Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da
Bakının Nəsimi rayonundakı 46 nömrəli tam orta məktəbin
əsaslı təmir və yenidənqurma işlərindən sonrakı
vəziyyəti ilə tanış olub.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafının sürətləndirilməsi istiqamətində məqsədyönlü
tədbirlər ardıcıl olaraq həyata keçirilir. Xüsusi Dövlət
Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun
olaraq orta məktəblərin, ayrı-ayrı təhsil ocaqlarının
maddi-texniki bazası möhkəmləndirilir, təhsilin
keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ən müasir
infrastruktur yaradılır. Yeni dərs ili ərəfəsində
respublikanın hər yerində olduğu kimi, paytaxtda və
eləcə də ətraf qəsəbələrdə orta məktəb binaları yüksək
standartlara uyğun şəkildə yenidən qurulur və lazımi
avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin
ərazilərində abadlıq işləri həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov məktəbdə görülən işlər barədə dövlətimizin
başçısına məlumat verdi. Bildirildi ki, 46 nömrəli tam
orta məktəbin binası 1969-cu ildə inşa olunub. Dörd
mərtəbədən, 65 sinif otağından ibarət məktəb 1560 şagird
yerlikdir. Yeni dərs ili ərəfəsində məktəbin bütün sinif
otaqları, ayrı-ayrı fənn kabinetləri əsaslı şəkildə
təmir edilib, lazımi avadanlıq və ləvazimatla təchiz
olunub. Məktəbdə vergilər mövzusunda dərslərin keçilməsi
üçün xüsusi kabinetlər də yaradılıb. Məktəbdə ən müasir
havalandırma və işıqlandırma sistemləri quraşdırılıb.
Ətraf ərazilərdə abadlıq və quruculuq işləri həyata
keçirilib.
Prezident İlham Əliyev ayrı-ayrı sinif otaqlarını gəzdi,
fənn kabinetlərində yaradılan şəraitlə yaxından tanış
oldu.
AzərTAc |