2010-cu
ildə açılmış və artıq bir neçə ildir ki, "Məktəbəqədər
təhsil proqramı (kurikulumu)" əsasında fəaliyyət
göstərən ingilis dilli "Mickey’s
House" məktəbəqədər təhsil müəssisəsi yeni dərs ilinə
start verib.
Bu münasibətlə bağçada andiçmə mərasimi keçirilib. Belə
ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may
2014-cü il tarixli əmri ilə təsdiq edilmiş "Müəllimlərin
etik davranış qaydaları" ilə yaxından tanış olan
müəssisənin pedaqoji kollektiv üzvləri "Müəllim andı"
içiblər. Təntənəli şəraitdə, Azərbaycan Respublikasının
Dövlət bayrağı altında, Azərbaycan Respublikasının
Konstitusiyasına əl basmaqla keçirilən andiçmə
mərasimində tərbiyəçi-müəllimlər ölkəmizin
Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan
təhsilinin ənənələrinə sadiq qalacaqlarına, keyfiyyətli
təhsil xidməti göstərəcəklərinə, peşəkar fəaliyyət
zamanı qeyri-etik davranışın hər hansı bir formasına
yol verməyəcəklərinə, həmkarları, təhsilalanlar,
valideynlər və digər şəxslərlə münasibətləri hörmət,
şərəf və ləyaqət əsasında quracaqlarına, müəllim adını
və şərəfini uca tutacaqlarına and içiblər.
Bu tanınmış məktəbəqədər təhsil müəssisəsinin
kollektivi, həmçinin, yeni dərs ilində də ənənəvi
"təhsilalanların hərtərəfli inkişafını təmin etmək",
"sağlam qida rejimi", "gigiyenik, ekoloji təmiz,
beynəlxalq standartlara cavab verən tədris vəsaitləri"
və s. kimi hədəflərə və qaydalara əməl edəcəklərinə söz
veriblər.
Y.ƏLİYEV,
"Azərbaycan müəllimi" |