Təhsil Nazirliyinin təşkilatçılığı ilə 132-134 nömrəli
təhsil kompleksində "Sağlam təhsil-sağlam millət"
layihəsi çərçivəsində 106 məktəbin direktoru üçün
seminar keçirilib.
Seminarda Təhsil Nazirliyinin sektor müdiri Rüfət
Əliyev, Milli Təhsil Texnologiyaları Mərkəzinin rəhbəri
Şamil Süleymanlı və layihənin sınaqdan keçirildiyi
müddətdə konsaltinq xidməti göstərən Rusiya Yaradıcı
Pedaqogika Akademiyasının həqiqi üzvü, "Uşaqların
Sağlamlığı Naminə Rusiya İttifaqı" ictimai hərəkatının
rəhbəri akademik Vladimir Filipoviç Bazarnıy "Sağlam
təhsil sinifi" layihəsinin təqdimatını keçiriblər.
"Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"
çərçivəsində hazırlanan "Sağlam təhsil-sağlam millət"
layihəsi ötən ildən həyata keçirilməyə başlanılıb.
Layihə çərçivəsində müxtəlif məktəblərdə ayrı-ayrı yaş
qrupları üzrə 10000 şagird arasında davamlı
tibbi-gigiyenik gender, psixoloji-pedaqoji
monitorinqlərin keçirilməsi və mərhələlər üzrə
hesabatların hazırlanması nəzərdə tutulur. Ekspertlər
ötən müddət ərzində 2500 şagird arasında monitorinqi
başa çatdıraraq ilkin məlumatları təqdim ediblər.
Araşdırmalar əsasında Təhsil Nazirliyi "Sağlam təhsil"
vasitələri üzrə normativ sənədlər hazırlayır. Bu
vasitələrə aid olan binalar, mebellər, sinif tərtibatı,
avadanlıq, ləvazimatlar və dərsliklər Milli Təhsil
Texnologiya Mərkəzinin nəzdində yaradılmış
tibbi-gigiyenik, gender və psixoloji-pedoqoji ekspertiza
qrupu tərəfindən öyrəniləcək və tədricən tələblərə uyğun
təkmilləşdiriləcək. Beləliklə, təhsil texnologiyalarının
şagirdlərin sağlamlığına mümkün qədər az zərər vurmasına
nail olunacaq.
Layihə çərçivəsində artıq ölkəmizin məktəblərində 12 "Sağlam
Təhsil" sinifi yaradılıb və onlar yeni dərs ilindən
fəaliyyətə başlayacaq. Şagirdlər arasında monitorinq
işləri davam etdikcə "Sağlam Təhsil" siniflərinin sayı
artırılacaq.
Yaxın zamanda "Sağlam Təhsil" məktəblərinin
layihələrinin hazırlanması da nəzərdə tutulur. Layihələr
hazır olduqdan sonra yeni məktəblər "Sağlam Təhsil"in
tələblərinə uyğun tikiləcək.
www.edu.gov.az |