Azərbaycan
Dillər Universitetinin pedaqoji fakültəsinin tələbəsi
Nərmin İsmayılova bu il ADU ilə yanaşı Böyük
Britaniyanın Esseks Universitetini də fərqlənmə diplomu
ilə başa vuran ilk azərbaycanlı tələbə oldu. ADU və
Esseks Universiteti arasında imzalanmış müqaviləyə
əsasən, Nərmin İsmayılova təhsilini Böyük Britaniyanın
nüfuzlu ali məktəbində davam etdirərək bu il hər iki
universiteti uğurla bitirərək ikili diploma sahib olub.
Qeyd edək ki, 25 oktyabr 2010-cu ildə Azərbaycan Dillər
Universiteti və Böyük Britaniyanın Esseks Universiteti
arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə
əsasən Azərbaycan Dillər Universitetinin ingilis dili
fakültəsinin tələbələri I-II kursları bitirdikdən sonra
təhsillərini Esseks Universitetində davam etdirirlər və
ikili diplom alırlar. Bundan başqa, hər iki
universitetin professor-müəllim heyətinin, departament
rəhbərlərinin qarşılıqlı səfərləri nəzərdə tutulub. Bu
müqavilə Azərbaycanın ali məktəbləri arasında ilk dəfə
və yeganə olaraq ADU və Esseks Universiteti arasında
imzalanıb.
Xatırladaq ki, Esseks Universitetində dərslər tanınmış
professor və müəllim heyəti tərəfindən aparılır. Nərmin
İsmayılova Esseks Universitetində təhsil aldığı müddətdə
Tələbə Cəmiyyətinin üzvü və bir çox layihələrin meneceri
seçilib. İştirak etdiyi layihələrdən onun ən yadda
qalanı "Money mind" layihəsi olub. Bu layihə
çərçivəsində o, ibtidai sinif şagirdlərinə ingilis dili
dərsini tədris edib. Həmçinin azərbaycanlı tələbə daha
sonra "Feminizim" layihəsinə qoşulub və bu layihə haqda
İngiltərənin məşhur "Rabbit" jurnalında məqalə dərc
olunub. Orada yaradılmış Azərbaycan Cəmiyyətinin
vitse-prezidenti seçilən N.İsmayılova oxuduğu müddət
ərzində Azərbaycan tarixi, adət-ənənəsi, milli mətbəxi
ilə bağlı digər ölkə nümayəndələrinə məlumatlar
çatdırıb. Nərmin İsmayılova universitetdə yaradılan
şəraitdən bəhrələnərək təhsil ala-ala işləmək imkanı da
əldə edərək könüllü olaraq məktəblərdə ingilis dilini
tədris edib. Bütün bu imkanları əldə etdiyi üçün o,
universitetin rektoru, professor Səməd Seyidova dərin
təşəkkürünü bildirir.
İctimaiyyətlə əlaqələr departamenti |