Sentyabrın
9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Bakının Yasamal rayonundakı 153 nömrəli tam orta
məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı
vəziyyəti ilə tanış olub.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan bütün
layihələr uğurla icra olunur. Tədbirlər planına əsasən,
hər il olduğu kimi, bu il də məktəb binalarının təmiri
və yenidən qurulması davam etdirilir. Xüsusi Dövlət
Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun
olaraq orta məktəblərin, təhsil ocaqlarının
maddi-texniki bazası möhkəmləndirilir. Yeni dərs ili
ərəfəsində respublikanın hər yerində olduğu kimi,
paytaxt Bakıda da orta məktəb binalarının yüksək
standartlara uyğun yenidən qurulması və zəruri
avadanlıqla təchiz edilməsi dövlətimizin təhsil sahəsinə
olan qayğısını nümayiş etdirir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov dövlətimizin başçısına məktəbdə görülən işlər
barədə məlumat verdi. Qeyd edildi ki, 153 nömrəli tam
orta məktəbin binası 4 mərtəbə, 3 korpusdan ibarətdir.
Məktəbin foyesində ulu öndər Heydər Əliyevin təhsil
sahəsinə göstərdiyi qayğını və Prezident İlham Əliyevin
paytaxtın Yasamal rayonundakı təhsil ocaqlarının müasir
standartlar səviyyəsinə çatdırılması istiqamətində
gördüyü işləri əks etdirən fotolardan ibarət stendlər
yaradılıb. Məktəbdə yenidənqurma işlərinə ötən ilin
oktyabrında başlanılıb və yüksək səviyyədə həyata
keçirilib. 80 sinif otağı, o cümlədən 6 fənn
kabinetindən ibarət məktəb 1500 şagird yerlikdir.
Hazırda burada 1 növbədə, rus və Azərbaycan dillərində
700 şagird təhsil alır. Məktəbdə 2 idman zalı, akt zalı,
kitabxana, kompüter, əmək təlimi və tibb otaqları da
yaradılıb. Yeni dərs ili ərəfəsində məktəbin bütün sinif
otaqları, ayrı-ayrı fənn kabinetləri əsaslı şəkildə
təmir edilib, lazımi avadanlıq və ləvazimatla təchiz
olunub. Məktəbdə ən müasir havalandırma və işıqlandırma
sistemləri quraşdırılıb. Təhsil ocağının həyətində də
abadlıq və quruculuq işləri görülüb.
Məktəblə tanışlıqdan sonra dövlətimizin başçısı pedaqoji
kollektivlə xatirə şəkli çəkdirdi.
AzərTAc |