Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Bakının Nəsimi rayonundakı 54 nömrəli tam
orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən
sonrakı vəziyyəti ilə tanış olub.
Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq Bakı
şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafının sürətləndirilməsi istiqamətində məqsədyönlü
tədbirlər hər il olduğu kimi, bu il də davamlı olaraq
həyata keçirilir. Təhsil, səhiyyə, mədəniyyət
müəssisələri əsaslı şəkildə yenidən qurulur, yeni-yeni
məktəb binalarının və uşaq bağçalarının inşası uğurla
həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov 54 nömrəli tam orta məktəbdə görülən işlərlə
bağlı dövlətimizin başçısına məlumat verdi.
Qeyd edildi ki, bu məktəbin binası 1976-cı ildə inşa
olunub. Üçmərtəbəli bina iki korpusdan ibarətdir. 56
sinif otağı olan məktəb 1076 şagird yerlikdir. Yeni dərs
ili ərəfəsində 54 nömrəli tam orta məktəbin binası
əsaslı şəkildə yenidən qurulub. Bütün sinif otaqları,
fənn kabinetləri ən müasir tələblər səviyyəsində təmir
edilib. Məktəb yüksək tələblərə cavab verən avadanlıq və
müasir dərs ləvazimatları ilə təchiz edilib. Şagirdlərin
hərbi hazırlığının və vətənpərvərlik ruhunun
yüksəldilməsi məqsədilə məktəbdə hərbi hazırlıq sinfi də
yaradılıb. Müasir istilik və işıqlandırma sistemləri
quraşdırılıb. Məktəbin 1 hektar yarım həyətyanı
ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb.
Dövlətimizin başçısı sinif otaqlarında, fənn
kabinetlərində yaradılan şəraitlə yaxından tanış oldu.
AzərTAc |