Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2014 - №35

 

"Bilik kuboku" uğrunda breyn-rinq yarışlarına start verilib

 

Böyütmək üçün şəkili seçinSentyabrın 7-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi "Bilik kuboku" uğrunda breynq-rinq yarışlarına start verilib.

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC ilə birlikdə reallaşdırılan və  hər həftənin bazar günü "AzTV" kanalı vasitəsi ilə yayımlanması nəzərdə tutulan bu intellektual oyunlarda ölkəmizin 15 bölgəsini təmsil edən 30 komanda iştirak edir. Bunlar aşağıdakılardır:

"Bakı Dövlət Universiteti", "Azərbaycan Aviasiya Akademiyası", "Qafqaz Universiteti", "Bakı Ali Neft Məktəbi", "Mingəçevir", "Göy-göl", "Gəncə", "Şəmkir",  "Azərbaycan diyarı", "Aypara", "Siyəzən", "Naxçıvan", "Bərdə", "Fortuna" "Orion", "Şabran", "Para Bellum", "Lənkəran", "Allians", "Nur", "Kapital Bank",  "Sumqayıt", "Xızı",  "Norm sement", "Mərdəkan", "Göyçay", "Qəbələ", "Ağdaş", "Beyləqan".

Breyn-rinqin sentyabrın 7-də "Az TV" kanalı ilə yayımlanan ilk oyununda Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov iştirak edib.

Öncə oyunların aparıcısı və baş hakimi DJ Fateh ölkədə geniş populyarlıq qazanmış bu yarışma və onun keçirilmə qaydaları haqqında məlumat verib. Komandaların üzvlərini və tamaşaçıları salamlayan DJ Fateh breyn-rinqin 4-cü mövsümünün  başlandığını və bu gün (sentyabrın 7-də) mövsümün ilk oyununun keçirildiyini bildirib. O, intellektual oyuna verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna, Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təşəkkür edib. Oyunların Dövlət Bayrağı Meydanının  ərazisində yerləşən "Baku Crystal Hall"da keçirildiyini diqqətə çatdıran aparıcı verdikləri dəstəyə və oyunların  yüksək səviyyədə keçməsinə lazımi şərait yaratdığına görə sarayın hər bir əməkdaşına minnətdarlığını bildirib.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyevin və baş sponsor "Nar Mobile" şirkətinin ictimaiyyətlə əlaqələr departamentinin ünsiyyət vasitələri şöbəsinin rəhbəri Nigar Arpadarainin "Bilik kuboku" uğrunda breyn-rinq oyunlarının müstəqil hakimləri olduğu diqqətə çatdırılıb.

Məlumat verilib ki, oyunlar yaxın 4 ay ərzində keçiriləcək və 15-ci oyunda Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsis olunmuş  "Bilik kuboku"nun  sahiblərinin adları bilinəcək. Həmin oyunda 3 ayın - sentyabr, oktyabr və noyabr aylarının çempionları iştirak edəcək. Birinci oyunda isə sentyabrın ilk finalçısı müəyyənləşəcək.

Oyunların  baş hakimi və aparıcısı Fateh intellektual yarışmanın mükafat fondu barədə də bilgi verib. Qeyd olunub ki, "Bilik kuboku"nun sahibləri Təhsil Nazirliyi tərəfindən elektron kitab oxuyucuları ilə mükafatlandırılacaqlar. Hər zaman elmi bilikləri təşviq edən "Nar Mobile" operatoru öz ənənəsinə sadiq qalaraq bu dəfə də breyn-rinq intellektual yarışmasının qaliblərinə həvəsləndirici hədiyyələr təqdim edəcək. Verilişin maliyyə sponsoru "Kapital Bank" isə qalib gələcək komandaya hesabında 3 min AZN olan plastik kart təqdim edəcək.

Aparıcı oyunun qaydalarından da danışıb və bildirib ki, hər oyun iki seçim və iki final görüşündən (televiziya versiyası ilə döyüşündən) ibarətdir. Bütün görüşlər komandalardan biri 5 xal toplayana qədər oynanacaq. İlk oyunda qalib gələn komanda finalda oynamaq şansı qazanacaq və sentyabr ayının finalı uğrunda mübarizə aparacaq.

Sonra 4-cü mövsümün ilk oyunu keçirilib. İlk seçim görüşündə "Bilik kuboku"nun son sahibi "Norm sement" komandası ilə "Fortuna" komandası qarşılaşıb. Qırmızı masa arxasında  əyləşən "Norm sement" komandası yaşıl masada əyləşən rəqiblərinə 5-1 hesabı ilə qalib gəlib.

İkinci seçim görüşü "BDU" ilə  "Aviasiya Akademiyası" komandaları  arasında olub. Gərgin keçən bu mübarizə qırmızı masada yarışan "BDU" komandasının azacıq üstünlüyü ilə (5-4) başa çatıb.

Birinci final döyüşü "Norm sement" və "BDU" komandaları arasında olub və "Norm sement" qalib gəlib: 5-0. Növbəti final görüşü də  bu iki komanda arasında baş tutub və bu dəfə də yaşıl masada yarışan "Norm sement" qalib olub: 5-0. Beləliklə, "Norm sement" sentyabr ayının finalında oynamaq hüququ qazanıb. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov