Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2014 - №35

 

Beynəlxalq təhsil xəbərləri

 

Məktəbli çantası 1,5 kiloqramdan ağır olmamalıdır 

Böyütmək üçün şəkili seçinYeni dərs ili ərəfəsində Portuqaliyada  bütün  diqqət  məktəbə  gedəcək  birinci sinif  şagirdlərinin  məktəb  həyatının yüngülləşdirilməsi  sahəsində  tədqiqatlar aparan  müxtəlif  dövlət və özəl  qurumların araşdırmalarına yönəlib. Portuqaliyanın İstehlakçılar Cəmiyyətinin  son  hesabatı  xeyli  maraqlı məqamları ilə diqqəti cəlb edib.  Hesabata görə, orta statistik məktəblinin çantası  onun  ümumi  çəkisinin 10 faizindən artıq olmamalıdır.  İctimaiyyətin  geniş  diqqətini cəlb  etmiş  bu  hesabat  məktəbli  əşyalarının satıldığı  bütün məkanlarda əhaliyə pulsuz verilir. Hesabatda dərs ilinin  əvvəlindən bazarlara  axışan valideynlər  üçün  bir  sıra  tövsiyələr əksini  tapıb. Məsələn, çanta uşaq  belinin formasına müvafiq olmalı  və 1,5 kiloqramdan ağır olmamalıdır.  Heç kimə sirr deyil ki,  müxtəlif dərsliklərin yerləşdiyi ağır çanta problemi təkcə Portuqaliya deyil,  bütün digər ölkələr üçün də aktualdır.   Valideynlər dəfələrlə məktəbli çantasının  ağır olmasından şikayətləniblər.  Ağır  çanta şagirdlər  üçün, ilk növbədə, dayaq-hərəkət sisteminin  müxtəlif  xəstəlikləri  mənbəyidir.  Son hesabata görə, əgər  məktəblinin (oğlan və ya qız) çəkisi 25 kq-sa, onda onun çantasının çəkisi 2,5 kq-dan artıq olmamalıdır.  Profilaktik vasitə  kimi  valideynlərə  müntəzəm surətdə məktəbli çantasını yoxlamaları, orada faydasız, lazımsız əşyaların olmamasından əmin olmaları tövsiyə olunur.


Çinin cənub-şərqindəki dağlıq əyalətində bir şagirdin oxuduğu məktəb 

Böyütmək üçün şəkili seçinÇinin cənub-şərqində dağlıq əyaləti olan Futszyanda 35 milyona yaxın insan yaşayır.   Əyalətdə 2005-ci ildə tikilmiş üçmərtəbəli məktəb 24 sinifdən ibarətdir.  Lakin siniflərin əksəriyyəti  boşdur.  Xu Yanq isə bu məktəbdə  dərs alan yeganə şagirddir.  Bütün ziddiyyət  həm  də ondadır ki,  məktəb əhalinin sıx məskunlaşdığı əyalətdə yerləşir. Son vaxtlar ölkənin ucqar  vilayətlərində yerləşən məktəblər öz şagirdlərini  itirməkdədir. Məsələ ondadır ki,  əhali yaxşı həyat  və  əlverişli  iş tapmaq məqsədilə  iri şəhərlərə üz tutur.  Bəzi keçmiş məktəblilər isə özləri məktəbi tərk edirlər.  Hazırda məktəbdə  bütün  fənləri  2 müəllim tədris edir.  Bir neçə il əvvəl məktəbdə 100-ə yaxın  şagird oxuyub,  ötən il onların sayı 17-yə qədər azalıb, bu il isə məktəbdə  cəmi bir şagird qalıb.  Müəllim Çenq Çisionqun sözlərinə görə, təhsil müəssisəsində tədris  ölkənin təhsil nazirliyinin təsdiqlədiyi plana  uyğun aparılır.  "Xu yaxşı oxuyur. Biz isə öz növbəmizdə mümkün olan hər şeyi edirik ki, onun üçün maraqlı olsun və o, özünü əsl şagird kimi hiss etsin".


Rusiyada əlavə təhsilə dair dövlət konsepsiyası qəbul olunub 

Böyütmək üçün şəkili seçinRusiya Federasiyasında  əlavə  təhsilə  dair dövlət  konsepsiyası qəbul olunub.  RF Təhsil və Elm Nazirliyinin digər qurumların yaxından iştirakı ilə hazırladığı konsepsiya sənədi 2020-ci ilə qədər 5-18 yaşlı uşaqların 75 faizinin əlavə təhsilə cəlb olunmasını təmin edəcək. "Uçitelskaya qazeta"nın yazdığına görə, bu barədə RF hökumət  başçısı  Dmitri  Medvedev açıqlama verib.  Təhsil və elm naziri Dmitri  Livanovun  sözlərinə görə, konsepsiyanın əsas  hədəfi  hər  bir  uşağın şəxsiyyət  kimi inkişafını,  özünü reallaşdırması imkanlarını,  ailələrin əlavə təhsil sahəsində hüquqlarının təmin olunmasını,  son nəticədə  isə dövlətin innovativ  kreativ potensialının inkişafıdır.  Konsepsiyanın  vəzifələrinə   hər bir uşaq üçün əlavə təhsilin keyfiyyətinin və əlçatan olması, uşaqların maraqlarına, cəmiyyətin və ailənin  tələbatına  uyğun  olaraq  əlavə təhsilin məzmununun yeniləşməsı,  əlavə təhsilin infrastrukturunun (onun investisiya cəlbediciliyinin təmin olunması hesabına) inkişaf  etdirilməsi,  qeyri-dövlət təşkilatlarının əlavə  təhsil  sahəsində xidmət səviyyəsini  genişləndirmək məqsədilə  mövcud  normativ-hüquqi  aktların təkmilləşdirilməsi,  əlavə  təhsilin inkişafının qurumlararası  effektiv idarə  sisteminin formalaşdırılması, nəhayət, ailə və ictimaiyyətin  uşaqlar  üçün əlavə təhsil sisteminin idarə olunmasında  iştirakına  şəraitin yaradılması  daxildir.


Kompüter və planşetlər uşaqları emosiyalardan məhrum edir 

Böyütmək üçün şəkili seçinABŞ-ın Los-Anceles Kaliforniya Universitetinin alimləri  tədqiqatlar gedişində müəyyən ediblər ki, mobil telefon, kompütet, televizor, müxtəlif qadjetlərdən  müntəzəm istifadə  uşaqları digər insanların emosiyalarını duymaq qabiliyyətindən məhrum edir.  Çoxları belə düşünür ki, emosiyaları  duymaq insanın təbii qabiliyyətidir, lakin onu müntəzəm olaraq məşq etdirmək lazımdır. Bir çoxları  hesab edir ki, qadjetlərdən, məsələn, təhsil sahəsində istifadə olunması böyük üstünlükdür.  Lakin hər şey heç də bu qədər sadə deyil. Tədqiqatlarda 51 uşaq iştirak edib. Onlar 2 qrupa bölünüb. Qruplardan birinə planşet və qadjetlərdən istifadə qadağan olunub, ikinci qrupa isə icazə verilib.  Bir neçə gündən sonra isə alimlər test apararaq uşaqların fotoşəkillər və videomateriallara baxaraq onların  emosiyalarını müəyyən etməyə çalışıblar. Qadjetlərdən istifadə etməyən uşaqlar bu işin öhdəsindən daha yaxşı gəliblər. Digər qrupun üzvləri isə yad insanların emosiyalarını duymaqda çətinlik çəkiblər.  

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
xarici mətbuat materialları əsasında

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov