"Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə
müəllimlərin yerdəyişməsi və işə qəbulu Qaydaları"na
müvafiq olaraq işləyən müəllimlərin bir rayondan
(şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi ilk dəfə
olaraq Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş
qaydada müsabiqə yolu ilə həyata keçirilib. İş yerini
dəyişmək üçün 1149 nəfər müəllim elektron ərizə verib,
onlardan 771 nəfəri yerdəyişmə üzrə müsabiqəyə
buraxılıb, yekun nəticəyə əsasən 96 nəfər iş yerini
dəyişmək hüququ qazanıb.
Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə
mərkəzləşdirilmiş müsabiqənin təşkili bu prosesin şəffaf
və obyektiv həyata keçirilməsinə, məktəblərdə müəllim
heyətinin optimallaşdırılmasına və tədris ili ərzində
yerdəyişmələrlə bağlı müraciətlərin vahid yanaşma
əsasında tənzimlənməsinə müsbət təsir göstərib.
2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə
və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə
müsabiqə artıq başa çatıb.
Müsabiqəyə 2975 vakant yer çıxarılıb. Müsabiqədə iştirak
etmək üçün 17962 nəfər ərizə verib. İlk dəfə olaraq
müsahibə mərhələsində müəllimlərin kommunikativ
qabiliyyətləri də qiymətləndirilib. Müsabiqənin
nəticələrinə görə 1304 nəfər işə qəbul olunub.
Ötən ildən fərqli olaraq cari ildə işə qəbul üzrə
müsabiqə qısa müddətdə yekunlaşıb, imtahan mərhələsi 1
həftə müddətində, müsahibələr isə 3 gün ərzində
keçirilib. Əvvəlki illərdə bu proses bir aydan çox vaxt
aparırdı.
Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə
müəllimlərin işə qəbulu üzrə müsabiqədən sonra boş qalan
və yeni yaranmış vakant yerlərin təhlili aparılıb, 25-29
avqust 2014-cü il tarixlərində müsabiqədə iştirak edərək
keçid balını toplayan, lakin heç bir yer tutmayan 2894
nəfər elektron müraciət edib. Əlavə yerləşdirmə
nəticəsində 388 nəfər işə qəbul edilib.
Beləliklə, müsabiqənin nəticələrinə əsasən ümumilikdə
1692 nəfər işə qəbul olunub ki, onlardan 1405 nəfərinə
(83%) həvəsləndirmə tədbirləri tətbiq edilib.
Təhlil göstərir ki, ötən illə müqayisədə vakant yerlərin
tutulmasında əhəmiyyətli irəliləyiş olub. Belə ki, ötən
dərs ilində müsabiqə nəticəsində işə qəbul olunanların
sayı 1281 nəfər olmuşdusa, cari ildə həmin göstərici 411
nəfər artaraq 1692 olub.
Onu da qeyd etmək lazımdır ki, ötən illərlə müqayisədə
cari ildə kənd məktəblərində ciddi ehtiyac olan kimya,
fizika, biologiya və coğrafiya fənləri üzrə işə qəbul
olunanların sayında ciddi artım olub. Belə ki, coğrafiya
fənni üzrə 230, fizika fənni üzrə 175, biologiya fənni
üzrə 161, kimya fənni üzrə 89 nəfər işə qəbul olunub.
Nazirlər Kabinetinin 15 avqust 2014-cü il tarixli 279
nömrəli qərarı ilə "Pedaqoji profilli ixtisaslar üzrə
ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və
ümumi təhsil müəssisələrində işə başlamış gənc
mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı
tədbirlərin müəyyən edilməsi haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel
tarixli 67 nömrəli qərarında dəyişikliklərin edilməsi də
daha çox vakant yerin tutulmasına təsir edib.
Müəllimlərin işə qəbulu qaydalarının şəffaflığı və
obyektivliyi təmin etməsinin nəticəsidir ki, cari ildə
keçirilmiş müsabiqədə 18 min nəfərədək müəllimin iştirak
etməsinə baxmayaraq, nəticələrdən apelyasiya verən,
demək olar ki, olmayıb. |