Naxçıvan şəhərində təhsil yarmarkası keçirilib. AzərTAc
xəbər verir ki, şəhərdəki 7 nömrəli tam orta məktəbdə
keçirilən tədbiri Naxçıvan Muxtar Respublikasının təhsil
naziri Piri Nağıyev açaraq dövlətimizin təhsilə
göstərdiyi diqqət və qayğıdan danışıb.
Bildirilib ki, muxtar respublikanın təhsil sahələri üzrə
boş iş yerlərinin uçotu aparılıb və müəyyən edilib ki,
hazırda muxtar respublikada 26 Azərbaycan dili və
ədəbiyyat, 59 xarici dil, 35 riyaziyyat, 23 informatika,
26 tarix, 43 coğrafiya, 31 fizika, 30 kimya, 24
biologiya, 41 ibtidai sinif müəlliminə ehtiyac var. Ona
görə də bu təhsil yarmarkası məktəblərin pedaqoji
kadrlarla təminatı işində mühüm əhəmiyyət kəsb edəcək.
Təhsil müəssisələrinin maddi-texniki bazasının yüksək
səviyyədə qurulduğunu qeyd edən təhsil naziri deyib ki,
muxtar respublikanın ümumtəhsil müəssisələrinə 3409 dəst
kompüter verilib, bu təhsil ocaqlarında 600-ə yaxın ən
müasir elektron lövhə quraşdırılıb. Muxtar respublika
rəhbərinin diqqət və qayğısı ilə artıq ənənəvi olaraq
keçirilən təhsil yarmarkaları Naxçıvanda təhsilin
keyfiyyət və kəmiyyətcə inkişaf etdirilməsinə
əhəmiyyətli dərəcədə köməklik edib.
İşaxtaran vətəndaş Ceyhun Abdullayev təhsil
yarmarkasının keçirilməsinin böyük əhəmiyyət daşıdığını
söyləyib, bu işdə əməyi olanlara minnətdarlığını
bildirib.
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial
müdafiəsi naziri Cavid Səfərov muxtar respublikada
məşğulluq məsələlərinin həlli ilə bağlı həyata keçirilən
tədbirlərdən bəhs edib.
Təhsil yarmarkasında 108 nəfərə işə göndəriş verilib. |