Müəllimliyi
səadətə aparan bir alın yazısı, məktəbi hamının ümidlə
üz tutduğu müqəddəs ziyarətgah sayanlar daha tez seçilir
və hamının sevimlisinə çevrilir. Rafil müəllim kimi.
Öz ömrünü şam kimi gilə-gilə əridib təlim-tərbiyəsi ilə
məşğul olduğu şagirdlərinin yollarına işıq salan
qayğıkeş, həssas, eyni zamanda zabitəli, təmkinli,
yetişdirdiyi gənclərin öz savadları, həyatdakı
fəaliyyətləri ilə xalqa, millətə, el-obaya gərəkli
övladlar olmasına çalışan müəllimlərdən danışanda göz
önündə məhz Rafil müəllimin nurlu siması canlanır.
Rafil Cəlal oğlu İmanov 1949-cu ildə Goranboy rayonunun
Faxralı kəndində sadə kəndli ailəsində anadan olub. O,
1966-cı ildə Faxralı kənd məktəbində təhsilini başa
vurduqdan sonra Gəncə Dövlət Pedaqoji İnstitutunun
riyaziyyat fakültəsinə daxil olub. 1970-ci ildə
Balakəndə ilk pedaqoji fəaliyyətə başlayan R.İmanov
1977-ci ilədək bu rayonda əvvəl müəllim, sonra isə
direktor müavini vəzifəsində çalışıb. 1978-ci ildən
pedaqoji fəaliyyətini Bakı şəhərinin müvafiq olaraq 116,
48, 287, 245 nömrəli məktəblərində davam etdirib.
1991-1992-ci illərdə "Gələcək zəkalar" liseyini yaradıb.
1992-1993-cü illərdə Xətai Rayon Təhsil Şöbəsinin müdiri
vəzifəsində çalışıb. 2006-cı ildən ömrünün sonunadək 287
nömrəli "Zəkalar" liseyində riyaziyyat müəllimi işləyib.
Rafil müəllim həmişə özünün qabaqcıl pedaqoji təcrübəsi
ilə fərqlənib, gənc müəllimlərə metodik köməyini
əsirgəməyib, müəllim adının şərəfini daim uca tutub,
sözün əsl mənasında ziyalı, savadlı gənclərin
yetişməsində xüsusi xidmətləri olub.
Rafil müəllim haqqında "O, ensiklopedik biliyə malik
bir şəxsiyyət idi" ifadəsini işlətmək çox yerinə düşər.
Hərtərəfli biliyə, geniş dünyagörüşünə malik idi -
kimyaçı ilə kimyaçı, bioloq ilə bioloq, bağban ilə
bağban. Ədəbiyyatı isə lap çox sevirdi. Bu, Rafil
müəllimin daxili dünyasından gələn bir istək idi.
Deyirdi: "Yəni elə insan olar ki, öz dilini, tarixini,
ədəbiyyatını bilməsin? Əgər biz vətənimizi və xalqımızı
seviriksə, doğma dilimizə, bu dildə səslənən ədəbi
nümunələrimizə necə xor baxa bilərik? Bunu əcdadlarımız
bizə bağışlamaz". O qədər şeir, qəzəl bilirdi ki.
Sinədəftər idi. Şair və yazıçıların həyat və
yaradıcılığını yaxşı bilirdi. Sədi, Şəhriyar, Nəsimi
onun dilinin əzbəri idi. Yəqin yeganə oğlunun adını
"Sədi" qoyması da bu sevginin nəticəsi idi. Şagirdlərinə
də şeir əzbərlətməyi sevərdi. Hərdən xoşuna gələn bir
şeirin surətini çıxartdırıb onlara paylayar və
əzbərləməyi tapşırardı.
Müəllimlik onun üçün həyatda ən böyük xoşbəxtlik demək
idi. Rafil İmanovun fəaliyyətinin əsasını yaxşı mənada
rəqabət, pedaqoji əməkdaşlıq, şagirdlərində özünəinam
yaratması təşkil edirdi. "Pis şagird yoxdur, ona düzgün
yol göstərə bilməyən müəllim var" deyirdi. Onun
xakterində geri çəkilmək yox idi. Bunu ətrafındakılara
da aşılayırdı.
O, hər il "Zəka" yarışını keçirərək Azərbaycanın
ayrı-ayrı bölgələrindən istedadlı uşaqları tapıb üzə
çıxarır, onlara riyaziyyatla yanaşı, həm də düşünməyi,
analiz etməyi, həyatda uğur qazanmağın, qalib gəlməyin
yollarını öyrədirdi.
Təsadüfi deyil ki, Rafil İmanovun yetirmələri riyaziyyat
olimpiadalarının rayon, şəhər və respublika turlarında,
eləcə də digər bilik yarışlarında, intellektual
televiziya oyunlarında həmişə fərqləniblər. Onun dərs
dediyi məzunlar ali məktəblərə qəbul imtahanlarında daim
böyük uğur qazanıblar. İndi onun dərs dediyi gənclərin
səsi təkcə Azərbaycanın deyil, eyni zamanda Türkiyə,
Almaniya, İngiltərə, Fransa, Rusiya, Amerika və digər
ölkələrin ən nüfuzlu ali təhsil ocaqlarından gəlir.
Rafil müəllimin 30 nəfər şagirdi Prezident təqaüdünə
layiq görülüb, 150 nəfərə yaxını ali məktəblərə qəbul
imtahanlarında 600-dən yuxarı bal toplayıb. Bu tədris
ilində 3 nəfər qızıl medal alan və 2 nəfər 700 bal
toplayan məzun da məhz onun zəkasının nurundan
bəhrələnib.
Rafil müəllim şagirdlərinin hər uğuruna uşaq kimi
sevinirdi. Onları daha böyük nailiyyətlərə
ruhlandırırdı. Çox təvazökar, böyük ürək sahibi idi. Heç
vaxt deməzdi ki, mənim əməyimin nəticəsidir, deyərdi ki,
şagird özü qabiliyyətlidir.
Metodist və ali kateqoriyalı müəllim olan R.İmanov
1992-2001-ci illərdə TQDK-da ekspert kimi çalışıb. O,
20-dən artıq elmi-metodik məqalənin müəllifidir.
Dəfələrlə "Çevrə" jurnalında və "Azərbaycan müəllimi"
qəzetində məqalələri çap olunub. 2008-ci ildə şagirdləri
ilə birlikdə əyləncəli "287 - Zəkalar" adlı kitabı,
2010-cu ildə "Həndəsənin inciləri" və "Sahələr metodu"
kitabçalarını hazırlayaraq çap etdirib. R.İmanov
riyaziyyat dərsliklərinin hazırlanmasında da yaxından
iştirak edib.
Sözün əsl mənasında gözəl insan, müəllim və ziyalı olan
Rafil müəllim "Zəkalar" liseyini yaratmaqla vətəni və
xalqı qarşısında ən böyük xidmətini göstərib.
Qeyd etmək lazımdır ki, Rafil İmanovun fədakar əməyi
dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib.
2013-cü ildə o, "Azərbaycan Respublikasının əməkdar
müəllimi" fəxri adına layiq görülüb.
Çox təəssüf ki, xalqının övladlarının savadlanması
yolunda yorulmadan, bütün qüvvəsini səfərbərliyə alaraq
əzmlə çalışan belə bir ziyalı artıq aramızda yoxdur.
Ətrafındakıların yolunu aydınladan bir işıq idi Rafil
müəllim. İnanırıq ki, bu işıq heç vaxt sönməyəcək, Rafil
müəllimin şagirdlərinin qəlbini daim nura boyayacaq.
Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi" |