Daxili Qoşunların hərbi qulluqçularının, onların
ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması
bu gün prioritet məsələlərdən biridir. Hər il bütün
hərbi hissələrdə müasir standartlara cavab verən yeni
yaşayış binaları, yataqxanalar, sosial obyektlər
istifadəyə verilir və bu proses mütəmadi olaraq həyata
keçirilir. Sentyabrın 1-də Daxili Qoşunların Bakı
şəhərində yerləşən "N" saylı hərbi hissəsinin ərazisində
yerləşən və hər cür şəraitə malik uşaq bağçasının açılış
mərasimi keçirilib. Daxili Qoşunların hərbi qulluqçuları
və ailə üzvlərinin iştirak etdiyi tədbirdə Daxili
Qoşunlar Komandanının müavini, Maddi-texniki təminat
idarəsinin rəisi general-mayor Fəxrəddin Səmədov
çıxışında dövlətimiz tərəfindən uşaqlara göstərilən
diqqət və qayğıdan söz açıb və onların intellektual
inkişafında, məktəbəqədər hazırlıqlarında bağçaların
mühüm rol oynadığını qeyd edib. Bildirib ki, bağçada hər
qrupun özünəməxsus proqramı olacaq və buna uyğun
gündəlik məşğələlər keçiriləcək. Məşğələlər əsasən ana
dilindən, təbiətlə tanışlıqdan, ilkin riyazi
biliklərdən, fiziki tərbiyədən və musiqidən ibarət
olacaq.
Xüsusi olaraq vurğulanıb ki, bütün bunlar Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı cənab İlham Əliyev tərəfindən Daxili
Qoşunların hərbçilərinə, onların ailələrinə göstərilən
xüsusi diqqət və qayğının bariz nümunəsidir.
Sonda qonaqlar valideynlərlə birlikdə bağçanın
otaqlarını gəzib və uşaqlar üçün yaradılan şəraitlə
tanış olublar. |