Əziz gənclər!
Sizi və sizin simanızda ASAİF-in bütün üzvlərini növbəti
toplantınızın işə başlaması münasibətilə təbrik edirəm.
Müasir dünyada baş verən proseslərin təhlili göstərir ki,
qabaqcıl ölkələrin qazandığı uğurların təməlində, ilk
növbədə, elm və təhsil, intellektual potensial və
texnoloji tərəqqi dayanır. Məhz buna görə də biz
Azərbaycan gənclərinin mükəmməl təhsil almaları, öz
imkan və bacarıqlarını reallaşdıra bilmələri üçün
əlverişli şəraitin yaradılması istiqamətində ardıcıl
tədbirlər görürük. Bu məqsədlə paytaxt və regionlarda
fəaliyyət göstərən tədris müəssisələrinin binaları
yenilənərək müasir avadanlıqlarla təchiz edilir, ali
məktəblərin maddi-texniki bazası möhkəmləndirilir,
dövrün tələblərinə uyğun dərsliklər və dərs vəsaitləri
hazırlanır.
Təhsil sahəsində həyata keçirilən ən mühüm tədbirlərdən
biri də 2007-ci ildə təsdiq edilmiş Dövlət Proqramı
əsasında minlərlə gəncin inkişaf etmiş ölkələrin
qabaqcıl ali məktəblərinə göndərilməsidir. Biz onların
Azərbaycana yüksək ixtisaslı mütəxəssis və bacarıqlı
menecerlər kimi qayıtmasını arzulayırıq. Təqdirəlayiq
haldır ki, xaricdə oxuyan tələbələrimiz elmin əsaslarına
dərindən yiyələnmək üçün inadla çalışır, məzun olub
Vətənə döndükdən sonra öz biliklərini ölkə həyatının
müxtəlif sahələrində uğurla tətbiq edə bilirlər.
Biz həmin gəncləri həm də Azərbaycanın xaricdəki
qeyri-formal elçiləri kimi görmək istəyirik. Hesab
edirik ki, onlar yaşadıqları cəmiyyətlərin
ictimai-siyasi və mədəni həyatına sıx inteqrasiya
olunmalı, ölkəmizin tarixi, mədəniyyəti, turizm
potensialı və müasir inkişafı ilə bağlı məlumatları,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə
həqiqətləri tələbə yoldaşlarına, yerli əhaliyə və dünya
ictimaiyyətinə çatdırmaq istiqamətində məqsədyönlü iş
aparmalıdırlar.
Xaricdə təhsil alan gənclərimiz oxuduqları ali
məktəblərdə, şəhər və ölkələrdə təşkilatlanmalı,
səfirliklərimiz və diaspor qurumları ilə yaxından
əməkdaşlıq etməlidirlər. Onların fəaliyyətini
koordinasiya etmək üçün yaradılmış ASAİF də yalnız
Azərbaycanda və Avropanın müxtəlif ölkələrində tədbirlər
keçirməklə kifayətlənməməli, hazırda təhsil alan və
məzun olmuş gənclərlə davamlı iş mexanizmi qurmalıdır.
Hesab edirəm ki, forum iştirakçıları yuxarıda qeyd
olunan məsələlər və xaricdə təhsillə bağlı digər
problemlər ətrafında səmərəli müzakirələr aparacaq,
əməli təklif və tövsiyələr hazırlayacaqlar. Toplantının
işinə uğurlar, hər birinizə təhsilinizdə, ictimai və
əmək fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 sentyabr 2014-cü il |