Sentyabrın 4-də Qubada yerləşən Azərbaycan Dövlət
İqtisad Universitetinin tədris, idman və istirahət
kompleksində Təhsil Nazirliyi, Müasir Təhsil və Tədrisə
Yardım Mərkəzi, "Mədəd Azərbaycan" təşkilatı və
Azərbaycan ABŞ Təhsilli Məzunlar Assosiasiyası
tərəfindən təşkil olunmuş Təhsil üzrə Gənc Liderlər üçün
Yay Məktəbinin açılış mərasimi keçirilib.
Sentyabrın 13-dək davam edəcək Yay Məktəbinin təşkilində
əsas məqsəd təhsil ilə maraqlanan və bu sahədə təhsilini
başa vurmuş məzunların, gənc liderlərin müəyyən edilməsi
ilə Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət
Strategiyasının yerinə yetirilməsinə dəstək göstərmək və
strateji istiqamətlərdən irəli gələn tədbirlər planının
reallaşdırılması üçün gənc kadrlar yetişdirməkdir.
Yay Məktəbi çərçivəsində təlim, təqdimat, müzakirə,
debat və TEDx formatında təhsil siyasəti, təhsildə
strateji planlaşdırma, təhsil layihələrinin idarə
olunması və qiymətləndirilməsi, təhsildə tədqiqatların
rolu, təhsildə idarəetmə, qiymətləndirmə və monitorinq,
məktəb idarəetməsi və liderlik, müəllim hazırlığında
innovativ yanaşmalar və informasiya-kommunikasiya
texnologiyalarının təhsildə tətbiqi kimi mövzular əhatə
olunacaq.
Müsabiqə yolu ilə seçilmiş Yay Məktəbinin iştirakçıları
Azərbaycan Respublikasının və xarici ölkə
universitetlərinin məzunları, Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət Strategiyası ilə tanış
olan, araşdırma aparmaq, onu təqdim etmək və yüksək
səviyyəli ünsiyyət qurmaq bacarıqlarına malik olan
gənclərdən ibarətdir.
Yay Məktəbində bir sıra universitet nümayəndələri, yerli
və beynəlxalq təhsil ekspertləri, ölkənin ictimaiyyət
xadimləri, biznes və media strukturlarının nümayəndələri
və bir çox digər mütəxəssislər təlimçi və spiker
qismində iştirak edir. |