Artıq 3 ildir ki, Parisdəki Azərbaycan Mədəniyyət
Mərkəzində "Azərbaycan evi"nin təşkilatçılığı ilə
həftəsonu məktəbi fəaliyyət göstərir. Yeni dərs ilinin
başlanması münasibətilə keçirilən tədbirdə şagirdlər,
müəllimlər və valideynlərlə yanaşı, Azərbaycanın
Fransadakı səfiri Elçin Əmirbəyov da iştirak edib.
"Azərbaycan evi"nin rəhbəri Mirvari Fətəliyeva
şagirdləri yeni dərs ilinin başlaması münasibətilə
təbrik edərək onlara uğurlar diləyib. Həftəsonu
məktəbinə göstərdiyi dəstəyə görə M.Fətəliyeva Heydər
Əliyev Fonduna və Azərbaycanın Fransadakı səfirliyinə öz
minnətdarlığını bildirib. Deyib ki, Fransada doğulub
böyüyən uşaqlara ana dilinin, milli mədəniyyətimizin,
tariximizin, adət-ənənələrimizin öyrədilməsi təşkilatın
qarşısında duran əsas məsələdir. Azərbaycanın Fransadakı
səfiri Elçin Əmirbəyov da çıxışında layihənin
əhəmiyyətindən danışıb, uşaqlara yeni dərs ilində
uğurlar arzulayaraq onlara səfirlik adından dərsliklər
və tədris ləvazimatları hədiyyə edib.
Parisdə "Azərbaycan evi"nin təşkil etdiyi həftəsonu
məktəbində şagirdlər yaş fərqinə görə iki qrupda təhsil
alırlar. Həftənin şənbə günləri keçilən dərslərdə
müəllimlər uşaqlara əsasən Azərbaycan əlifbasını və
Azərbaycan dilini öyrədirlər.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |