Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2014 - №35

 
Tarixi-mədəniyyət abidələrimiz

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu

 

Böyütmək üçün şəkili seçinHeç kəsə sirr deyil ki, hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, milli ruhundan, yüksək bilik və bacarığından, intellektual səviyyəsindən, və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deməyi bacarıb. Qürurverici haldır ki, bu gün fəxrlə "Mən Azərbaycanlıyam" deyən yeniyetmə və gənclərimiz tarixi keçmişimizə böyük maraq göstərirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiya da məhz müxtəlif şəhər və rayonlarda yaşayan gənclərimizin  ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrimizin öyrənilməsində, müstəqillik illərində əldə olunmuş nailiyyətlərlə bağlı ətraflı məlumatlanmasında müstəsna əhəmiyyətə malikdir.  Onu da qeyd edək ki, ölkəmiz qədim tarixi-mədəniyyət abidələri ilə zəngindir. Nahaqdan söyləmirlər ki, kitablar tarixin yazılı yaddaşıdırsa, abidələr tariximizin daş yaddaşıdır. Ölkəmizdə dövlət səviyyəsində tarixi-mədəniyyət abidələrinin qorunması, onlara xüsusi diqqət və qayğı ilə yanaşılması, bütün dünyada tanıdılması istiqamətində həyata keçirilən tədbirlər azərbaycanlı olaraq hər birimiz üçün xüsusi önəm kəsb edir.   Qazetimizin bu nömrəsindən başlayaraq paytaxtımızda, eləcə də respublikamızın müxtəlif bölgələrində olan tarixi-mədəniyyət abidələrimiz, muzeylərimizlə bağlı hazırladığımız məlumatları  oxucularımızın diqqətinə çatdıracağıq. Məqsədimiz böyüməkdə olan gənc nəslə ölkəmizin tarixi-mədəniyyət abidələrinin bir daha yaxından tanıdılmasına dəstək verməkdir. Silsilə  xarakteri daşıyacaq ilk material "İçərişəhər" haqqındadır.   

Böyütmək üçün şəkili seçinBakının ən qədim, vaxtilə bütövlükdə qala divarları ilə  əhatə olunmuş hissəsi İçərişəhərdir. Orada bu günə qədər qorunub saxlanılmış müdafiə, dini ibadət, ictimai və məişət xarakterli bir sıra tikililərin və qurğuların mühəndis-memarlıq həllinin kamilliyi xalqımızın mədəniyyət tarixində mühüm yer tutan memarlıq məktəblərinin yüksək peşəkarlıq səviyyəsindən xəbər verir.

Qala divarları ilə əhatə olunduğuna görə xalq arasında Qala da adlanır. Bu qədim yaşayış məskəni Azərbaycan xalqının dəyərli mədəni irsidir. Hazırda həm yaşayış məhəlləsi, həm də tarixi memarlıq kompleksidir.

İçərişəhər Xəzər dənizi sahilində orta yüksəklikli təpəliklərdə yerləşir. Yaşayış məskəni hündürlüyü 8-10 metr, eni 3,5 metr olan qala divarları ilə əhatə olunub. Sahəsi 22 hektar olan ərazidə yerləşir.

İçərişəhər Orta Şərqin qədim məskənlərindən biridir. Qazıntılar göstərir ki, insanlar bu ərazidə hələ tunc dövründə məskunlaşmışlar. XIX əsrədək bir neçə minlik məhəllə elə Bakının özü demək idi.  İçərişəhər bütövlükdə bir şəhərsalma mədəniyyəti nümunəsidir. Buradakı çoxsaylı abidələrdən 4-ü, İçərişəhərin özü də daxil olmaqla Qız qalası, "Şirvanşahlar Sarayı" Kompleksi, Məhəmməd məscidi dünya əhəmiyyətlidir.

Böyütmək üçün şəkili seçinTarixi qoruq həm də faktiki yaşayış məskənidir, burada 1300-dən çox ailə yaşayır.

İçərişəhər tarixən ümumi əlamətlərlə birləşən bu məhəllələrdən ibarətdir: Ağşalvarlılar, Gəmiçilər, Arabaçılar, Hamamçılar, Seyidlər, Cuhud Zeynallar (yəhudi məhəlləsi) və s. Şəhərə Şamaxı (XII əsr) və Salyan darvazalarından daxil olmaq olardı. XIX əsrin axırlarında daha bir neçə darvaza tikildi. Müxtəlif vaxtlarda inşaatçılar və arxeoloqlar yeraltı keçidlər aşkar ediblər.

İçərişəhər kompleksi 1977-ci ildə tarix-memarlıq qoruğu statusu alıb, 2000-ci ilin dekabrında İçərişəhər Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə UNESCO-nun Dünya İrs siyahısına salınıb. Bununla İçərişəhərin təkcə Azərbaycanın deyil, bütövlükdə dünya şəhərsalma sənətinin incisi olduğu təsdiqlənmişdir.

İçərişəhər ərazisində fəaliyyət göstərən əsas muzeylər aşağıdakılardır: "Qız Qalası" və "Şirvanşahlar Sarayı" Kompleksi, Arxeologiya və Etnoqrafiya İnstitutunun Muzey-sərgi zalı, Miniatür Kitab Muzeyi, Vaqif Mustafazadənin və Kamil Əliyevin ev-muzeyləri. Bundan başqa, İçərişəhərdə müxtəlif qalereyalar və sərgi zalları, Muğam teatrı fəaliyyət göstərir. 

Böyütmək üçün şəkili seçinAzərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsi 2007-ci il 16 may tarixdə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilib və idarə həmin vaxtdan fəaliyyətə başlayıb. İdarənin yaradılmasının əsas məqsədi İçərişəhər ərazisindəki abidələrin və bütövlükdə memarlıq- şəhərsalma kompleksinin lazımi səviyyədə qorunub saxlanması və gələcək nəsillərə çatdırılması üçün özündə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının funksiya və səlahiyyətlərini birləşdirən unikal idarəetmə sisteminin təşkil olunmasıdır.

Onu da qeyd edək ki, İçərişəhər və onun müdafiə istehkam qalaları hərbi vətənpərvərlik simvolu olaraq gənc nəslin milli qürur hissləri ilə tərbiyə olunmasında bariz bir örnəkdir.

Ulu öndər Heydər Əliyevin qeyd etdiyi  kimi, "Öz adlarını İçərişəhərin daş kitabələri üzərində həkk etmiş qədim Azərbaycan memarları və sənətkarlarının zəkası və zəhməti ilə açıq səma altında yaradılmış bu "muzey-şəhər" hər bir azərbaycanlının qəlbində sonsuz qürur hissi doğurur. İçərişəhər Azərbaycan xalqının milli sərvəti, milli iftixarıdır".  

Hazırladı: Samirə KƏRİMOVA,
Fotolar: Rəsad ZİYADOVUNDUR,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov