Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2014 - №35

 
Müəllimlərin etik davranış qaydaları

Pedaqoji prosesdə əxlaqi münasibətlərin qoyuluşu

 

Böyütmək üçün şəkili seçinAzərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli əmri ilə təsdiq edilmiş "Müəllimlərin etik davranış qaydaları"nda deyilir: "Müəllimlərin etik davranış qaydaları təhsilin bütün səviyyələrində peşə fəaliyyəti zamanı təhsilverənlərin ümumi davranışını  və təhsil prosesi iştirakçıları ilə qarşılıqlı münasibətlərini tənzimləyən normalar məcmusundan ibarətdir".

Müəllimlərin etik davranış qaydalarına mükəmməl yiyələnməsi problemi məktəb və pedaqoji fikir tarixində həmişə aktuallıq kəsb etmiş, nəcib və şərəfli əməyi ilə insanlara mənəvi çıraq tutan bu sənət və peşə mücahidlərinin əməli fəaliyyətinə rövnəq vermişdir.

Həyatın ritmi və zamanın ahəngi dəyişdikcə müəllim əməyinin peşə mədəniyyəti, etik xüsusiyyətləri, mənəvi keyfiyyətləri də yeni məzmun dəyərləri ilə intişar tapır, sosial-mədəni həyatın başlıca etalonu olan əxlaq, davranış münasibətlərini də yeni mündəricədə tənzimləyir.

Müəllim, hər şeydən əvvəl, mənəvi cəhətdən yetkin insan olmalıdır. Bu fikirlə razılaşmayan adam tapılmaz. Belə ki, pedaqoji prosesdə mənəvi münasibətlərin məzmunu cəmiyyətdə hökm sürən əxlaq qaydalarından, həm də onların müəllim şəxsiyyətində öz əksini tapan etik-mədəni davranış normalarından çox asılıdır.

Müəllimin bilik səviyyəsi, erudisiyası nə qədər zəngin və mükəmməl texnologiya ilə əhatələnsə də onun fəaliyyət manerasında ən munis keyfiyyətlər sistemi olan müəllimin sənət, peşə etikası, konkret pedaqoji proses təcrübəsində və ondan kənar yerlərdə təzahür edən etik davranış ustalığı ilə bağlı cəhətlər də önəmlidir.

Bu yönümdən müəllim statusunu təkmil üsul və vasitələrlə möhkəmləndirməyin imkan və yollarına bələd olmağın ilkin ideya istiqamətləri milli və ümumbəşəri dəyərlərdən nəşət tapan pedaqoji etika ilə bağlıdır. Yəni pedaqoji etika-pedaqoji proses zamanı şagirdlərlə (tələbələrlə) ünsiyyətdə, davranış və rəftarda əxlaq normalarına, pedaqoji mərifət və takta müəllimin (tərbiyəçinin) riayət etməsi, oğlan və qızlara, ətrafdakı digər şəxslərə yanaşma mədəniyyəti başa düşülür. Odur ki, "Müəllimlərin etik davranış qaydaları" bütün zaman kəsiyində pedaqoji proses təcrübəsi üçün stimulverici vəsilə olmuş, müəllimin vicdan, ədalət  barometrinə çevrilmişdir.

Bəs bu gün bu qəbildən olan yeni qaydaları zəruri edən cəhətlər hansı qanunauyğunluqlardan, tələbatlardan irəli gəlmişdir. Aydın məsələdir ki, müəllim şəxsiyyətinə verilən müasir tələblərdən.

Bu gün müəllim həyatda, cəmiyyətdə, ictimai və dövlət statuslu məsələlərdə avanqard mövqe nümayiş etdirən simadır, pedaqoji prosesdə isə müəllim - sistemləşdirilmiş bilikləri, bacarıq və vərdişləri, habelə mənəvi keyfiyyətləri adamlara məqsədyönlü, planlı və mütəşəkkil aşılamaq yolu ilə cəmiyyətin sonrakı inkişafına güclü  təkan verən pedaqoji təhsilli mütəxəssisdir.

Özünə, şagird və tələbələrinə hörmət edən, pedaqoji etika çərçivəsində onlarla davranan, əxlaqi-mənəvi normalara daim sadiq qalan ustad müəllim bu gün ətrafda baş verən sosial-iqtisadi, mənəvi-siyasi hadisələrə də biganə qala bilməz. O, müntəzəm olaraq peşə və sənət ülviyyətindəki gözəlliyi dərk edib, bu adın şərəf və ləyaqətini yüksək, humanist qayələr, mədəni vərdişlərə qovuşmaq səyi ilə birləşdirməyə də qadir olmalıdır. O, ardıcıl olaraq müəllimlərin etik davranışını səciyyələndirən radio və televiziya verilişlərinə imkan daxilində qulaq asmalı, bu səpgidə qəzet və jurnal materialları ilə tanış olmalı, kitablar oxumalı, yeri gəldikcə şagirdlərini (tələbələrini) də tanış etməli, onların yanında üzüağ olmalıdır. Bunsuz müəllimin etik davranış qaydaları səmərəsiz olar, pedaqoji fəaliyyət zamanı onun ustad müəllim keyfiyyətinə xələl gələr.

Odur ki, müəllim peşə fəaliyyətində daha mükəmməl və əzəli olan etik davranış prinsiplərini daim uca tutmaqla, bu yolda müasir və orijinal təsirə malik tələblər sisteminə ciddi məhəl qoymalı, etik dəyərlər paradiqmasının aliliyini, vicdanlılığını, peşəkarlıq və fərdi məsuliyyətini, loyallıq səviyyəsini, mədəni davranış etiketlərini, qərəzsizlik missiyasını, gender bərabərliyini, ictimai etimad münasibətliliyini, konfidensiallıq şüurluluğunu göstərməlidir.

Pedaqoji münasibətlər çərçivəsində müəllimlərin etik davranış qaydalarını təkmilləşdirməyə imkan verən bu ümumi müddəalardan çıxan məntiqi nəticə odur ki, müəllimin etik davranış prinsipləri bunların ana xəttini təşkil edir. Pedaqoji proses mərhələlərinin müvəffəqiyyətlə həyata keçirilməsi həmin prinsiplərdən çox asılıdır. Bütün bunları müasir tələblər səviyyəsində yetərincə reallaşdırmaq üçün müəllimlərin qarşısında bir sıra didaktik tələblər qoyulur. Həmin tələblər aşağıdakılardır:

*Müəllimlərin etik davranış qaydaları ümumxalq və ümumdövlət səviyyəsindən dəyərləndirilməli, onun sosial-mədəni amillərə təsir imkanı nümunəvi hərəkətlərə çıraq tutmalıdır.

*Müəllim həssas və qayğıkeş olmalıdır. Müsbət iradi-mənəvi keyfiyyətlərə, pedaqoji etikaya düzgün əməl olunması insan hisslərinə ədalətli və obyektiv təsir edilməsi nəticəsində formalaşdırılmalıdır.

*Müəllim nəzakətli olmalıdır. Nəzakətlilik  etik davranış mədəniyyətinin  ən zəruri keyfiyyətidir. Nəzakət qaydaları ilə davranış etiketlərini tənzimləməyi bacarmaq hər bir müəllimin el-oba, çalışdığı kollektiv, ictimai münasibətlər məkanında da öz şərəf və ləyaqətlilik səviyyəsini yüksəldir, peşə etikasını həyatının vacib məqsədlərinə çevirir.

*Müəllim prinsipial və obyektiv olmalıdır. Yəni, onun etik səciyyə daşıyan münasibətlər səviyyəsi ağıllı tələb əsasında qurulmalıdır. Öz həmkarları arasında mehriban və səmimi münasibətlərin yaranmasında peşəkarlıq nümunəsi göstərən müəllim söz və əməl birliyində də cəsarətlilik mücəssəməsi göstərməli, bütün fəaliyyət və hərəkətlərinə ictimai davranış normaları baxımından hüquqi qiymət verməyi də bacarmalıdır.

Müəllimlərin etik davranış qaydalarının məna tutumu mürəkkəb və çoxplanlıdır, həmçinin onun bir sıra xüsusiyyətləri vardır.

Bura, hər şeydən əvvəl, uşaqlar, müəllim-cəmiyyət münasibətləri, sonra isə onlara təsir edən bütün qalan münasibətləri, yəni valideynlər - uşaqlar - müəllim, müəllim - pedaqoji kollektiv, müəllim - cəmiyyət və başqaları daxildir. Bunlar çoxcəhətli olub təhsilalanlarda baxış sistemini, siyasi mövqe mədəniyyətini, peşə-sənət professioqramını, zəka və mədəni-intellektual səviyyəliliyini əhatə edən münasibətlərdir. Hamısı da sosial mühit və pedaqoji proses təcrübəsində təzahür edən təlimləndirici, təhsilləndirici və inkişafetdirici missiyanı ehtiva edən etik qaydalara aid olub, təkcə şagirdə (tələbəyə) yox, əksər hallarda müəllimə də təsir edir. Biliklənmə, savad almaq, elmi inkişaf yolu tutmaq müəllim üçün nə qədər vacib stimulverici qüvvədirsə, onun mənəvi dünyası, etik davranışı, əxlaqi fəzilətləri, peşə, sənət etikası da bir o qədər önəmli amildir.

Böyük fizik Albert Eynşteyn insan övladının tarixi təkamül yolunda ictimai əxlaq qaydalarının nə qədər ümidverici bir zəmin olduğunu xatırlayaraq yazırdı:

"Bəşəriyyətin gələcəyi elmi tərəqqinin sabahından bir o qədər asılı deyil, insani əxlaqın və mənəviyyatın sabahkı mənzərəsindən asılıdır".

Müəllimin peşə fəaliyyətində qanunvericiliklə müəyyən olunmuş vəzifələrin dərk edilməsi və bu sahədə hüquqlarının təmin olunması ilə əlaqədar qanunauyğun hallara ciddi əməl etməsi də mühüm etik davranış qaydasıdır. Xüsusən, müəllim şəxsiyyəti problematikasının vacib məziyyətlərini bilmək bu gün çox maraqlı və aktual bir məsələdir. Yəni müəllimlərin etik davranış qaydalarını möhkəmləndirməyin aparıcı istiqamətinə çevrilən ustad müəllimin bu baxımdan şəxsiyyətini səciyyələndirən amillərə biz  bu gün məhz milli pedaqogika təbirincə baxmalı, bu prosesi zənginləşdirməyə imkan verən bəzi keyfiyyətləri milli və ümumbəşəri qaynaqlar əsasında mənimsəməliyik. Bu keyfiyyətlərə aiddir:

*Ustad müəllimin təbliğ etdiyi fikirlərə uyğun hərəkət etməsi. Davranış qaydalarında etik səciyyə daşıyan jest və ədalara dəqiq riayət etməsi, şablon və ehkamçı yanaşmalara öz hərəkətlərində düzgün qiymət verməyi bacarması  və özündə bu kamil fəzil keyfiyyətləri birləşdirməsi.

*Davranış, etik münasibətlərlə bağlı söhbət və müsamirələrdə, görüşlərdə, danışana  diqqətlə qulaq asmaq şakərini özünütəkmilləşdirmə yolu ilə həyatının aparıcı leytmotivinə çevirməsi.

*Müəllimlərin etik davranış qaydaları sırasında onun şəxsiyyətyönümlü kompleks tədbirlər zamanı diqqətcil və xeyirxahlıq mövqeyində dayanması  pedaqoji prosesin düzgün tənzimlənməsinə mənəvi qida verməsi və bu yolda xeyirxahlıq hissinin ağıllı tələblərlə  vəhdətinin təmin olunması qayğısına qalması.

*Ustad müəllimin təmənnasız köməkliyinin onun şəxsiyyətini səciyyələndirməsi, ona əməli işində parlaq nümunə olması və pedaqoji fəaliyyətinin ayrılmaz tərkib hissəsinə çevrilməsi.

Müəllim davranış mədəniyyətində daima haqq və ədalətlilik nümunəsi göstərməli, gördüyü xeyirxah işdən maddi təmənna ummamalı, şagirdin (tələbənin) həyatına mənəvi çıraq tutmaqda, ona güzəştsiz mövqe qazanmağı öyrətməklə yanaşı, yeri gələndə təmənnasız kömək  səyini də ondan əsirgəməməlidir.

Müəllimlərin etik davranış qaydalarını ehtiva edən, onun şəxsiyyəti ilə bağlı maddələr içərisində peşə, ixtisas, vəzifə məsuliyyəti də qabarıq şəkildə öz əksini tapmışdır. Yeni "Qaydalar"da göstərilir ki, "Müəllim bilərəkdən yalan, təhrif olunmuş, yaxud öz şəxsi marağı naminə həmkarının əməyini pisləşdirən və ya yaxşılaşdıran məlumat verilməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət  daşıyır. Müəllim təhsil müəssisəsinin əmlakından səliqəli və səmərəli istifadə edir, onu qoruyur. Müəllim təhsil müəssisəsinə məxsus əmlakdan (sinif otağı, tədris resursları, telefon, kompüter, mebel və s.) şəxsi maraqları üçün istifadə etmir. Müəllim icra və əmək intizamına riayət edir, iş vaxtında kənar işlərlə  məşğul olmur,  üzrsüz səbəbdən işdən yayınmır. Müəllim şəxsi həyatında milli əxlaq, ictimai davranış normalarına riayət edir".

Pedaqoji prosesdə müəllim-şagird (tələbə) münasibətlərinin inkişaf etdirilməsi işinin ağırlığı, məsuliyyəti müəllimin üzərinə düşür. Müəllim, hər şeydən əvvəl, öz davranışına, mədəni rəftar normalarına, sərt, lakin düşünülmüş addımlarına, etik-mənəvi yanaşmalarına ciddi fikir verməli, "yüz ölçüb, bir biçməli", öz hərəkətlərinə düzgün münasibət bəsləməlidir. Əlbəttə, "Qaydalar"la tənzimlənən bu didaktik tələblərdə münasibətlər kredosu konkretləşir. Onun müasir prinsipləri təhsilalanlarla, kollektivlə, rəhbərliklə valideyn və qanuni nümayəndəliklərlə, müəllim və cəmiyyətlə təmasda, vətəndaş cəmiyyəti və vətəndaşlıq tərbiyəsinə münasibətlər yönümündən daha çox təqdir olunur.

Göstərilir ki, "Müəllim vətəndaşlıq borcunu dərk etməli və yerinə yetirməli, cəmiyyət üzvləri ilə münasibətlər qurarkən öz  şəxsiyyətini qorumalı və mənfi təsir altına düşməməlidir".

Müəllimə məhəbbət və həqiqi hörmət ruhu hər bir cəmiyyətə, ailəyə, ictimai qurumlara, sosial-mədəni təsisatlara hakim kəsilməlidir. Həm valideynlər, həm böyüyən nəsil nümayəndələri öz mənəvi və ictimai tərəqqi məfkurələrinin zənginləşməsində, bu  sahədə onlara ağıl, davranış tərbiyəsi yolu ilə qapılar açan hər bir müəllimə bütün ömürləri boyu minnətdarlıq edirlər.

Azərbaycan bu gün dünyada yeganə ölkədir ki, peşəsindən asılı olmayaraq xalq arasında sayılıb seçilən şəxsə müraciət edəndə "Müəllim" sözü dilə gətirilir.

Hətta əsl mütəxəssislərə, pedaqoqlardan bəzilərinə "professor", "akademik" elmi adı ilə müraciət edəndə belə, onların əksəriyyəti müəllim adının nüfuz və ləyaqətini daha çox etibarlı bilib,  onlara məhz bu tərzdə müraciət olunmasını xahiş edirlər.

Respublikamızın rayon və şəhərlərində fəaliyyət göstərən və müxtəlif cəhətdən nümunəvi iş təcrübəsi olan qabaqcıl müəllimlərimiz çoxdur. Müəllim andına sadiq qalaraq bu şərəfli peşəni öz həyatının mənası bilən xalq müəllimləri təkcə pedaqoji  prosesdə deyil, elə xalqın arasında da  başbilən, el ağsaqqalı, nəcib insan kimi tanınırlar.

Azərbaycan xalqı yalnız diplomu olan, valideynin cibinə baxan, şagirdə (tələbəyə) öyrənməyi öyrədə bilməyən, daim şagirdi (tələbəni) günahkar hesab edən, özündə nöqsan görmək istəməyən şəxsi müəllim hesab etmir. Belələri müəllim adına yalnız ləkə gətirən, şagirdlərin və tələbələrin tərbiyəsinə düzəldilməsi çətin olan, zərbə vuran, cəmiyyətin inkişafını ləngidən şəxslər hesab olunur. Öz dövrünün ideoloji konsepsiyalarına sinə gərən, böyük yazıçı, milli poeziyamızın  bayraqdarı ölməz şairimiz Səməd Vurğunla əbədi dostluq meracı quran yazıçı A.Fadeyev vaxtilə yazırdı: "Müəllim! Nə gözəl sözdür!.. Hər bir uşağın oxuduğu bizim ölkəmizdə müəllim birinci adamdır. Uşaqlarımızın gələcəyi, xalqımızın gələcəyi müəllimin əlində, onun qızıl qəlbindədir. Onu küçədə görən kimi, beş-on metr qalmış biz ona hörmət əlaməti olaraq papağımızı çıxarmalıyıq...". Eləcə də şərh etdiyimiz problem baxımından "Müəllimin andı" ifadəsi ilə təsbit olunmuş  yeni davranış "Qaydalar"ında çox düzgün olaraq bəyan edilir ki, "And Azərbaycan Respublikası ilə müəllim arasında açıq hüquqi borc və sədaqət münasibətlərini təsdiq edir... Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir".

Odur ki, istər ailə, məktəb münasibətlərində, istərsə də cəmiyyət-müəllim təmaslarında müəllim andının misilsiz təsir gücündən faydalanmaq ümumxalq və ümumdövlət səciyyəli  bir işdir.

Müəllim birmənalı olaraq sosial-ətraf mühitdə və pedaqoji proses təcrübəsində öz üzərinə düşən etik davranış qaydalarına riayət olunmasının təminatçısı olmalı, öz peşəkar fəaliyyətində həmkarlarının davranışının bu "Qaydalar"a uyğunluğuna nəzarət etməli və onun geniş təhlilini aparmalıdır.

Bunu isə bizdən həyatın özü tələb edir. 

Vidadi BƏŞİROV,
ADU-nun pedaqogika kafedrasının dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov