"Azad Gənclər" İctimai Birliyinin (İB) həyata keçirdiyi
"Azərbaycan incəsənətinin təbliği və gənclərin bu sahəyə
marağının artırılması" layihəsi davam edir. İB-dən
AzərTAc-a bildiriblər ki, Azərbaycan Respublikasının
Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə
gerçəkləşən layihənin məqsədi regionlarda təsviri
sənətin və heykəltəraşlığın təbliği, gənc nəslin bu
sahəyə marağının artırılması, onlarda vətənpərvərlik
ruhunun gücləndirilməsi, eləcə də gənclərin ölkəmizin
təbliğ olunmasında yaxından iştirakına şərait
yaratmaqdır. Ağdaş, Masallı, Neftçala və Xaçmaz
rayonlarında gerçəkləşən layihədə bu bölgələrin hər
birindən 20 nəfər olmaqla ümumilikdə 80 gənc rəssam və
heykəltəraş iştirak edib.
Layihə çərçivəsində gənc rəssamların və heykəltəraşların
əsərlərinin tanıdılması və satışı məqsədilə
sərgi-yarmarkalar da təşkil olunub. Burada məqsəd
regionlarda belə sərgi-yarmarkaların təşkili ənənəsinin
formalaşdırılmasına töhfə vermək, ölkəmizin təsviri
sənətinin yerli və xarici turistlərə tanıdılmasını və
təbliğini daha da gücləndirməkdir. Sərgilər zamanı
sənətkarlar gənclərin bu sahəyə həvəsinin artırılması
məqsədilə məşğələlər keçiblər. Həmçinin gənc rəssam və
heykəltəraşlar üçün ikigünlük treninq təşkil olunub.
Gənclərə aidiyyəti dövlət və yerli idarəetmə orqanları,
qeyri-hökumət təşkilatları və iş adamları ilə
əməkdaşlığın qurulması imkanları öyrədilib. |