Təhsil naziri Mikayıl Cabbarov "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı" çərçivəsində təhsil almaq üçün
Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə
Komissiya tərəfindən təsdiq olunmuş tələbələrin növbəti
qrupu ilə görüşüb.
Görüş zamanı nazir tələbələri təbrik edərək onlara
təhsillərində uğurlar arzulayıb və dövlətimizin gənclərə
göstərdiyi etimadı doğruldacaqlarına ümidvar olduğunu
bildirib. Azərbaycan gənclərinin dünyanın ən aparıcı ali
məktəblərində təhsil almasının əhəmiyyətinə toxunan
nazir onların ölkəmizin dinamik inkişaf prosesinə
layiqli töhfələr verəcəyinə əminliyini ifadə edib.
Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə
Komissiya tərəfindən müsbət rəy verilmiş tələbələrin
növbəti qrupu təhsilini Böyük Britaniya, ABŞ və
İspaniyada bakalavriat və magistratura səviyyələrində
davam etdirəcəklər. Bu tələbələr arasında Corc
Vaşinqton, Edinburq, Empreza, Qlazqo, Kinqs Kollec,
London İqtisadiyyat Məktəbi kimi dünyanın aparıcı ali
təhsil müəssisələrinə qəbul olunmuş gənclərimiz yer
alır. |