideyası artıq dövlət siyasətinin mühüm tərkib
hissəsinə çevrilib. Son illərdə dövlətimizin başçısının
rəhbərliyi altında ölkədə həyata keçirilən təhsil
islahatları uğurla davam etdirilir.
Müasir dünyada təhsil hər bir ölkədə inkişaf
konsepsiyasının mühüm tərkib hissəsi kimi qəbul olunur.
Bu baxımdan ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata
keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz
gələcəyini daha etibarlı və inamlı görmək istəyir.
Son illərdə dövlətimizin başçısının ölkədə məktəblərin
maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı
sərəncam və tapşırıqlarına uyğun olaraq yüzlərlə məktəb
binası tikilib və ya təmir olunub. Təhsil ocaqlarının
kompüter texnologiyaları ilə təchiz olunması ilə bağlı
sərəncam və tapşırıqlara uyğun olaraq ümumtəhsil
məktəblərinin informasiya və kommunikasiya
texnologiyaları ilə təminatı gücləndirilib. Ucqar
bölgələrdə müəllim çatışmazlığını aradan qaldırmaqla
bağlı hökumət müvafiq proqram qəbul edib.
Heydər Əliyev Fondunun da həyata keçirdiyi layihələr
dövlət səviyyəsində icra olunan fəaliyyət proqramına
güclü dəstək verib. Fondun "Yeniləşən Azərbaycana yeni
məktəb" və "Təhsilə dəstək" layihələri çərçivəsində ölkə
üzrə yüzlərlə orta məktəb binası tikilib və bu proses
davam etdirilir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva
əvvəlcə məktəbin rəmzi açılışını bildirən lenti
kəsdilər.
Məktəbin foyesində xalqımızın ümummilli lideri Heydər
Əliyevin və Prezident İlham Əliyevin ölkədə təhsilin
inkişafına göstərdikləri qayğını əks etdirən fotolardan
ibarət guşə yaradılıb. Məktəbin bütün dəhlizlərində
dövlət rəmzləri, müxtəlif fənlərə dair məlumatlar olan
lövhələr asılıb.
Qeyd edildi ki, 1961-ci ildə Şağan qəsəbəsində inşa
olunan məktəb mövcud tələblərə cavab vermirdi. Məktəbin
maddi-texniki bazasının yarıtmaz vəziyyətdə olması,
digər tərəfdən şagird sıxlığı yeni təhsil ocağının
inşasını gündəmə gətirmişdi. Belə ki, köhnə məktəb
binası 520 yerlik olsa da, burada 800-dən çox uşaq
oxuyurdu və dərslər iki növbədə aparılırdı. 2011-ci ilin
avqustunda dövlətimizin başçısı Şağan qəsəbəsində
olarkən məktəbin vəziyyəti ilə tanış oldu və burada yeni
binanın inşası ilə bağlı göstəriş verdi.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov Prezident İlham Əliyevə görülən işlərlə bağlı
məlumat verərkən bildirdi ki, qısa vaxtda müasir tikinti
standartlarına uyğun inşa olunan məktəb indi 1560 şagird
yerlikdir. Yeni tədris ilindən məktəb bir növbəli olacaq.
65 sinif otağının hamısı zəruri avadanlıq və əyani
vəsaitlərlə təchiz olunub. Məktəbdə 4 informatika
kabineti, fənn laboratoriyaları yaradılıb. Fizika, kimya
və biologiya laboratoriyalarının hamısı müasir tədris
vasitələri ilə təmin edilib. Uşaqlar üçün hər cür
şəraiti olan yeməkxana və müxtəlif tədbirlərin
keçirilməsinə imkan verən akt zalı qurulub. Bundan
əlavə, şagirdlərin fiziki sağlamlığının qorunması üçün
hər cür ləvazimatlarla təchiz olunan idman zalı da
yaradılıb.
Bu il 145 uşaq yeni məktəbdə birinci sinfə gedir. Onu da
deyək ki, builki tədris ilində Azərbaycanda 139 mindən
çox uşaq birinci sinfə gedir. Bu il ilk dəfə olaraq
Azərbaycanda maksimum sayda - 271 adda 7,8 milyon ədəd
dərslik çap olunub. 2014-2015-ci tədris ilində 1692 gənc
müəllim də ilk dəfə sinfə daxil olaraq öz vəzifələrinin
icrasına başlayır. Bu müəllimlər təhsil sahəsində ilk
dəfə olaraq "Müəllim andı" içdikdən sonra fəaliyyət
göstərəcəklər.
Bu il də ölkə üzrə onlarla məktəb yenidən inşa olunub və
ya təmir edilib. 124 nömrəli məktəbin yerləşdiyi ərazidə
də xeyli abadlıq işləri görülüb, uşaqlar üçün müasir
futbol meydançası qurulub.
Sonra Prezident İlham Əliyev məktəbin kollektivi və
Şağan qəsəbəsi ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Yeni dərs ili münasibətilə şagirdləri və müəllimləri
təbrik edən Prezident İlham ƏLİYEV dedi:
- Əziz uşaqlar, müəllimlər, əziz dostlar!
Bu gün yeni dərs ili başlayır. Bu münasibətlə sizi
ürəkdən təbrik edirəm. Siz uşaqlar yeni dərs ilinə bu
gözəl məktəbdə başlayacaqsınız.
Bu, çox gözəl, əlamətdar hadisədir. Bu gözəl məktəb göz
oxşayır, çox rahatdır, genişdir və burada oxumaq üçün
bütün şərait, imkanlar var. Yadımdadır, iki il bundan
əvvəl burada olarkən əvvəlki məktəblə tanış olmuşdum.
Gördüm ki, artıq bu məktəbin gələcəyi yoxdur. Çünki
bərbad vəziyyətdə idi, uzun illər idi ki, təmirsiz
qalmışdı və yeni məktəbin tikintisi ilə bağlı qərar
verildi. Bu məktəb əvvəlki məktəbdən üç dəfə böyükdür.
Burada 1500-dən artıq uşaq oxuyacaq. Rahat, geniş
otaqlar, dəhlizlər. Müəllimlər üçün gözəl şərait
yaradılıbdır. Əminəm ki, burada nəticələr də yaxşı
olacaq, yüksək olacaq. Çünki son illərdə ölkə üzrə
tikilən gözəl məktəblərdə təhsilin keyfiyyəti də artır.
Yeni dərs ili ərəfəsində mən Bakıda 20-dən çox məktəbdə
olmuşam. Təmir, tikinti işləri ilə özüm şəxsən tanış
oluram. Deyə bilərəm ki, tikilən və təmir olunan bütün
məktəblər ən yüksək səviyyədədir. Bu il Bakıda 30-a
yaxın məktəb təmir olunub, tikilib, istifadəyə verilib.
Ölkə üzrə isə bu il 178 məktəb təmir edilib və
tikilibdir. Hər il bu proses uğurla gedir. Son on il
ərzində Azərbaycanda 2900 məktəb tikilib və təmir edilib.
Ümumiyyətlə isə ölkəmizdə 4500 məktəb vardır. Hələ ki
təmirə ehtiyacı olan məktəblər var, o cümlədən Bakıda.
Ancaq onların sayı getdikcə azalır. Xəzər rayonunda isə
cəmi bir məktəb təmirsizdir. O məktəbin də təmiri
nəzərdə tutulur və gələn dərs ilinədək Xəzər rayonunda
bir dənə də təmirsiz məktəb olmayacaqdır.
Bu, çox önəmli məsələdir. Çünki uşaqlar yaxşı
məktəblərdə oxumalıdırlar, müəllimlər yaxşı məktəblərdə
dərs deməlidirlər. Müəllimlərin də iş şəraiti yaxşı
olmalıdır. Belə məktəblərin tikintisi əlbəttə ki,
dövlətimizin gücünü göstərir. Bu gün inkişafda olan
Azərbaycan təhsil sahəsinə çox böyük diqqət ayırır.
Dövlət siyasəti aparılır. İlk növbədə, təhsil sisteminin
maddi-texniki bazası möhkəm olmalıdır. Belə gözəl
məktəblər inanmıram ki, hansısa başqa bir ölkədə
tikilsin. Xüsusilə indiki zamanda ki, bəzi ölkələrdə
böhran yaşanır, iqtisadi çətinliklər var.
Azərbaycanda isə sosial sferaya, təhsil sahəsinə diqqət
daim yüksək səviyyədədir. Bizim əsas istəyimiz odur ki,
təhsilin keyfiyyəti artsın. Burada, əlbəttə ki, aparılan
islahatların böyük rolu var. Bu islahatlar aparılır.
Əminəm ki, yaxın gələcəkdə artıq gözəl nəticələr də
olacaqdır. Eyni zamanda, təhsil prosesinin keyfiyyəti
çox önəmlidir. Müəllimlərin hazırlığı burada xüsusi yer
tutur. Əlbəttə ki, uşaqlar da yaxşı oxumalıdırlar.
Uşaqlar başa düşməlidirlər ki, onların gələcəyi
özlərinin əlindədir.
Bu gün bizim gözəl ölkəmizdə - sürətlə inkişaf edən
ölkədə hər bir vətəndaş üçün bütün imkanlar var. Çünki
ölkəmizin dinamik inkişafı, yeni iş yerlərinin, yeni
istehsalat sahələrinin açılması əlbəttə ki, hər kəs üçün
imkan yaradır. O insanlar ki, böyük biliklərə
malikdirlər, onlar həyatda öz layiqli yerini tuta
bilərlər. Ona görə yaxşı oxumaq həm ölkənin gələcəyinə
verilən töhfədir, eyni zamanda, hər bir insan üçün
önəmlidir. Yaxşı bilikli insan həyatda yaxşı iş də tapa,
yaxşı dolanışıq da qura bilər, həm də öz ölkəsinə,
xalqına daha da böyük xidmət göstərmiş olar.
Ona görə uşaqlar da bunu dərk etməli və bilməlidirlər
ki, onların gələcəyi özlərinin əlindədir. Müəllimlər isə
əlbəttə ki, uşaqlara yaxşı tərbiyə verməlidirlər.
Uşaqlar, eyni zamanda, vətənpərvərlik ruhunda tərbiyə
almalıdırlar. Bizim gənclərimiz müstəqillik illərində
formalaşır. Müstəqilliyin üstünlüklərini hər bir insan
görür. Ancaq müstəqil olan zaman Azərbaycan xalqı,
dövlətimiz sürətlə inkişaf edir. Müstəqillik bizim ən
böyük xoşbəxtliyimizdir, ən böyük sərvətimizdir.
Əlbəttə ki, ölkəmizin uğurlu gələcəyi cəmiyyətin
intellektual potensialından asılıdır. Çünki inkişaf
etmiş ölkələrin təcrübəsinə nəzər saldıqda görürük ki,
məhz o ölkələrdə ki təhsilə, elmə, texniki tərəqqiyə
diqqət verilir, o ölkələr inkişaf edir.
Bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycanın
zəngin təbii resursları, artıq şaxələndirilmiş
iqtisadiyyatı, düşünülmüş dövlət siyasəti var. Dövlət
siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Sosial sahəyə çox böyük diqqət göstərilir.
Əlbəttə, Azərbaycanda elmə, təhsilə göstərilən diqqət
mütləq öz nəticəsini verəcək. Bizdə savadlılıq yüksək
səviyyədədir, savadsız insan yoxdur. Bu, böyük
üstünlüyümüzdür. Ancaq bu gün yeni texnologiyalar tətbiq
olunur. Uşaqlar da bunu bilməlidirlər. Elmin, təhsilin
inkişafı ölkəmizin dayanıqlı inkişafını təmin edəcək.
Bizim güclü iqtisadiyyatımız, güclü siyasi iradəmiz və
bu gün dövlətimizin inkişafında öz rolunu oynayan gözəl
gənclərimiz var. Bizim gənclərimiz, dediyim kimi,
vətənpərvər olmalıdırlar və milli ruhda tərbiyə
almalıdırlar.
Bu gün dünyada qloballaşma prosesi gedir. Bunun həm
mənfi, həm müsbət tərəfi vardır. Mən çox istəyirəm ki,
uşaqlarımız məhz milli ruhda böyüsünlər, Vətənə, xalqa
bağlı olsunlar. Öz milli ənənələrinə sadiq və dəyərli
vətəndaş olsunlar. Əlbəttə ki, buna nail olmaq üçün
ailələrdə və məktəblərdə tərbiyə düzgün aparılmalıdır.
Belə gözəl məktəbin özü artıq bir tərbiyə üsuludur.
Çünki burada oxuyan uşaq bu gözəlliyi, təmizliyi
görəcək, uşaqlıq yaşlarından buna öyrəşəcək və gələcəkdə
də öz həyatında bu prinsipləri rəhbər tutacaq.
Bir daha demək istəyirəm ki, son on il ərzində 2900
məktəbin tikintisi, təmiri tarixi hadisədir. Bu
məktəblərin əksəriyyəti 1930-cu, 1940-cı, 1950-ci,
1970-ci illərdə tikilib. Onların bir çoxu artıq bərbad,
qəzalı vəziyyətdə idi. Əfsuslar olsun ki, hələ də
bölgələrimizdə qəzalı vəziyyətdə məktəblər var. Amma
onların sayı kəskin şəkildə aşağı düşür. Dövlətin
gördüyü işlər, regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramında, o cümlədən Bakı və onun
qəsəbələrinin inkişafına dair Dövlət Proqramında bütün
məktəblərin təmiri, tikintisi nəzərdə tutulur. Proqrama
görə 2016-cı ilə qədər Bakıda məktəblərin təmiri başa
çatmalıdır. Amma hesab edirəm ki, artıq gələn il Bakıda
bir dənə də olsun təmirsiz məktəb qalmayacaqdır.
Sizi bu məktəbin tikilməsi, açılışı və yeni dərs ilinin
başlanması münasibətilə bir daha təbrik edirəm, sizə
uğurlar arzulayıram.
Sağ olun.
***
Şağan qəsəbəsinin inkişafına göstərdiyi diqqət və
qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edən Xəzər
Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül SƏLİMOV
dedi:
- Möhtərəm cənab Prezidentimiz!
Hörmətli Mehriban xanım!
Sizi bütün rayonumuzun sakinləri və məxsusən də
kəndimizin sakinləri adından salamlayır və Sizə dərin
minnətdarlığımı bildirirəm.
Cənab Prezident, Sizin indi işlətdiyiniz söz artıq
məktəbin girəcəyində sitat kimi yazılıb. Belə yazılıb:
"Mən istəyirəm ki, insanlarımız yaxşı yaşasın. Mən
istəyirəm ki, şagirdlərimiz yaxşı məktəbdə oxusun. Mən
istəyirəm ki, müəllimlərimiz yaxşı məktəbdə dərs desin".
Hörmətli Prezidentimiz, mən bir elm adamı, təhsillə
məşğul olan bir adam kimi hiss edirəm ki, ölkəmizin
prioritet istiqaməti təhsilin inkişafına yönəlib. Bax,
bu möhtəşəm bina bunun əyani təsdiqidir. Bir neçə gün
bundan qabaq, cənab Prezident, buraya xarici ölkələrdən
bir neçə turist gəlmişdi. Bakının hər yerindən, ətraf
qəsəbələrindən buraya gəlirlər, bu məktəbə baxırlar.
Turistlərin buraya gəlməsi bizi müəyyən mənada
təəccübləndirdi və həm də sevindirdi. Sual verdilər
bizə, bu məktəb sizindir? Bəli, sözün əsl mənasında,
belə möhtəşəmlik, bayaq Siz də qeyd etdiniz ki, xaricdə
də az-az olur. Ona görə, cənab Prezident, Şağan
qəsəbəsinin, rayonumuzun bütün sakinləri adından Sizə
bir daha "Çox sağ olun!" deyirik. Mehriban xanım, Sizə "Çox
sağ olun!" deyirik.
Prezident İlham ƏLİYEV: Sağ olun. Şağan
qəsəbəsində vaxtilə Olimpiya Kompleksi tikilmişdi. İndi
məktəb tikilib.
İndi həm qəsəbə sakinləri, rayon sakinləri, həm xarici
qonaqlar da gəlib görürlər ki, Bakının qəsəbəsində belə
möhtəşəm məktəb tikilib. Həm Bakının mərkəzində, həm
qəsəbələrdə, eyni zamanda, ölkəmizin digər şəhər və
rayonlarında da belə məktəblər tikilir. Ona görə, heç
bir fərq qoyulmur ki, böyük şəhərdə gözəl məktəb
tikilməlidir, qəsəbədə, yaxud da ki, kənddə başqa cür.
Yox! Hər yerdə şərait belə olmalıdır. Bundan yüksək
səviyyə ola bilməz və yoxdur. İndi bəlkə də heç bir
başqa ölkədə belə təşəbbüslər irəli sürülmür. Ancaq
bizim bu gənc uşaqlarımız belə gözəl məktəbdə
oxumalıdırlar, müəllimlər də yaxşı şəraitdə
işləməlidirlər və yaxşı nəticə olmalıdır.
Xəzər rayonunun da inkişafı gedir. Mehriban xanım da
artıq neçə ildir ki, rayonun deputatı kimi fəal işləyir.
Təvəkkül SƏLİMOV:
Çox sağ olsun.
SAKİNLƏR:
Sağ olun, çox sağ olun.
***
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc |