Qubadlı.
Sumqayıtda yerləşən Qubadlı Rayon İcra Hakimiyyətinin
akt zalında təhsil işçilərinin ənənəvi sentyabr
konfransı keçirilib. Konfransın işində Təhsil
Nazirliyinin nümayəndəsi İlham Pirməmmədov iştirak edib.
Tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər
Əliyevin rayon icra hakimiyyətinin inzibati binasının
foyesindəki büstünün önünə gül dəstələri düzüb,
xatirəsini ehtiramla yad ediblər.
Konfransda rayon təhsil şöbəsinin müdiri Afət
Allahverdiyeva məruzə ilə çıxış edərək hər il olduğu
kimi, 2013-2014-cü tədris ilində də rayonun təhsil
sahəsində yüksək nailiyyətlər qazanıldığını qeyd edib. O
bu uğurları dövlət başçısının təhsil sahəsinə göstərdiyi
qayğının nəticəsi kimi qiymətləndirib.
Məruzədə qeyd olunub ki, məhz bu qayğı sayəsində rayonda
fəaliyyət göstərən məktəblər yeni dərs ilinə hazırdır.
Məktəblərin əksəriyyətində müasir istilik sistemi
quraşdırılıb, bütün təhsil müəssisələri lazımi
inventarlarla təchiz olunub.
Hər il yüzlərlə məzunu tələbə adını qazanan Qubadlı
rayonunda bu tədris ilində də orta məktəbi bitirən 355
məzundan 170 nəfəri ali məktəblərə qəbul olunub.
Bildirilib ki, bu il tələbə adını qazananların 21
nəfəri 500-dən, 8 nəfəri isə 600-dən yuxarı bal
toplayıb.
Konfransda çıxış edənlər ötən dərs ilinin Qubadlı rayonu
üçün uğurla nəticələndiyini qürur hissi ilə vurğulayıb
və bunun ölkəmizdə aparılan siyasətin məntiqi nəticəsi
olduğunu minnətdarlıqla qeyd ediblər.
Rayon icra hakimiyyətinin başçısı Malik İsaqov çıxış
edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulan dövlət siyasətində təhsil sahəsinə diqqətin
prioritet olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi
ilə bu işin yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb.
Bu siyasətin uğurlu nəticələrinin Qubadlı rayonunun
həyatında da parlaq əks olunduğunu vurğulayan icra
hakimiyyətinin başçısı bu istiqamətdə işlərin bundan
sonra da davam etdiriləcəyini deyib.
Tədbirdə yüksək balla ali məktəblərə daxil olan
məzunlara və təhsil sahəsində xüsusi fərqlənən pedaqoji
işçilərə fəxri fərman və qiymətli hədiyyələr təqdim
edilib.
Neftçala.
Sentyabrın 2-də Neftçala rayon təhsil işçilərinin
sentyabr konfransı keçirilib. Konfransda Təhsil
Nazirliyinin və rayon icra hakimiyyətinin nümayəndələri,
120 nəfər təhsil işçisi, habelə ali məktəblərə tələbə
qəbulunda 600-dən yuxarı bal toplamış məzunlar, idarə,
müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət himni
səsləndirilib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulan və Azərbaycan Prezidenti cənab İlham Əliyev
tərəfindən uğurla davam etdirilən təhsil sahəsində
mütərəqqi islahatlardan danışan təhsil şöbəsinin müdiri
Əjdər Kərimov "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"ndan, təhsilalanların
və təhsilverənlərin hüquq və qanuni mənafelərinin təmin
edilməsi, müəllim nüfuzunun artırılması, istedadlı
gənclərin müəllim peşəsini seçməsi üçün həyata keçirilən
tədbirlər barədə söz açıb.
Bildirilib ki, "2013-2014-cü tədris ilində Neftçala
rayonu üzrə ümumtəhsil müəssisələrinin 682 məzunundan
349 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak
edib və onlardan 204 nəfəri ali məktəblərə qəbul olub.
Onlardan 41 nəfəri 500, 8 nəfəri isə 600-dən yuxarı bal
toplayıb.
Konfransda qabaqcıl müəllimlər və ali məktəbə qəbul
olmuş tələbələr də çıxış edib.
Sonra Təhsil Nazirliyinin nümayəndəsi Faiq Şahbazlı və
rayon icra hakimiyyəti başçısının birinci müavini
Dilavər Əliyev çıxışlarında müəllimlərin qarşısında
duran vəzifələrdən və dövlət başçısının gənc müəllimlərə
göstərdiyi qayğı və diqqətdən söz açıblar.
Konfransın qərar layihəsi oxunduqdan sonra 600-dən
yuxarı bal toplamış məzunlar və qabaqcıl təhsil işçiləri
mükafatlandırılıb.
Yardımlı.
Rayon təhsil işçilərinin konfransında öncə iştirakçılar
ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül
dəstələri qoyublar. Sonra uzun illər pedaqoji sahədə
çalışmış və dünyasını dəyişmiş müəllimlərin xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.
Konfransın işində Təhsil Nazirliyinin nümayəndəsi
Əhliyət Adıgözəlov, Yardımlı Rayon İcra Hakimiyyətinin
başçısı Sevindik Hətəmov, məktəbəqədər, ümumtəhsil,
məktəbdənkənar tərbiyə müəssisələrinin rəhbərləri
iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət
himni səsləndirildikdən sonra konfrans öz işinə
başlayıb.
Konfransda "2013-2014-cü tədris ilinin yekunları və yeni
dərs ilində qarşıda duran vəzifələr" mövzusunda Yardımlı
Rayon Təhsil Şöbəsinin müdiri Manaf Balışov hesabat
məruzəsi ilə çıxış edib. Məruzədə qeyd olunub ki,
ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün
sosial sahələrin, o cümlədən təhsilin inkişafına da
əsaslı təkan verib. Ölkə rəhbərinin apardığı
sosialyönümlü siyasətin nəticəsi olaraq son illər
ərzində təhsilin inkişafı istiqamətində genişmiqyaslı
tədbirlər həyata keçirilib. Təkcə onu demək kifayətdir
ki, 2013-2014-cü dərs ili ərzində rayonda 360 şagird
yerlik Zövün, 220 şagird yerlik Avaş, Alçabulaq və
Ostayır kənd tam orta məktəblərinin yeni binaları
tikilib şagird və müəllimlərin istifadəsinə verilib.
Yaxın günlərdə Zenqaran, Solqard və Fındıqlı-Qışlaq kənd
məktəbləri üçün tikilən binaların istifadəyə verilməsi
də gözlənilir. Hazırda rayonun Anzov, Çayüzü, Qaraqaya,
Urakəran, şəhər 3 və 4 nömrəli tam orta məktəblərinin
binalarının tikintisində qızğın iş gedir.
Rayonun ümumtəhsil məktəblərinin nəticə göstəricilərinə
görə, tam orta təhsil üzrə attestat alan 692 nəfərdən
286 nəfəri ali məktəblərə qəbul olmaq üçün TQDK-ya sənəd
verib. Onlardan 119 nəfəri, yəni 42 faizi qəbul
imtahanlarından müvəffəq qiymət alaraq ali məktəblərə
qəbul olub. Qəbul olanlardan 5 nəfər 600-dən, 11 nəfər
isə 500-dən yuxarı bal toplayıb.
Bildirilib ki, təhsil şöbəsi məktəblərin İKT ilə
təminatını nəzərdə saxlayaraq il ərzində kompüter
avadanlıqları, eləcə də kifayət qədər elektron dərs
vəsaitləri alaraq məktəblərə paylayıb. Bu il V və VII
siniflərdə dərs deyəcək 422 nəfər fənn müəllimi
informatika üzrə təlim kurslarından keçib.
Konfransda Hamarkənd kənd tam orta məktəbinin müəllimi
Aslan Heydərov, Bərcan kənd tam orta məktəbinin müəllimi
Hicran Rzayeva, Çayüzü kənd tam orta məktəbinin məzunu,
695 bal toplamış Elnur Əlizadə çıxış edərək
nailiyyətlərdən söz açıblar.
Təhsil Nazirliyinin nümayəndəsi Əhliyət Adıgözəlov çıxış
edərək təhsil işçilərinin qarşısında duran vəzifələr
haqqında danışıb.
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik
Hətəmov konfransda çıxış edərək qarşıda duran
vəzifələrdən söz açıb, müəllimləri yeni dərs ili
münasibəti ilə təbrik edib.
Xızı.
Xızı rayonunda müəllimlərin ənənəvi sentyabr
konfransında 90 nəfər müəllim iştirak edib. Tədbiri
giriş sözü ilə Xızı Rayon Təhsil Şöbəsinin müdiri Oqtay
Abdullayev açaraq 2013-2014-cü tədris ilinin yekunları
və qarşıda duran vəzifələr barədə məruzə edib. Məruzə
ilə yanaşı fotoslaydlar da nümayiş etdirilib. Hesabat
məruzəsində ölkə başçısı cənab İlham Əliyevin təhsilə
göstərdiyi diqqət və qayğıdan geniş danışılıb.
Məruzədə buraxılış imtahanlarının məktəblər üzrə
təhlili, qəbul imtahanlarının nəticələri xüsusi
hazırlanmış cədvəllərdə nümayiş olunub. Bu il rayonun
məzunlarından 71 nəfəri ali məktəbə qəbul olmaq üçün
ərizə verib və onlardan 36 nəfəri ali, 9 nəfəri isə orta
ixtisas məktəblərinə qəbul olub. 2 nəfər məzun - Giləzi
qəsəbə tam orta məktəbini bitirmiş Atayeva Tünzalə
Eltifat qızı 649 bal, Altıağac qəsəbə tam orta məktəbini
bitirmiş Əmirov Sənan Fərhad oğlu isə 635 bal toplayıb.
Sonra Giləzi qəsəbə tam orta məktəbinin məzunu Tünzalə
Atayeva, Xızı şəhər tam orta məktəbinin müəllimi Tural
Fərəcov, Şuraabad qəsəbə tam orta məktəbinin direktoru
Xatirə Həşimzadə, Xızı RİH başçısının təhsil, səhiyyə və
mədəniyyət məsələləri üzrə müavini Jalə Süleymanova, YAP
Xızı Rayon Təşkilatının sədri Fərrux Haqverdiyev və
Təhsil Nazirliyinin nümayəndəsi Əsgər Quliyev çıxış
ediblər.
Ağdam.
Ağdam rayonunun Quzanlı qəsəbəsində təhsil işçilərinin
ənənəvi sentyabr konfransı keçirilib. Tədbirdə Təhsil
Nazirliyinin nümayəndəsi Ənvər İmanov iştirak edib.
Konfransda rayon təhsil şöbəsinin müdiri Elmira Şükürova
ötən dərs ilinin yekunları və yeni tədris ilində qarşıda
duran vəzifələrlə bağlı məruzə edərək, təhsilin inkişafı
üçün həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan
danışıb. Bildirilib ki, ötən dərs ilində rayonda 139
ümumtəhsil məktəbi, o cümlədən 1 ibtidai, 21 ümumi orta,
117 tam orta məktəb, 5 məktəbdənkənar tərbiyə müəssisəsi
fəaliyyət göstərib, 18 min 654 şagirdin təlim-tərbiyəsi
ilə 3793 müəllim məşğul olub.
Ötən tədris ili ərzində Birinci Baharlı kənd orta
məktəbi üçün yeni bina, İmamqulubəyli kənd məktəbi üçün
əlavə 6 sinif otağı tikilib istifadəyə verilib,
Əhmədağalı kənd tam orta məktəbi əsaslı təmir edilib.
Yeni salınan İmamqulubəyli qəsəbəsindəki 135 nömrəli
məktəb üçün 440 şagird yerlik məktəb binası inşa olunub.
Həsənxanlı və Hacıməmmədli kənd tam orta məktəblərinin
hər biri üçün inşa edilən 120 yerlik binalar yeni dərs
ilində istifadəyə veriləcək. Quzanlı qəsəbəsində
istedadlar liseyinin və Əfətli kənd tam orta məktəbi
üçün binaların tikintisi davam edir.
2014-cü ildə ümumtəhsil məktəblərini bitirən 1040
məzundan 580 nəfəri ali məktəblərə keçirilən
imtahanlarda iştirak etmək üçün sənəd verib və onlardan
343-ü tələbə adını qazanıb. Gənclərdən 45 nəfəri 500-600
arası, 13-ü isə 600-dən çox bal toplayıb. Çəmənli kənd
tam orta məktəbinin məzunu İlkin Məmmədzadə imtahanlarda
700 bal toplayaraq ən yüksək nəticə göstərib.
Yeni dərs ili ərəfəsində Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən
verilən 1896 dəst məktəbli forması və Heydər Əliyev
Fondunun birinci siniflərdə oxuyacaq uşaqlara hədiyyəsi
olan 2000 ədəd məktəbli çantası məktəblərə çatdırılıb.
Yeni təhsil proqramlarının həyata keçirilməsi ilə bağlı
avqust ayından başlayaraq təlimdən keçməyən sinif və
fənn müəllimləri 10 günlük təlim kursuna cəlb ediliblər.
Konfransda digər çıxış edənlər də təhsilə göstərilən
dövlət qayğısından, bu sahədə həyata keçirilən
layihələrdən və aparılan islahatlardan, pedaqoji
kollektivlərin qarşısında duran vəzifələrdən söhbət
açıblar.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |