Bakı Slavyan Universitetinin tələbələri Bolqarıstan,
Çexiya, Polşa və Yunanıstanda keçirilmiş yay
məktəblərində fəal iştirak ediblər.
BSU-nun mətbuat xidmətindən bildiriblər ki, 2014-cü ilin
yay məktəbinin iştirakçıları xarici dil biliklərini
təkmilləşdirmək məqsədilə müxtəlif kurslarda staj keçmək
imkanı əldə ediblər. Tələbələrin bir qrupu Bolqarıstan
Respublikasının Təhsil və Elm Nazirliyi və Müqəddəs
Kliment Oxridski adına Sofiya Dövlət Universitetinin
xarici tələbələr və təqaüd alan tələbələr üçün təşkil
etdikləri bolqar dili və mədəniyyəti üzrə yay
seminarında iştirak edib. Proqramın istiqamətlərindən
biri öz ölkəsini təqdim etməkdən ibarət olub. BSU-nun
tələbələri Azərbaycana, onun tarixinə, mədəniyyətinə və
ənənələrinə həsr olunmuş klip təqdim etməklə bu
vəzifənin öhdəsindən uğurla gəliblər.
Olomoutsdakı Palatski Universitetinin yay məktəbində çex
dili üzrə staj keçmək imkanı əldə etmiş çexşünas
tələbələr də fərqləniblər. Yay məktəbində stajkeçmə
zamanı əldə edilmiş vərdişlərin və yaxşı hazırlığın
göstəricisi ən yüksək ballar və beynəlxalq sertifikat
olub. BSU-nun beynəlxalq münasibətlər və regionşünaslıq
fakültəsinin II kurs tələbəsi Faiq Cəfərli dram
dərnəyində fəal iştirak edib. Onun tamaşadakı ifası
maraqla qarşılanıb.
Stajkeçmə müddətində tələbələr fəal tədris prosesinə
cəlb olunub, habelə müxtəlif mədəni tədbirlərdə iştirak
etmək, gəldikləri ölkənin tarixi və mədəni abidələri ilə
tanış olmaq imkanı əldə ediblər. Bütün bunlar, şübhəsiz,
gələcəkdə onların mütəxəssis kimi formalaşmasına müsbət
təsir göstərəcək, gənclərin dünyagörüşünü
genişləndirəcəkdir.
Qeyd etmək lazımdır ki, BSU-nun tələbələrinin xarici
universitetlərin müxtəlif təhsil proqramlarına cəlb
olunması ilə yanaşı Rusiya, Ukrayna, Polşa və Latviya
universitetlərinin tələbələri də Bakı Slavyan
Universitetində beynəlxalq münasibətlər, regionşünaslıq,
alman filologiyası, tərcümə ixtisasları üzrə staj
keçirlər.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |