GƏNCƏ.
Şəhər icra hakimiyyətində təhsil işçilərinin sentyabr
konfransı keçirilib. Konfransdan əvvəl tədbir
iştirakçıları şəhərin baş meydanında ulu öndər Heydər
Əliyevin əzəmətli abidəsi önünə gül-çiçək dəstələri
qoyublar.
Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı
Elmar Vəliyev çıxış edərək bütün təhsil işçilərini
qarşıdan gələn "Bilik günü" münasibətilə təbrik edib,
onlara işlərində yeni-yeni nailiyyətlər arzulayıb.
Təhsil nazirinin müavini Ceyhun Bayramov çıxışında ölkə
Prezidenti cənab İlham Əliyevin milli təhsilimizin
inkişafı, Avropaya inteqrasiyası, bu sahənin
maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı
mühüm qərarlar qəbul etməsini, qarşıya qoyulan məqsədin
reallaşdırılması istiqamətində görülən vacib və zəruri
işləri önə çəkib.
Tədbirdə "2013-2014-cü dərs ilinin yekunları və qarşıda
duran vəzifələr" mövzusunda məruzə ilə çıxış edən Gəncə
Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov hazırda
dövlətin təhsil siyasətinin prioritet sahələrindən biri
kimi hər bir vətəndaşın keyfiyyətli və fasiləsiz təhsil
alması imkanının təmin edilməsindən, təhsil sahəsində
həyata keçirilən genişmiqyaslı tədbirlərdən söz açıb.
Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin siyasi
kursunu uğurla davam etdirən ölkə başçısı cənab İlham
Əliyevin diqqət və qayğısı, həmçinin Heydər Əliyev
Fondunun dəstəyi ilə son illər təhsil sahəsində köklü
islahatlar aparılır.
Konfransda qeyd olunub ki, ötən tədris ilində şəhər 31,
25, 12 nömrəli tam orta məktəblərin əsaslı təmirdən
sonra , 16 və 32 nömrəli tam orta məktəblərdə yeni
korpusun, Uşaq Yaradıcılıq Mərkəzinin yeni binasının
açılışı olub. Bu tədris ilində isə 4, 26, 39 və 40
nömrəli tam orta məktəblər şagirdlərin istifadəsinə
veriləcək.
2011-ci ildən indiyədək 49 ümumtəhsil müəssisəsindən 35
məktəbdə əsaslı təmir işləri aparılıb, bunlardan son üç
ildə 24, əvvəlki 8 ildə isə 11 məktəb təmir olunub.
2013-2014-cü dərs ilində XI sinfi bitirən 4 məzun qızıl
medala layiq görülüb.
Ali məktəblərə qəbul olunanların 179 nəfəri 500-dən, 48
nəfəri 600-dən, 14 nəfəri isə 650-dən yuxarı bal
toplayaraq yüksək nəticələr əldə edib.
Tədbirdə müzakirə olunan məsələlərlə bağlı müvafiq qərar
qəbul edilib.
Sonda 650-dən çox bal toplayan məzunlar
mükafatlandırılıb və onlara qiymətli hədiyyələr
verilib.
SUMQAYIT.
Tarix muzeyində Sumqayıt şəhər təhsil işçilərinin
ənənəvi sentyabr konfransı keçirilib. Konfransda
Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdir əvəzi Vaqif
Ələkbərov "2013-2014-cü dərs ilinin yekunları və yeni
dərs ilində qarşıda duran vəzifələr" mövzusunda geniş
məruzə edib.
Bildirib ki, ali məktəbə qəbulun nəticələrinə görə
göstəricimiz respublikada ən yaxşılardandır. Son üç il
ərzində qəbul faizi uyğun olaraq 51,4%, 54,5%, 60,1%,
600-dən yuxarı bal toplayanlar 92, 99, 129 nəfər olub.
Buraxılış imtahanlarının nəticəsinə görə respublika üzrə
ən yüksək olan 3 bölgədən biri Sumqayıtdır. Şəhər üzrə
müvəffəqiyyət göstəricisi IX siniflər üzrə 81%, XI
siniflər üzrə 88,3 faiz olub.
Konfransda 41 nömrəli tam orta məktəbin direktoru Leyla
Əliyeva, 2 nömrəli tam orta məktəbin direktor müavini
İlahə Həsənli, 23 nömrəli tam orta məktəbin direktor
müavini Nərminə Hacıyeva, 11 nömrəli tam orta məktəbin
hərbi rəhbəri Vaqif İbrahimov, valideyn Nəzakət
İmanquliyeva, 16 nömrəli tam orta məktəbin praktik
psixoloqu Samirə Əhmədli və başqaları çıxış edərək
təhsil sahəsində qazanılan uğurlardan danışıb və bu
sahəyə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti
cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Leyla
Abdullayeva ölkə Prezidenti tərəfindən respublikamızda
aparılan geniş quruculuq işlərindən və digər sahələrə
olduğu kimi təhsilimizə də göstərilən dövlət qayğısından
danışıb.
Sonra təhsil nazirinin müavini Firudin Qurbanov çıxış
edərək Sumqayıtın təhsil işçilərini Azərbaycan
Respublikasının təhsil naziri Mikayıl Cabbarovun
adından yeni dərs ilinin başlanması münasibətilə təbrik
edib.
Təhsil islahatlarının uğurlarından danışan nazir müavini
Sumqayıt təhsilində qazanılan nailiyyətləri xüsusi
vurğulayıb və təhsil işçilərinə qarşıda duran vəzifələr
barədə tövsiyələrini verib.
Sonda ali məktəblərə qəbul zamanı 670-dən yuxarı bal
toplamış 20 nəfər tələbəyə, 2 nəfər qızıl medalçıya
qiymətli hədiyyələr təqdim olunub.
GÖYÇAY.
"2013-2014-cü tədris ilində Göyçay rayonunun orta təhsil
müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsinə
xüsusi önəm verilib. Tədris ocaqlarının maddi-texniki
bazasının möhkəmləndirilməsi, təlimdə ən müasir
metodların tətbiqi kimi aktual məsələlərin həlli diqqət
mərkəzində saxlanılıb".
Bu fikirlər Göyçay Rayon Təhsil Şöbəsinin müdiri Asif
Nəbiyevin təhsil işçilərinin ənənəvi konfransındakı
hesabat məruzəsində səsləndirilib. Diqqətə çatdırılıb ki,
ötən tədris ilində orta məktəblərdə 15 min 102 şagirdin
təlim-tərbiyəsi ilə 2264 müəllim məşğul olub. Rayon
məktəbliləri respublika səviyyəli bilik yarışlarında,
fənn olimpiadalarında, idman turnirlərində uğurla çıxış
ediblər. Aparılan təhlillərə görə, rayon üzrə
2013-2014-cü tədris ilində müvəffəqiyyət faizi 99 faiz,
keyfiyyət göstəricisi 50 faiz olub. Hesabat ilində 311
nəfər ali məktəblərə, 89 nəfər orta ixtisas məktəblərinə
qəbul olunub. Abituriyentlərdən 12 nəfəri 600-dən, 50-si
isə 500-dən yuxarı bal toplayıb.
Məlumat verilib ki, bu il Təhsil Nazirliyinin sifarişi
ilə Müskürlü kəndində 180, Qəbələ-Müskürlü kəndində isə
80 yerlik məktəb binaları tikilib. Heydər Əliyev
Fondunun təşəbbüsü ilə şahmat məktəbi əsaslı təmir
edilib. Digər tədris ocaqlarında əsaslı və cari
təmir-bərpa işləri aparılıb.
Təhsil ocaqları bütün lazımi avadanlıq və dərsliklərlə
təmin olunub.
Konfransda müəllim əməyinin qiymətləndirilməsinə də
diqqət yetirilib. Prezident İlham Əliyevin müvafiq
sərəncamı ilə müəllimlərin müxtəlif fəxri adlara, orden
və medallara layiq görülməsi Göyçay rayon təhsil
işçilərinin fəaliyyətinə verilən yüksək qiymət kimi
dəyərləndirilib.
Konfransda rayon icra hakimiyyətinin başçısı Mənsur
Məmmədov və Təhsil Nazirliyinin nümayəndəsi Aydın
Əhmədov çıxış edərək həyata keçirilən təhsil
islahatlarının uğurlu nəticələrindən, pedaqoji
ictimaiyyətin qarşısında duran vəzifələrdən danışıblar.
TƏRTƏR.
Rayon müəllimlərinin 2013-2014-cü dərs ilinin yekunları
və yeni dərs ilində qarşıda duran vəzifələrə həsr
olunmuş ənənəvi sentyabr konfransı keçirilib. Rayonun
təhsil işçiləri əvvəlcə Tərtər şəhərinin mərkəzi
meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət
edərək önünə gül-çiçək dəstələri qoyublar. Sonra təhsil
şöbəsinin qarşısında şagirdlərin əl işlərindən ibarət
sərgiyə baxıblar.
Tədbirdə rayon təhsil şöbəsinin müdiri Aydın Qarayev
"2013-2014-cü dərs ilinin yekunları və qarşıda duran
vəzifələr" mövzusunda məruzə ilə çıxış edib.
Məlumat verilib ki, 2013-2014-cü dərs ilində rayonun
orta ümumtəhsil məktəblərini bitirən məzunlardan 179
nəfəri ali, 46 nəfəri isə orta ixtisas məktəblərinə
qəbul olunub. Gənclərdən 16 nəfəri 500-600 arası, 6
nəfəri isə 600-dən çox bal toplayıb.
Yeni dərs ilinə hazırlıqla əlaqədar görülən işlərdən də
bəhs edilib. Bildirilib ki, rayonun Qazyan və Borsunlu
kənd tam orta məktəbləri əsaslı təmir olunaraq inventar
və avadanlıqla təmin edilib, Rəcəbli kənd ümumi orta
məktəbi üçün yeni korpus tikilib. Şəhər 5 və 6 nömrəli
tam orta məktəblərində təmir işləri yaxın günlərdə başa
çatacaq. Bu təhsil ocaqları sentyabrın 15-də müəllim və
şagirdlərin istifadəsinə veriləcək. Rayonun qalan
məktəblərində cari təmir işləri aparılıb, həyətlərində
səliqə-sahman yaradılıb. Yeni dərs ili ərəfəsində 39 min
486 nüsxə dərslik alınaraq rayonun təhsil müəssisələrinə
paylanılıb.
Konfransda Təhsil Nazirliyinin nümayəndəsi Ənvər
Abbasov müəllimlərin qarşısında duran vəzifələrdən
danışıb.
QAX.
Dövlətimizin başçısının təhsilin gələcək inkişafı ilə
bağlı qarşıya qoyduğu vəzifələri şərəflə yerinə yetirən
Qax təhsil işçiləri üçün 2013-2014-cü tədris ili uğurlu
olub.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər
Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsi
önünə gül-çiçək düzərək xatirəsinə ehtiramlarını
bildiriblər.
Tədbir iştirakçıları daha sonra konfransın keçirildiyi
Qax şəhərindəki 2 nömrəli məktəb-liseyin foyesində
məktəblilərin əl işlərindən ibarət sərgiyə baxıb,
məktəbdə yaradılan diyarşünaslıq muzeyi ilə tanış
olublar.
Rayon təhsil şöbəsinin müdiri Məmməd Xasıyevin hesabat
məruzəsində bildirilib ki, ötən dərs ilində rayonun 54
ümumtəhsil müəssisəsində 6975 nəfər şagird təhsil alıb.
Onların təlim-tərbiyəsi ilə 1309 müəllim məşğul olub.
Cari ildə rayonun tam orta məktəblərini bitirən 448
nəfər məzundan 300 nəfəri ali məktəblərə qəbul
imtahanlarında iştirak edib, onlardan 176 nəfəri tələbə
adını qazanıb. Qəbul imtahanlarında 49 nəfər 500-dən, 19
nəfər isə 600-dən yuxarı nəticə göstərib.
Qeyd olunub ki, ötən dərs ilində rayon məktəbliləri
müxtəlif respublika müsabiqələrində, fənn
olimpiadalarında, idman yarışlarında uğurla iştirak
edərək bir sıra nailiyyətlər qazanıblar.
Hesabat məruzəsində bildirilib ki, yeni dərs ili
ərəfəsində 24 məktəbdə zəruri təmir işləri görülüb.
Şəhər 4 nömrəli tam orta məktəbində dövlət vəsaiti
hesabına əsaslı təmir işləri davam etdirilir. Təhsil
Nazirliyindən alınan 179 adda 25836 ədəd dərslik, zəruri
məktəb sənədləri hazırda bölgü əsasında məktəblərə
çatdırılır.
Təhsil Nazirliyinin nümayəndəsi Sübhi Kazımov
çıxışında təhsil işçilərinə yeni dərs ilində daha
yüksək nailiyyətlər arzulayıb.
Sonda ali məktəblərə builki qəbul imtahanlarında yüksək
nəticələr göstərən tələbələrə fəxri fərmanlar təqdim
olunub.
MASALLI.
Rayon təhsil işçilərinin sentyabr konfransında
2013-2014-cü tədris ilində görülən işlərin yekunu,
2014-2015-ci tədris ilinə hazırlığın vəziyyəti barədə
təhsil şöbəsinin müdiri Astan İbişovun məruzəsi
dinlənilib. Bildirilib ki, rayonda 65 tam orta
ümumtəhsil məktəbində 22548, 30 ümumi orta məktəbdə
3872, 4 ibtidai məktəbdə 73 şagird təhsil alır. 26493
nəfər şagirdin təlim-tərbiyəsi ilə 2735 nəfər müəllim
məşğul olur. Yeni dərs ilində məktəblərin dərsliklərlə
təminatı üçün bütün zəruri tədbirlər görülüb. 105763
ədəd dərslik gətirilib və şagirdlərin istifadəsi üçün
məktəblərə paylanılıb. 2014-cü ildə qəbul imtahanlarının
nəticəsinə görə 546 nəfər sənəd verən məzundan 277
nəfəri tələbə adını qazanıb. Bu il ali məktəblərə
qəbulda rayon üzrə ən yüksək nəticə göstərən Çaxırlı
kənd tam orta məktəbinin məzunu Aygün Dadaşova 678 bal
toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olunub.
Vurğulanıb ki, yeni dərs ilində təhsil işçiləri
öhdələrinə düşən bütün vəzifələri müasir tələblər
səviyyəsində və vaxtında yerinə yetirmək üçün əllərindən
gələni əsirgəməyəcək.
KÜRDƏMİR.
Rayon müəllimlərinin ənənəvi sentyabr konfransı
keçirilib. Konfransda təhsil şöbəsinin müdir əvəzi
Xəqani Qurbanov hesabat məruzəsində rayonda 43 tam orta,
13 ümumi orta, 2 ibtidai məktəb və 4 məktəbdənkənar
müəssisə olmaqla 58 ümumtəhsil məktəbinin fəaliyyət
göstərdiyini diqqətə çatdırıb. Bildirilib ki, ötən
tədris ilində bu məktəblərdə təhsil alan 14355 nəfər
şagirdin təlim-tərbiyəsi ilə 1448 müəllim məşğul olub.
Məktəblərin maddi-texniki təminatı məsələlərindən bəhs
edilərək bildirilib ki, qarşıdakı tədris ili ərəfəsində
rayonun Mürtülü və Xınıslı kəndlərində yeni məktəb
binalarının istifadəyə verilməsi nəzərdə tutulub.
Konfransda Təhsil Nazirliyinin nümayəndəsi Avaz Yusifov
gənc müəllimlərə göstərilən dövlət qayğısından və
onların qarşısında duran vəzifələrdən söz açıb.
Tədbirin sonunda Kürdəmir Rayon İcra Hakimiyyəti
tərəfindən bu il ali məktəblərə yüksək balla qəbul
olan məzunlara və bir qrup təhsil işçisinə pul
mükafatı, fəxri fərman və qiymətli hədiyyələr verilib.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |