Türkiyənin Orta Doğu Texnik Universitetinin tələbəsi
Nail İbrahimli ilə söhbət
Nail Mirəyyub oğlu İbrahimli 1994-cü ildə Saatlı
şəhərində anadan olub. 2000-2006-cı illərdə Bakının
Binəqədi rayonundakı 102 nömrəli tam orta məktəbdə
oxuyub. 2011-ci ildə Türkiyə Diyanət Vəqfi Bakı
Türk Liseyində təhsilini bitirib. Hazırda
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində
Türkiyənin Orta Doğu Texnik Universitetində kompüter
mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alır.
3-cü kurs tələbəsidir. Nail İbrahimli ilə söhbətimizə
orta məktəb illərindən başladıq.
- Orta məktəb illərində hansı uğurlarınız olub?
- Məktəb illəri mənim üçün bir sıra uğurlarla yadda
qalıb. 2007-ci ildə liseylər arasında keçirilən
bilik yarışmasında mükafata layiq 3-cü yeri tutdum.
Dəfələrlə "Araz" kurslarının və Xəzər Universitetinin
keçirdiyi yarışmalarda ilk üçlükdə təmsil olunmuşam.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi
qəbul imtahanında 675 bal toplamışam. Ümumi təhsili
nailiyyətlərlə başa vurduğuma görə Azərbaycan
Respublikası Təhsil Nazirliyi tərəfindən qızıl medalla
təltif olunmuşam.
- Daha çox hansı fənlərə üstünlük verirdiniz? İxtisas
seçimində kimlərin sizə dəstəyi olub?
- Həmişə dəqiq elmlərə daha böyük marağım olub.
Liseydə oxuduğum ildə təhsil ocağının "Riyaziyyat"
klubunun üzvü olmuşam. İndiyədək riyaziyyat və
fizika elmləri diqqətimi xüsusilə cəlb edib və bu
fənlərdə daha çox uğur qazanmışam.
İxtisas seçimində ailəmin böyük dəstəyi olub.
Sənədlərimi göndərdiyim son ana qədər 2 ixtisas
arasından hansını seçəcəyimi tam qərarlaşdıra
bilməmişdim. Bunlar "Kompüter mühəndisliyi" və
"Riyaziyyat" idi. Nəhayət, ailəmin, müəllimlərin və
digər qohumlarımın məsləhəti ilə "Kompüter
mühəndisliyi" ixtisasını seçdim. Qeyd edim ki,
ixtisasıma görə peşman deyiləm, tam əksinə,
ixtisasıma olan marağım günü-gündən artır.
- Müxtəlif müsabiqələrin və olimpiadaların həyatınızda
rolunu necə qiymətləndirərdiniz?
- Əlbəttə ki, müxtəlif bilik yarışmaları, fənn
olimpiadaları şagirdlərin bilik və marağının
dərinləşməsinə, onların təhsil nailiyyətlərinin
artmasına yol açır. Orta məktəb illərində keçirilən
müsabiqələrdə daha çox 2-ci və 3-cü yerləri
tutmuşam. Bilik yarışmaları mənə hələ çox şeyləri
öyrənməli olduğumu göstərib. Bu müsabiqələr həmişə
mənim üçün stimul və motivasiya qaynağı olub.
- Xaricdə təhsil almağa necə qərar verdiniz?
- Mənim böyük qardaşım da Türkiyədə, Orta Doğu
Texnik Universitetinin neft və qaz mühəndisliyi
ixtisasında təhsil alır. Buna görə də artıq ailəm
də, mən də buna hazır idik. Təhsil səviyyəsi hazırda
oxuduğum universitetdə daha yüksək olduğuna görə
Dövlət Proqramına qatıldım. Seçim prosesində mənim
sənədlərimə baxıb qiymətləndirdilər. Şəffaf seçim
prosesinin şahidi olduğumu tam əminliklə deyə
bilərəm. Qeyd edim ki, "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" gənclərimizin dünyanın nüfuzlu
universitetlərində dərin biliklərə yiyələnməsi və
peşəkar karyera qurmalarında mühüm addımdır.
Xaricdə təhsil üzrə Dövlət Proqramı gənclərin təhsil
almaları üçün bərabər imkanların təmin edilməsində
mühüm rol oynayır və ölkəmizdə insan kapitalının
keyfiyyətinin artırılmasına imkan yaradır.
- Təhsil sistemimizdə gedən prosesləri necə
qiymətləndirərdiniz?
- Hazırda təhsil sistemimizdə çox mütərəqqi
dəyişikliklər gedir. Ötən ilin oktyabrında Prezident
İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nın qəbulu və gələcəyə hesablanmış bu
proqram çərçivəsində görülən işlər olduqca
təqdirəlayiqdir. Təhsil Nazirliyi tərəfindən aparılan
islahatlar, inanırıq ki, öz müsbət təsirini və
bəhrələrini göstərəcək. Unutmaq lazım deyil ki,
bizim Vətənimizdə Yusif Məmmədəliyev və Lev Landau
kimi elm xadimləri böyüyüb. Aparılan islahatlar və
insan kapitalına qoyulan maliyyə vəsaitlərinin
düzgün idarə edilməsi nəticəsində, biz inanırıq ki,
Azərbaycanımızda dünyaca məşhur olan elm
adamlarının sayı artacaq. Bütün bunların başında
təbii ki, sağlam təhsil sistemi durur. Çox istərdik
ki, bizim də təhsil sistemimiz və universitetlərimiz
dünyanın öndə gedən ölkələri səviyyəsində olsun.
- Tələbə həyatınız , asudə vaxtınız necə keçir?
- Universitetimizdə tələbələr üçün hər cür şərait
yaradılıb. Yataqxanalar, yeməkxana, kafelər,
kitabxana, dərs salonları, laboratoriyalar, idman
və əyləncə mərkəzlərinin hamısı yüksək səviyyədə
təşkil olunmuş kampusda cəmləşib. Türkiyənin
təhsil sistemi bir az fərqlidir. İxtisas dərsləri
adətən 1 ara , 1 final imtahanından və çoxsaylı ev
tapşırıqlarından təşkil olunur. Ev tapşırıqlarına çox
önəm verilir. Ev tapşırıqları 2 cür: fərdi və qrup,
adətən kiçik layihələr şəklində olur.
Asudə vaxtlarımda dostlarımla görüşməyi çox sevirəm.
Adətən dostlarımızla həftəsonu toplaşıb futbol
oynamağa gedirik. Texnoloji yeniliklərlə əlaqədar
məqalə oxumağı, musiqi dinləməyi çox xoşlayıram.
- Yaşadığınız şəhər, oxuduğunuz ali məktəb, seçdiyiniz
ixtisas barədə...
- Ankara sakit olmasıyla seçilir. Qardaşımla bərabər
olduğum üçün Ankara mühitinə adaptasiya mənim üçün çətin
olmadı. Ankarada çoxlu sayda azərbaycanlı tələbə
var, bu faktor isə şəhərə və yeni mühitə uyğunlaşmağı
sadələşdirir.
Məlum olduğu kimi, əsası 1954-cü ildə qoyulmuş və
hazırda 25 min tələbənin oxuduğu Orta Doğu Texnik
Universiteti Türkiyənin ən yaxşı ali təhsil
ocaqlarından biridir. Mən universitetin Ankarada
yerləşən kampusunda təhsil alıram. Kompüter
mühəndisliyi ixtisası üzrə bizə dərs deyən
müəllimlərimizin əksəriyyəti dünyanın nüfuzlu
universitetlərində təhsil alıblar. Gözəl araşdırma
laboratoriyalarımız var ki, bu da təhsilin
keyfiyyətini artırır.
- Universitetdə müəllim-tələbə münasibəti necədir?
Hansı maraqlı məqamları qeyd edə bilərdiniz?
- Təhsil aldığım universitetdə müəllim-tələbə
münasibətləri ürəkaçan səviyyədədir. Dərsdənkənar
mövzularda da müəllimlər tələbəyə lazım olan
məsləhəti verirlər. Müəllimlər bəzən öz tələbələri ilə
birlikdə ortaq layihələr üzərində çalışırlar. Mən
hazırda yay təcrübəsi ərzində müəllimim və
assistentin yanında layihənin proqramlaşdırılması
üzərində çalışıram. Müəllimin tələbə ilə birlikdə
çalışması tələbəyə çox şey qazandırır.
Qeyd edim ki, universitetdə yerli və əcnəbi tələbələr
arasında fərq qoyulmur. Müxtəlif şənliklərdə əcnəbi
tələbələr tərəfindən təşkil olunan təqdimatlar yerli
tələbələr və akademik heyət tərəfindən maraqla
qarşılanır. Universitetə yeni gələn və dil
sıxıntısı olan əcnəbilərə dərs ilinin əvvəlində
yerli tələbələr adaptasiya və oriyentasiya
baxımından hərtərəfli dəstək olurlar.
- Universitetdə imtahan sessiyası necə təşkil olunur?
- Semestr dövründə adətən 2 imtahan olur. İmtahanın
keçiriləcəyi yer və vaxt əvvəlcədən təyin olunur.
Suallar klassik tipli olur. Ümumi qiymətlərin
ortalaması çıxarılır və onun əsasında
qiymətləndirmə aparılır. İmtahanlar çox vaxt çətin
olduğuna görə qiymət ortalaması da aşağı olur.
Buna görə də ev tapşırıqlarından yüksək bal
toplayanlar adətən daha yaxşı qiymət ala bilir.
Ev tapşırıqlarının həll olunması çox vaxt alır.
Adətən hər ev tapşırığının yerinə yetirilməsinə
1-2 həftə vaxt ayrılır. Ev tapşırıqları dərsdə
keçirilən mühazirə materialının öyrənilməsi və
mənimsənilməsi məqsədi daşıdığı üçün onların həll
olunması dərsdə qazanılmış bilikləri möhkəmlətməyə
kömək edir.
- Xaricdə təhsilin hansı üstünlüklərini qeyd edə
bilərsiniz?
- Üstünlüklərdən danışanda, ilk növbədə, insanın
təfəkkür üfüqü genişlənir. Yeni mədəniyyətlə və
yeni insanlarla tanış olursan. Müxtəlif ölkələrin
fərqli təhsil sistemi olduğu kimi müəllimlərin
tədris metodikası da fərqlidir. Tədris prosesində
müəllimlərlə daha çox əlaqədə olursan. Komanda
şəklində çalışmağı öyrənirsən. Orta Doğu Texnik
Universiteti hər şeydən əvvəl tələbələrə öyrənməyi
öyrədir. İnsanın daima inkişafda olması vacib
şərtdir. Tələb olunan baza məlumatlarına və
konseptual biliklərə burada yiyələnirik. Amma iş
həyatında bunlar, sadəcə yetərsizdir. Xaricdə
təhsilin əsas xüsusiyyəti tələbəyə çətinlik
qarşısında boyun əyməyib məsələdən çıxış yolunu
axtarmağı öyrətməsidir.
Buna görə də gənclərimizin xaricdə təhsil almaq
səylərini yüksək qiymətləndirirəm. Təbii ki, bu müsbət
qarşılanası haldır. Sürətlə inkişaf edən ölkəmizdə
ixtisaslı kadrlara ehtiyac duyur. İnsanın öz
üzərində daha çox çalışması, ixtisas biliklərinə
dərindən yiyələnməsi vacibdir. Bunlar üçün də
insana əzm və istək lazımdır.
- Azərbaycan diasporası ilə əlaqələriniz. Ölkəmizi,
mədəniyyətimizi təmsil edə bilirsinizmi?
- Şübhəsiz ki, ölkəmizi layiqincə təmsil etmək xaricdə
təhsil alan hər bir azərbaycanlı tələbənin
borcudur. Türkiyədə təhsil alan bir tələbə kimi,
qeyd etməliyəm ki, əlimizdən gəldiyi qədər ölkəmizi və
mədəniyyətimizi təmsil etməyə çalışırıq. Müxtəlif
bayramlarda mətbəximizi və mədəniyyətimizi digər
ölkələrdən olan tələbələrə tanıdırıq. Hər il Xocalı
faciəsinin ildönümündə tariximizə qara hərflərlə
yazılmış soyqırımı barədə həqiqətləri müxtəlif
ölkələrdən olan tələbələrə çatdırmağa çalışırıq.
- Gələcək planlarınız?
- Əsas hədəfim ixtisasıma dərindən yiyələnmək,
Azərbaycanda İKT-nin inkişafına dəstək olmaqdır. Qeyd
edim ki, ixtisasımla bağlı ölkəmizdə çoxlu sayda
yeni iş yerləri açılır və layihələr hazırlanır. Hər
il Azərbaycan Respublikası Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinin dəstəyi ilə "Startup
Azərbaycan" müsabiqəsi keçirilir. Dövlətimiz bu
sahənin inkişafına böyük diqqət və qayğı göstərir.
Bütün bunlar biz gənclər üçün geniş imkanlar və stimul
yaradır.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi" |