Sentyabrın
15-də ölkəmizdə bütün təhsil pillələri üzrə tədris
ocaqları yenidən öz qapılarını şagirdlərin, tələbələrin,
müəllimlərin üzünə açacaq, sinif otaqlarında,
auditoriyalarda dərslər başlanacaqdır.
Təhsil Nazirliyindən aldığımız məlumata görə, bu il 138
min uşağın ilk dəfə əlinə çanta alıb birinci siniflərə
qədəm qoyacağı gözlənilir, 271 adda 7,8 milyon nüsxə
yeni dərslik çap olunub.
Yeni dərs ilinə hazırlıq işləri çərçivəsində bir sıra
tədbirlər həyata keçirilib, tədris müəssisələrinin
maddi-texniki bazasının gücləndirilməsi istiqamətində
uğurlu addımlar atılıb. Nəticədə Bakı şəhərində və
rayonlarda onlarca yeni məktəb binası tikilib, yüzlərlə
mövcud məktəbdə əsaslı təmir işləri aparılıb.
Bu il ölkənin ümumi təhsil və ilk peşə-ixtisas
məktəblərinə 1692 nəfər müəllim işə qəbul olunub ki, bu
da ötən il işə qəbul olunanlardan 411 nəfər çoxdur. İşə
yeni qəbul olunan müəllimlərdən 1405 nəfərinə
həvəsləndirmə tədbirləri tətbiq edilib.
Ölkəmizin çoxminli təhsil işçiləri yeni dərs ilinə ötən
tədris ilində əldə etdikləri bir sıra uğurlarla, təhsil
sistemində aydın, düşünülmüş proqramla həyata keçirilən
islahatları daha qətiyyətlə davam etdirmək əzmi ilə
gəlirlər.
Yeni dərs ilinin başlanması - "Bilik günü" münasibəti
ilə bütün təhsilalanları və təhsilverənləri təbrik
edir, onlara təhsillərində və işlərində uğurlar
arzulayırıq.
Y.ƏLİYEV,
"Azərbaycan müəllimi" |