Sentyabrın
1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Çinin Nankin şəhərində yeniyetmələr arasında keçirilən
ikinci Yay Olimpiya Oyunlarında iştirak etmiş milli
komandamızın üzvlərini qəbul edib.
Prezident İlham ƏLİYEV çıxış edərək dedi:
- Yeniyetmələrin Yay Olimpiya Oyunlarında milli
komandamız Vətəni ləyaqətlə təmsil etmişdir və Vətənə
böyük qələbə ilə qayıtmışdır. Bu qələbəni əldə edən
idmançıları, onların məşqçilərini ürəkdən təbrik edirəm,
Azərbaycan dövləti adından onlara öz təşəkkürümü
bildirirəm.
Bu, doğrudan da böyük qələbədir. Bizim komandamız 10-cu
yerə layiq görülmüşdür, 12 medal qazanmışdır, onlardan
5-i qızıl medaldır və Avropa ölkələri arasında 6-cı,
müsəlman ölkələri arasında isə 1-ci yerdədir. Nəzərə
alsaq ki, bu oyunlarda 200-dən çox komanda iştirak
edirdi, əlbəttə, hər kəs görə bilər ki, bu, doğrudan da
böyük və tarixi qələbədir. Bu qələbə məni çox
sevindirir, bilirəm ki, Azərbaycan xalqını da
sevindirir. Çünki bu, Azərbaycan gənclərinin və
Azərbaycan dövlətinin qələbəsidir.
İdman yarışları, Olimpiya Oyunları, yeniyetmələrin
Olimpiya Oyunları ölkələr arasındakı idman yarışıdır.
Hər bir ölkə çalışır ki, bu yarışlarda daha da yüksək
yerə sahib çıxsın. Ancaq Azərbaycanın milli komandası
bunu sübut edibdir və bizdən qabaqkı yerlərdə dünya
idmanının ənənəvi liderləridir. Belə olan halda bizim
qələbəmizin mənası daha da böyükdür. Bu, tarixi
qələbədir, böyük qələbədir. Azərbaycan idmanının
yüksəklərə qaldırılması işində Azərbaycanın bütün idman
ictimaiyyətini təbrik edirəm. Əminəm ki, bizim gənc
idmançılarımız gələcəkdə də yüksək nəticələr
göstərəcəklər və gələcək illərdə keçiriləcək Yay
Olimpiya Oyunlarında da Azərbaycanı ləyaqətlə təmsil
edəcəklər.
Azərbaycan idman dövlətidir, bunu beynəlxalq Olimpiya
hərəkatının rəhbərləri qeyd edirlər. Son illərdə bu
istiqamətdə aparılan dövlət siyasəti bu vəziyyətə
gətirib çıxarıb ki, bu gün Azərbaycan dünyada idman
dövləti kimi tanınır. Ölkəmizin böyük idman uğurları
vardır. Hər il idmançılarımız müxtəlif beynəlxalq idman
yarışlarında yüzlərlə medal qazanırlar. Azərbaycanda
keçirilən dünya, Avropa çempionatları idmanı ölkəmizdə
geniş şəkildə təbliğ edir və uşaqları, gəncləri,
yeniyetmələri idman bölmələrinə gətirir, beləliklə,
ardıcıllıq təmin edilir. Bizim görkəmli idmançılarımız
Azərbaycanı ləyaqətlə təmsil edirlər. Son Olimpiya
Oyunlarında Londonda biz tarixi qələbə qazanmışıq. Bu
Olimpiadada 10 medal qazanmışıq və komanda hesabında
30-cu yerdə, Avropa ölkələri arasında isə 15-ci yerdə
idik. Əlbəttə ki, bu nəsillər arasındakı əlaqə
kəsilməməlidir. Siz gənc idmançılar, əlbəttə, təbii
olaraq istəyirsiniz ki, gələcəkdə Olimpiya çempionları
olasınız və sizin qarşınızda gözəl nümunələr var.
Çünki müstəqil Azərbaycan dövləti iştirak etdiyi bütün
Olimpiya Oyunlarında, hər dəfə növbəti Olimpiya
Oyunlarında daha da yüksək yerə layiq görülürdü. Bu
ardıcıllıq, qələbə ardıcıllığı davam edir və nəsillər
ardıcıllığı da bu gün təmin edilir. Bu, idmanın
inkişafının əlamətidir. Çünki yeniyetmə-uşaq idmanına
çox böyük diqqət göstərilir və hər bir ölkənin idman
inkişafını məhz uşaq-yeniyetmə idmanı müəyyən edir.
Çünki burada seleksiya işləri düzgün aparılmalıdır. Kadr
hazırlığı, məşqçilərin peşəkarlığı və əlbəttə ki, idman
siyasətinin məqsədyönlü olması burada əsas şərtlərdir.
Bütün bu amillər - gənc, istedadlı idmançılar, peşəkar
məşqçilər, idmana rəhbərlik edən qurumların arasında
olan əlaqəlilik Azərbaycanda vardır ki, bu, heç də hər
bir ölkədə mövcud deyil. Beynəlxalq Olimpiya Hərəkatının
nümayəndələri daim bir məsələni qeyd edirlər ki,
Azərbaycanda Milli Olimpiya Komitəsi, Gənclər və İdman
Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar
bir komanda kimi sistemli şəkildə fəaliyyət göstərirlər
və bizim uğurlarımızın əsas səbəbi bundan ibarətdir.
Bu gün Azərbaycan hərtərəfli inkişaf edir, hər bir sahə
inkişaf edir və idmanın inkişafı, əlbəttə ki, ölkəmizin
ümumi inkişafını əks etdirir. İdmanla məşğul olmaq üçün
indi bütün şərait var. Bakıda elə gözəl idman qurğuları
tikilir və tikilibdir ki, onlar bütün yüksək
standartlara cavab verir. Demək olar ki, bütün
bölgələrdə müasir Olimpiya kompleksləri yaradılıb və o
komplekslərə idmançıların axını təmin edilir. İdman
infrastrukturunun yaradılması və bütövlükdə idmanı
Azərbaycan cəmiyyətində önəmli bir amil kimi təqdimetmə
siyasətimiz öz nəticəsini vermişdir. Belə olan halda,
əlbəttə, biz gələcəyə böyük ümidlərlə baxırıq və əminik
ki, idmançılarımız gələcəkdə də bizi sevindirəcəklər.
Siz gənc idmançılar öz idman həyatınızda çox böyük
uğurlar əldə etmisiniz. Gənc yaşlarında Olimpiya
çempionu olmusunuz. Bu, böyük qələbədir, eyni zamanda,
böyük məsuliyyətdir. Təbii ki, qızıl, gümüş və bürünc
medal qazanan idmançılara diqqət də böyük olacaqdır,
cəmiyyətdə də sizdən nümunə götürmək istəyənlər
olacaqdır. Ona görə siz, ilk növbədə, peşəkar idman
həyatınızı elə qurmalısınız ki, daim yüksək nəticələrə
nail olasınız, eyni zamanda, həyatda, məişətdə də nümunə
olmalısınız. Azərbaycan gəncləri bizim qürur
mənbəyimizdir. Mən gənclərlə Bakıda, bölgələrdə tez-tez
görüşürəm, onlara ürək sözlərimi deyirəm və qeyd edirəm,
biz fəxr edə bilərik ki, müstəqil Azərbaycanın gəncləri
vətənpərvərdirlər, Vətənə bağlıdırlar və öz işi ilə
ölkəmizin inkişafına töhfə verirlər. Siz gələcək
fəaliyyətinizdə bu məsələləri daim diqqət mərkəzində
saxlamalısınız və eyni zamanda, çalışmalısınız ki,
peşəkarlığınızı artırasınız.
Bəzən həm Azərbaycanda, həm başqa ölkələrdə belə hallar
olur ki, bir idmançı gənc yaşlarında böyük uğura imza
atır. Amma ondan sonra idman səhnəsindən çəkilir, yaxud
fəaliyyətini dayandırır və ya yüksək nəticəni təkrar edə
bilmir. Belə hallar var, təkcə Azərbaycanda deyil. Ona
görə bu böyük qələbə sizin üçün yeni bir stimul
olmalıdır ki, gələcək fəaliyyətinizdə də öz gücünüzü
sübut edəsiniz. Buna bütün imkanlar var, dövlət siyasəti
aparılır, idmana rəhbərlik edən bütün qurumlar səmərəli
fəaliyyət göstərir. Təlim-məşq prosesinin təşkili ilə
bağlı heç bir problem yoxdur. Bizim idmançılarımız bütün
mötəbər beynəlxalq yarışlarda iştirak edirlər. Yəni,
Azərbaycan dövlətinin idman siyasəti hər bir gənc üçün
böyük imkanlar açır. Siz bu imkanlardan gənc
yaşlarınızda uğurla istifadə etmisiniz. Ona görə hesab
edirəm ki, biz gələcəkdə də sizin qələbələriniz haqqında
eşidəcəyik.
Azərbaycan böyük idman yarışına hazırlaşır. Bildiyiniz
kimi, gələn il ilk dəfə olaraq Avropa Oyunları
keçiriləcəkdir. Bu oyunların keçirilməsi Azərbaycana
həvalə edilibdir. Bu, böyük məsuliyyətdir və Azərbaycan
idmanının böyük nailiyyətidir. Çünki bu oyunların
Azərbaycanda keçirilməsi qərarı bir neçə amilə söykənib.
İlk növbədə, Azərbaycanın inkişafı, idman və xidmət
infrastrukturunun mövcudluğu, müasir nəqliyyat
sisteminin yaradılması, ümumi iqtisadi artım templəri də
nəzərə alınmışdır. Eyni zamanda, idmançılarımızın
çıxışları da burada öz rolunu oynayıb. Çünki belə
mötəbər Avropa Oyunları birinci dəfə keçirilir. Bu
oyunların necə keçiriləcəyi bizdən asılıdır. Çünki biz
Avropa Oyunlarının keçirilməsi üçün standartlar müəyyən
edəcəyik.
Bizim istəyimiz ondan ibarətdir ki, bu oyunlar Yay
Olimpiya Oyunlarının səviyyəsində keçirilsin. Buna imkan
var. Qeyd etməliyəm ki, bu oyunlar iştirak edəcək
idmançıların və idman növlərinin sayına görə Qış
Olimpiya Oyunlarından daha da böyükdür, Yay Olimpiya
Oyunlarına da çox yaxındır. Yəni, əslində Azərbaycanın
üzərinə çox böyük və şərəfli missiya düşübdür ki, biz
iki il yarım ərzində olimpiya oyunları səviyyəsində
oyunlar keçirəcəyik. Hazırlıq prosesi gedir. Əminəm,
bizim gənclərimiz də, - hələ bir il vaxt var, -
çalışmalıdırlar ki, milli komandaya daxil olsunlar. Əgər
bu, mümkün olacaqsa, əlbəttə ki, sizdən qələbə
gözləyəcəyik. Əgər bu, mümkün olmayacaqsa, əminəm ki,
siz hansısa başqa bir formada bu oyunların
hazırlanmasında iştirak edəcəksiniz. Burada çoxlu
təşkilati məsələlər var. O məsələlər ki, Azərbaycana bir
daha özünü bütün Avropaya güclü, inkişafda olan, müasir
dövlət kimi təqdim etməyə imkan verəcəkdir.
Bizim idmançılarımız həm intellektual, həm də fiziki güc
tələb edən oyunlarda birinci yerlərdədirlər. Bu
yaxınlarda Dünya Şahmat Olimpiadası keçirilmişdir. Bizim
komandamız çox yüksək yerə layiq görülmüşdür.
Yeniyetmələrin Olimpiya Oyunlarında da həmçinin. Bu,
ölkəmizin gənclərinin intellektual və fiziki
potensialını göstərir. Eyni zamanda, onu göstərir ki,
gənclərimiz öz Vətənini nə qədər sevirlər, Vətənlə fəxr
edirlər. Fəxr edirlər ki, onlar müstəqil Azərbaycan
dövlətinin vətəndaşlarıdır.
Sizi bir daha bu böyük qələbə münasibətilə ürəkdən
təbrik edirəm. Sizə yeni uğurlar və xoşbəxtlik
arzulayıram.
Sağ olun!
***
Güləş Federasiyasının baş katibi, Yeniyetmələrin Yay
Olimpiya Oyunlarında hakimlər komissiyasının inspektoru
olmuş Əjdər CƏFƏROV dedi:
- Möhtərəm cənab Prezident!
Fürsətdən istifadə edərək Sizi bu qələbə münasibətilə
təbrik edirəm.
Cənab Prezident, bu, Sizin qələbənizdir, başda Siz
olmaqla Azərbaycan xalqının qələbəsidir. Çünki Sizin
diqqət və qayğınız nəticəsində bütün sahələrdə olduğu
kimi, idman sahəsində də böyük irəliləyişlər var. Sizin
göstərişiniz əsasında istər paytaxtımızda, istərsə də
regionlarımızda inşa edilmiş Olimpiya komplekslərimizdən
bu gün yeniyetmə və gənc idmançılarımız istifadə edərək
yüksək əyarlı medallar qazanırlar. Şəxsən Sizin
diqqətiniz və idmana olan sevginiz biz idmançıları
ruhlandırır. Hər dəfə mötəbər beynəlxalq yarışlardan
əvvəl və sonra idmançılarla keçirdiyiniz görüşlər, bizə
göstərdiyiniz etimad məsuliyyətimizi daha da artırır.
Biz bu məsuliyyəti başa düşərək beynəlxalq yarışlarda
iştirak edirik və daim qızıl medallar əldə edirik. Bu,
başqa cür ola da bilməz.
Möhtərəm cənab Prezident, mən bir daha Sizi bu böyük
qələbə münasibətilə idmançılar, xüsusən də güləşçilər
adından təbrik edirəm. Sizi əmin etmək istəyirik ki,
üçrəngli bayrağımızı daim yüksəklərə qaldırmaq,
himnimizi səsləndirmək üçün var qüvvəmizlə çalışacağıq,
Sizin etimadınızı doğruldacağıq. Qarşıda bizi böyük
sınaqlar, paytaxtımızda keçiriləcək birinci Avropa
Oyunları, Avropa və dünya çempionatları, 2016-cı ildə
Rio-de-Janeyroda Yay Olimpiya Oyunları gözləyir.
Möhtərəm cənab Prezident, biz bir daha dünyaya sübut
edəcəyik ki, Azərbaycan güclü dövlətdir. Azərbaycanın
İlham Əliyev kimi güclü Prezidenti var. Biz bununla fəxr
edirik. Yaşasın güclü və qüdrətli Azərbaycan!
***
İdmanın atletika növündə bürünc medal qazanmış Nazim
BABAYEV dedi:
- Hörmətli cənab Prezident!
Hörmətli idmançılar və qonaqlar!
Bu gün mən sonsuz sevinc hissi keçirirəm. Çünki
kütləviliyinə görə Yay Olimpiya Oyunlarından sonra
ikinci yerdə duran mötəbər bir yarışın - Yeniyetmələrin
Yay Olimpiya Oyunlarının mükafatçısı oldum. Bu, təkcə
mənim qələbəm deyil, hörmətli Prezident, bu, ilk növbədə
Sizin qələbənizdir. Bu, ilk növbədə, dünyada yaşayan
azərbaycanlıların qələbəsidir. Mən sevinirəm ki,
Azərbaycanın şan-şöhrətini, idman nüfuzunu bütün dünyaya
tanıtdım. Çətin keçən yarışlarda Sizin və xalqımızın
dəstəyi mənə kömək oldu. Özümü həm fiziki, həm də mənəvi
cəhətdən bu yarışlara hazır hesab edirdim və bu inamla
da yarışlara qatıldım. Yüngül atletikanın üç təkanla
tullanma növündə bürünc medala layiq görüldüm. Bu
yarışlar mənim yüksək təcrübə toplamağıma kömək oldu.
Möhtərəm Prezident, biz bütün idmançılar bu
qələbələrimizə görə Sizə təşəkkür edirik və bundan sonra
da doğma vətənimizin idman şərəfini beynəlxalq miqyaslı
yarışlarda layiqincə qoruyacaq, yeni nailiyyətlər əldə
edəcəyik. Diqqətinizə görə çox sağ olun.
***
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz
HÜSEYNZADƏ dedi:
- Möhtərəm cənab Prezident!
Həqiqətən böyük bir tarixi qələbə qazanılıb. Amma mən
bir məqamı xüsusilə qeyd etmək istəyirəm. Bu məqam ondan
ibarətdir ki, bu qələbəni qazanan uşaqların demək olar
ki, əksəriyyəti 1997-ci ildə anadan olub. Bu, həmin
ildir ki, Siz Milli Olimpiya Komitəsinin prezidenti
seçilmisiniz. Deməli, onlar Sizin dövrünüzdə anadan
olublar, böyüyüblər. Mən hesab edirəm bu, bizim Olimpiya
Komitəsinin, idman strukturlarının ən böyük qələbəsidir
ki, 17 il ərzində əldə olunan nəticələr göz
qabağındadır. Mən də bütün idmançılar, bütün Azərbaycan
idmansevərləri adından Sizi bu böyük qələbə münasibətilə
təbrik edirəm. Mən bir şeyi demək istəyirəm. On yeddi il
bundan qabaq o tarixi seçki olmasa idi, bəlkə də bu gün
bu nəticələr olmazdı.
***
Prezident İlham ƏLİYEV dedi:
- Bəli, yadımdadır, o günlər. O, idmanın inkişafında
əlbəttə ki, çox önəmli bir hadisə idi. Çünki Azərbaycan
müxtəlif dövrlərdə öz idmançıları ilə fərqlənən bir
respublika idi, diyar idi. Sovet vaxtında da bizim böyük
qələbələrimiz olmuşdur. Dünya çempionlarımız, Azərbaycan
idmançıları Olimpiya Oyunlarında ləyaqətlə çıxış
etmişlər. Ancaq, əlbəttə, müstəqilliyimizin ilk
illərində idmanın tənəzzülü yaşanırdı. Bəlkə də bu,
müəyyən dərəcədə təbii bir proses idi. Çünki ölkəmiz
bütövlükdə çox ağır vəziyyətdə idi. Torpaqlarımız işğal
altına düşürdü. Eyni zamanda, iqtisadi vəziyyət çox ağır
idi, siyasi böhran yaşanırdı, vətəndaş müharibəsi
başlamışdı. Əlbəttə ki, belə bir şəraitdə idmançılardan
yüksək nəticə gözləmək çətin idi.
Xoşbəxtlikdən Azərbaycan xalqı 1993-cü ildə çox müdrik
qərar qəbul etmişdir, ulu öndər Heydər Əliyevə müraciət
edərək onu siyasi hakimiyyətə dəvət etmişdir və 1993-cü
ildən başlayaraq Azərbaycanda proseslər müsbət
istiqamətdə getmişdir. O cümlədən idmanın inkişafı
istiqamətində də çox böyük işlər görülmüş, vahid
konsepsiya tərtib olunmuşdur. Əlbəttə ki, 1997-ci ildə
Milli Olimpiya Komitəsinə prezident seçilməyim mənim
üçün də yeni bir çağırış, yeni bir məsuliyyət idi. Mən o
vaxt artıq Milli Məclisin üzvü, Dövlət Neft Şirkətinin
vitse-prezidenti idim. Həm kifayət qədər çox işlərim,
həm də böyük məsuliyyətim var idi. Çünki o vaxt neft
kontraktlarının hazırlanması, icrası ilə bağlı çox ciddi
məşğul idim. Bildiyiniz kimi, bu gün Azərbaycan
iqtisadiyyatının uğurlu inkişafının təməlində məhz neft
siyasətimiz durur. Ona görə, bu yeni vəzifə, əlbəttə ki,
mənim üçün çox maraqlı idi, eyni zamanda, yeni idi. Mən
özüm uşaqlıq yaşlarımdan idmanla məşğul olurdum. Bu gün
də məşğul oluram və hər bir insana bunu məsləhət
görürəm. Ancaq peşəkar idmançı deyildim. Amma
fikirləşdim ki, biz Azərbaycan idmanını mütləq inkişaf
etdirməliyik. Çünki gözəl potensial, xalqımızın
ənənələri, ənənəvi idman növlərimiz var və xalqımız
fiziki cəhətdən çox hazırlıqlıdır, güclüdür,
vətənpərvərdir.
İlk növbədə, idmançılara şərait yaratmaq məsələləri
gündəlikdə idi. Çünki əgər şərait olmasa, idmançı
əlbəttə ki, yüksək nəticəyə çata bilməz. Şərait isə yox
idi. Eyni zamanda, bizim bəzi tanınmış idmançılarımız
Vətəni tərk etmiş, başqa ölkələrə getmişdilər. Çünki
orada idmanla məşğul olmaq üçün şərait, eyni zamanda,
maddi təminat da var idi. Çalışdıq ki, onları Vətənə
qaytaraq, bəzi hallarda buna müvəffəq olduq, bəzi
hallarda alınmadı. İdman komplekslərinin yaradılması ilə
məşğul olmağa başladıq. Eyni zamanda, biz idmanın
inkişafı ilə bağlı vahid yanaşmanı formalaşdırdıq. Çünki
o vaxta qədər sizə deyə bilərəm ki, Gənclər və İdman
Nazirliyi, federasiyalar, Milli Olimpiya Komitəsi
bir-biri ilə yola getmirdilər. Bəzi ölkələrdə olduğu
kimi, bizdə də burada qarşıdurmalar, toqquşmalar,
intriqalar hökm sürürdü. İlk aylarda, bəlkə də birinci
bir-iki ildə mən bu məsələ ilə də məşğul idim ki, burada
bu xoşagəlməz halları aradan götürək. Çünki bizim
hamımızın bir məqsədi var ki, Azərbaycan idmanı inkişaf
etsin və Azərbaycan idman arenalarında güclü dövlət kimi
özünü göstərsin. Ona görə biz, əlbəttə, bu məsələlərlə -
gənc idmançılarımızın hazırlığı, seleksiya məsələləri
ilə də məşğul olduq. Bizim tanınmış məşqçilərimizin bir
neçəsi xaricdə idi, onları da dəvət etdik, digər
tədbirlər görüldü və biz tədricən bu nəticələri görməyə
başladıq.
Beynəlxalq idman qurumları ilə çox səmərəli əməkdaşlıq
yaradılmışdır. Azərbaycanda dünya çempionatları
keçirilməyə başlanmışdır. Yadımdadır, birinci dəfə
yeniyetmələr arasında boks üzrə dünya çempionatı
keçirilmişdir. Ağacan müəllim, bizim görkəmli idman
xadimimiz o vaxt böyük səylər göstərmişdir. Beynəlxalq
turnirlər keçirilmişdir. Bu, birinci addımlar idi. Biz
bilirdik ki, bu addımlar uğurlu olsa, onda Avropa və
dünya çempionatları Azərbaycanda keçirilə bilər və belə
də oldu. Azərbaycanda idmanın bir neçə növü üzrə dünya
və Avropa çempionatları keçirilmişdir. İndi Avropa
Oyunları, əslində Avropanın Olimpiya Oyunları
Azərbaycanda keçiriləcəkdir.
Əlbəttə ki, idmançılarımızın uğurları və eyni zamanda,
gənc idmançılarımızın qələbələri məni həddindən artıq
sevindirir. Çingiz burada qeyd etdi. Siz gəncsiniz, siz
müstəqillik dövründə dünyaya gəlmisiniz və sizin
qələbələriniz Azərbaycan dövlətinin gücüdür. Müstəqil
Azərbaycan görün nəyə qadirdir. Sovet vaxtında belə
qələbələri biz ancaq arzu edə bilərdik. Əgər bir və iki
idmançımız hansısa dünya çempionatında yüksək yerə layiq
görülürdüsə, bizim üçün böyük bayram idi. Ancaq bu gün
müstəqil ölkə kimi dünya miqyasında böyüklər arasında
30-cu, gənclər arasında isə 10-cuyuq. Budur, real
işlərin nəticəsi. Bu, onu göstərir ki, hər bir sahədə
əgər işlər düzgün qurulursa, yanaşma düzgündürsə, güclü
iradə varsa və məsələlərlə bağlı bütün aidiyyəti
qurumlar bir nöqtəyə vururlarsa, mütləq nəticə də
olacaqdır.
Mən giriş sözümdə qeyd etdiyim kimi, çox istəyirəm ki,
bax bu oyunlarda qələbə qazanmış idmançıların adlarını
biz gələcəkdə çox-çox, tez-tez eşidək. Siz mütləq bu
fikirlə, bu amalla yaşamalısınız ki, gələcəkdə daha da
böyük nəticələr əldə edəsiniz. Əminəm ki, belə də
olacaq. Buna nail olmaq üçün bütün şərait var. Bu gün
sizin qələbəniz bizim hamımızı ruhlandırır və bir daha
göstərir ki, gənc, müstəqil Azərbaycan dövləti böyük
uğurları əldə etməyə qadirdir, bunu edir və edəcəkdir.
Bir daha sizi təbrik
edirəm.
***
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc |