Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2014 - №35

 

Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı

 

Böyütmək üçün şəkili seçinSentyabrın 11-də "Hilton Baku" otelində Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirildi. Konfransda Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, nazir müavinləri, nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, məktəb direktorları, qabaqcıl müəllimlər və media nümayəndələri iştirak edirdilər.

Konfrans başlanmazdan öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı üzərinə tər çiçək dəstələri düzdülər, ulu öndərin xatirəsini ehtiramla yad etdilər.

Konfrans Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə işə başladı. Sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyev idarənin 2013-2014-cü tədris ili üçün hesabatını təqdim etdi. Konfrans iştirakçılarını salamlayan E.Əliyev bildirdi ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyində 319 ümumtəhsil müəssisəsi olmaqla 27855 pedaqoqu və 321471 şagirdi özündə birləşdirən bir strukturdur. Hesabat dövrü ərzində  ölkəmizin təhsil həyatında çox mühüm bir hadisə baş vermişdir. 24 oktyabr 2013-cü il tarixdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" qəbul olunmuşdur.

Böyütmək üçün şəkili seçinDövlət Strategiyasında təhsilin yeni məzmununun yaradılması, yüksək nüfuzlu təhsilverənlərin, təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması, müasir tələblərə cavab verən təhsilin infrastrukturunun, dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması kimi beş əsas strateji istiqamətdə islahatların aparılmasının nəzərdə tutulduğunu diqqətə çatdıran məruzəçi həmin istiqamətlər üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən görülmüş işlər haqqında konfrans iştirakçılarına məlumat verdi. Qeyd olundu ki, təhsilin məzmunu ilə bağlı şagirdlərin biliklərinin qiymətləndirilməsi, onların stimullaşdırılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirilib. Belə ki, ötən tədris ilində Bakı şəhəri üzrə məktəblilərin fənn olimpiadasında 6472 nəfər şagird iştirak etmiş, onlardan ən yüksək nəticələr  göstərmiş 54 nəfəri respublika turuna vəsiqə qazanmışdır. 19 şagird olimpiadanın finalında mükafata layiq yerlər tutmuşdur. Ötənilki təcrübədən çıxış edərək bu il olimpiadaya hazırlıq mərkəzinin yaradılması nəzərdə tutulub.

Diqqətə çatdırıldı ki, ötən tədris ilində Bakı məktəblərinin 28 məzunu qızıl, 1 nəfəri isə gümüş medala layiq görülüb. Şagirdlərin təlimə marağının artırılması üçün müxtəlif stimullaşdırıcı mexanizmlər hazırlanaraq həyata keçirilib.

Azərbaycan tarixinin daha dərindən öyrənilməsi, şagirdlərdə vətənpərvərlik hissinin gücləndirilməsi məqsədi ilə Tarix Muzeyi ilə əməkdaşlığa başlanıb. 3600 şagirdin Qala və "İçərişəhər" qoruğuna ekskursiyaları təşkil edilib.

Şagirdlərin dünyagörüşünün artırılması məqsədi ilə oktyabr ayından başlayaraq onların Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan müxtəlif teatrlara gedişini təmin etmək üçün hazırda həmin nazirliklə danışıqlar aparılır.

Əlaçı şagirdlərin stimullaşdırılması məqsədi ilə ötən tədris ilində dövlət-biznes əməkdaşlığı çərçivəsində "Park Sinema" tərəfindən əlaçı şagirdlərə pulsuz biletlərin verilməsi proqramına başlanılıb. Bakı şəhərinin 5 rayonu üzrə 15 mindən artıq əlaçı şagird bu layihədə iştirak edib. Növbəti tədris ilində bu layihə davam etdiriləcək.

Ötən tədris ilində şagirdlərlə bağlı görülən tədbirlərdən biri də ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi məqsədi ilə onların Heydər Əliyev mərkəzlərinə seminarlara cəlb olunmasıdır.

E.Əliyev şagirdlərlə, onların istedadının, qabiliyyətinin aşkara çıxarılması, məktəblilərdə vətənpərvərlik ruhunun yüksəldilməsi ilə bağlı məktəblərdə, məktəbdənkənar təhsil müəssisələrində aparılan işlərdən də danışdı və yeni dərs ilində onların davam etdiriləcəyini vurğuladı.

Dövlət Strategiyasının ikinci istiqaməti olan yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılması yönündə görülən işləri diqqətə çatdıran E.Əliyev bildirdi ki, ötən hesabat dövrü ərzində Azərbaycanın təhsil tarixində ilk dəfə Bakı şəhərində fəaliyyət göstərən bütün pedaqoji heyətin sınaq qiymətləndirilməsi həyata keçirilib. Müəllimlərin 96 faizinin iştirak etdiyi sınaq qiymətləndirmənin nəticələrindən danışan məruzəçi bildirdi ki, sınaq imtahanı verənlərin 14,4 faizi zəif, 84,6 faizi isə qənaətbəxş nəticə göstərib. Müəllimlərdən 18,2 faizinin nəticələri yüksək olub.

Sınaq qiymətləndirməsindən keçməyən müəllimlərin sentyabrdan analoji tədbirə cəlb olunacağını söyləyən E.Əliyev kadr potensialının gücləndirilməsi üçün görülən və görülməsi nəzərdə tutulan digər işlərdən də danışdı.

Tədbirdə yeni metodların düzgün tətbiq olunması məsələsinə toxunan məruzəçi bu məqsədlə 5 məktəbdə "Sağlam təhsil - sağlam millət" layihəsinin pilot olaraq reallaşdırıldığını, növbəti dərs ilində 100-ə yaxın məktəbin bu layihədə iştirak edəcəyini diqqətə çatdırdı.

E.Əliyev Dövlət Strategiyasının üçüncü istiqaməti olan idarəetmə sahəsində görülmüş işlərə də təqdimatında yer ayırdı və Təhsil Nazirliyi tərəfindən ötən dərs ilində direktorlar və direktor olmaq istəyən müəllimlər üçün müsabiqə yolu ilə 4 aylıq kursların keçirildiyini, həmin kursları uğurla başa vuran 14 nəfərin artıq Bakı məktəblərinə direktor və direktor müavini vəzifələrinə təyin olunduğunu söylədi. Qeyd etdi ki, mövcud problemlərin həllində şəffaflığın təmin edilməsi məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində təcrübəli pedaqoqlardan ibarət "Ağsaqqallar Şurası"nın yaradılması nəzərdə tutulur, "Məktəb rəhbərləri üçün təlimat" kitabı hazırlanıb, məktəblərdə qəyyumlar şurasının yaradılmasına hazırlıq işləri görülür.

E.Əliyev ötən dərs ilində eyni zamanda Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində şəffaflığın təmin edilməsi, korrupsiyaya, neqativ hallara qarşı mübarizə istiqamətində də bir sıra işlər görüldüyünü, müvafiq şöbə tərəfindən aparılan araşdırmalar nəticəsində qanun pozuntularına yol vermiş 6 məktəb direktorunun, 3 direktor müavinin tutduğu vəzifədən azad edildiyini, digər intizam tədbirləri görüldüyünü, bu sahədə tədbirlərin yeni dərs ilində də davam etdiriləcəyini söylədi.

Dövlət Strategiyasının 4-cü istiqaməti olan təhsilin infrastrukturunun yaradılması sahəsində görülmüş işlərdən danışan E.Əliyev bildirdi ki, 65 məktəbdə cari, 27 məktəbdə isə əsaslı təmir işləri  aparılmış, məktəblərin elektron avadanlıqlarla təmin olunması istiqamətində zəruri addımlar atılmışdır. Məruzəçi yeni dərs ilindən başlayaraq 72 məktəbdə məktəbə hazırlıq  siniflərinin fəaliyyət göstərəcəyini diqqətə çatdırdı və təhsil strategiyasının 5-ci əsas istiqaməti olan yeni maliyyələşmə mexanizmlərinin yaradılması ilə bağlı, habelə beynəlxalq əməkdaşlıq sahəsində görülmüş işlər barədə konfrans iştirakçılarına məlumat verdi. Hesabat məruzəsində yeni dərs ilində qarşıda duran vəzifələr barədə də ətraflı söz açıldı.

Tədbirdə Texniki Humanitar Liseyin direktoru Səidə Zeynalova "Təhsil strategiyası və təlimlər", Bakı şəhəri 182 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aygün Kərimova "Müəllimlərin işə qəbulu müsabiqəsi və sınaq qiymətləndirilmə", Bakı şəhəri 193 nömrəli tam orta məktəbin direktoru Rəhim Hüseynov "Təhsildə kurikulumun tətbiqi" mövzularında çıxış etdilər.

Konfransda yekun çıxışı edən təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsindəki nailiyyətlərdən və mövcud problemlərin həlli istiqamətində qarşıda duran vəzifələrdən danışdı. Nazir Mikayıl Cabbarov öncə konfrans iştirakçılarını salamlayıb, onları görməsindən məmnun olduğunu bildirdi və yeni dərs ilinin başlanması münasibəti ilə təhsil işçilərini təbrik etdi. Bildirdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda uğurla davam etdirilən siyasi və iqtisadi kurs nəticəsində dövlətimiz hər il yeni-yeni uğurlara imza atır, beynəlxalq aləmdə etibarlı tərəfdaş, regionda lider ölkə kimi tanınır. Ölkəmizdəki ictimai-siyasi sabitlik və dinamik yüksəliş təhsil sektorunun  inkişafına əlverişli şərait yaratmışdır.

Son illər təhsil sistemində bir sıra yeniliklər  baş vermiş və təhsilimizin gələcəyinə böyük ümid doğuran qərarlar qəbul edilmişdir. Bu baxımdan nazir ilk növbədə keçən il oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na toxunmaq istədiyini  söylədi və təhsilimizin gələcəyini müəyyən edən bu sənədin həyati əhəmiyyət kəsb etdiyini bildirdi. Qeyd etdi ki, Dövlət Strategiyasında Azərbaycanın gələcək inkişaf konsepsiyasına cavab verə bilən təhsil sisteminin qurulmasını təmin edəcək hədəflər və tədbirlər dəqiq göstərilmişdir. Strategiyanın reallaşdırılması səriştəli müəllimlərin formalaşmasına, şəffaf və səmərəli idarəetmə sisteminin, ömürboyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılmasına zəmin yaradacaqdır.

Dövlət başçısı tərəfindən təhsilə göstərilən qayğı nəticəsində son 10 ildə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində böyük işlər görüldüyünü diqqətə çatdıran nazir bunun nəticəsi olaraq 2800-dən çox məktəbin tikildiyini və ya əsaslı təmir olunduğunu, 1 milyondan artıq şagirdin təlim şəraitinin yaxşılaşdırıldığını bildirdi. Qeyd etdi ki, Təhsil Nazirliyi tərəfindən bu il 82 təhsil obyektində, o cümlədən 60-dan çox orta məktəbdə təmir işləri aparılmış, 265 fizika, kimya və biologiya laboratoriyası müasir avadanlıqla təchiz olunmuşdur. Müvafiq dövlət proqramlarının icrası nəticəsində bu il 70-dən artıq yeni məktəbin internet şəbəkəsinə qoşulması təmin olunmuşdur. Təhsil naziri təhsilin infrastrukturu ilə bağlı məsələlərin əhəmiyyətli hissəsinin həll olunduğu halda bu gün ölkənin inkişaf tempinin tələblərinə cavab verən keyfiyyətin təmin olunmasına, təhsilin məzmununun yenilənməsinə, müəllimlərin peşəkarlığının yüksəldilməsi məsələsinə ehtiyac duyulduğunu söylədi.

Ötən dərs ilində görülmüş işlərə toxunan nazir bir neçə məqamı diqqətə çatdırdı. Bu baxımdan, Bakı şəhərində müəllimlərin sınaq qiymətləndirməsinin keçirilməsini xüsusi qeyd edib, bu işə Bakı məktəblərindən başlanmasının səbəbini burada çalışan müəllimlərin akademik göstəricilərinin yüksək olması ilə əlaqələndirdi.

Elan olunmuş nəticələri bir daha xatırladan təhsil naziri Mikayıl Cabbarov hər bir müəllimin fəaliyyətinin qiymətləndirilməsi və bununla bağlı müvafiq qərarların qəbul olunması üçün bu nəticələrin çox önəmli olduğunu bildirdi. Qeyd etdi ki, dərs bölgüsü, sinif rəhbərliyinin verilməsi, vəzifəyə irəli çəkilmə kimi məsələlərdə sınaq qiymətləndirməsinin nəticələri bu və ya digər  dərəcədə nəzərə alınmalıdır.

Sınaq qiymətləndirilməsinin keçirilməsi və bunun ardınca dərs yükünün optimallaşdırılmasını, nəticələrə əsaslanaraq müəllimlərin biliklərinin təkmilləşdirilməsi işində dönüşü vacib amillər  adlandıran nazir Bakı şəhərinin məktəblərində sınaq qiymətləndirilməsindən keçmiş hər bir müəllimin növbəti maliyyə ilində bunu öz əməkhaqqında hiss edəcəyini, bu barədə müvafiq qərar qəbul edilməsi ehtimalının olduğunu söylədi.

Nazir eyni zamanda növbəti dərs ilindən ölkəmizin bölgələrində də sınaq qiymətləndirilməsinə və bunun nəticəsi olaraq dərs yükünün optimallaşdırılmasına dair tədbirlərin həyata keçiriləcəyini bildirdi.

Çıxışında bir sıra digər həlli vacib məsələlərə də toxunan təhsil naziri Mikayıl Cabbarov yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdırdı. 15 sentyabr - "Bilik günü"ndə ilk dərs saatının vətənpərvərlik mövzusunda, ictimai xadimlərin, ziyalıların iştirakı ilə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğuladı.

Ümumtəhsil məktəbləri şagirdlərinin mütaliəyə marağını artırmaq üçün müvafiq tədbirlərin həyata keçirilməsinə diqqət çəkən təhsil naziri bununla bağlı konkret tapşırıqlarını verdi.

Təhsil naziri çıxışında yaxın illərdə Təhsil Nazirliyinin tabeliyində olan ümumtəhsil məktəblərinin son siniflərində pilot olaraq ixtisaslaşma imkanı verən və icbari fənlərin sayını azaldan tədris proqramlarının hazırlanmasının vacibliyini diqqətə çatdırdı və digər həlli vacib məsələlərdən söz açdı.

Konfransda 3 və daha artıq məzunu 2013-2014-cü dərs ilində ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuraraq qızıl medal qazandıqlarına görə 10 məktəb direktoruna "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı" təqdim olundu.

Konfransın sonunda tədbir iştirakçıları adından ölkə Prezidentinə müraciət ünvanlandı və konfransın qətnaməsi qəbul olundu. 

Yusif ƏLİYEV,
fotolar Rəşad RAMAZANOĞLUNUNDUR,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov