Özbəkistanın paytaxtı Daşkənddə böyüklər arasında güləş
üzrə dünya çempionatında güləşçilərimiz uğurlu çıxış
ediblər. Azərbaycan Güləş Federasiyasından verilən
xəbərə görə, çempionatın ikinci günündə 61, 65, 74 və 97
kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizə
aparıblar. Sərbəst güləşçilərimiz dünya çempionatını 1
qızıl və 1 gümüş medalla başa vurublar.
61 kiloqram çəki dərəcəsində Avropa çempionu Hacı Əliyev
mübarizəyə 1/16 finaldan qoşulub. Ukraynadan Vasil
Şuptar, Polşadan Kristof Bienkovski və Moldovadan Andrey
Perpelita üzərində inamlı qələbələr qazanan güləşçimiz
yarımfinala yüksəlib. Yarımfinalda güclü Kuba güləşçisi
ilə gərgin keçən görüşü də öz xeyrinə başa vuran Hacı
Əliyev dünya çempionatının finalına vəsiqə qazanıb.
Həlledici görüşdə İran güləşçisi Məsud Mahmud
Esmailpurjuybariyə heç bir şans verməyən güləşçimiz
dünya çempionu olaraq ölkəmizi layiqli təmsil edib.
Digər təmsilçimiz 97 kiloqram çəki dərəcəsində olimpiya
oyunlarının ikiqat bürünc mükafatçısı, dünya və üçqat
Avropa çempionu Xetaq Qazyumov inamla güləşib və finala
yüksəlib. O, finala qədər Moldovadan Nikolay Ceban,
Gürcüstandan Elizbar Odikadze, Monqolustandan Xuderbulqa
Dorjxandı, yarımfinalda isə London olimpiadasının gümüş
mükafatçısı Ukrayna güləşçisi Valeriy Andreetsevi
mübarizədən kənarlaşdırıb. İkiqat dünya çempionu olmaq
üçün güləşçimiz Rusiya təmsilçisi Abdulsalam Qadisovla
final görüşünə çıxıb. Gərgin keçən görüş Rusiya
təmsilçisinin xeyrinə başa çatıb. Azərbaycan güləşçisi
gümüş medal qazanıb. |