Avqustun
28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Horadiz şəhərində
inşa olunan 2 nömrəli körpələr evi-uşaq bağçasının
açılışında iştirak edib.
Dövlətimizin başçısı bağçanın rəmzi açılışını bildirən
lenti kəsdi.
İkimərtəbəli binada uşaqların təlim-tərbiyəsi və
gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hər cür
şərait yaradılıb. Burada müasir təlim-tərbiyə
qaydalarına riayət olunmaqla 4 qrup yaradılıb və bağçada
uşaqların istirahəti üçün geniş imkanlar var. Uşaqların
günün yarısını bağçada keçirmələri nəzərə alınaraq bu
məktəbəqədər təhsil ocağında da onların keyfiyyətli
təlim-tərbiyəsi vacib amil kimi götürülüb. Uşaqların ilk
yaşlarından intellektual, fiziki və əqli inkişafı,
onların istedad və qabiliyyətlərinin üzə çıxarılması,
sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin
qurulması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə
müasir sinif otaqları yaradılıb və bütün zəruri
ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub.
Uşaqların qidalanmasına xüsusi diqqət yetirilir. Bundan
əlavə, onların məntiqi və əqli imkanlarının inkişaf
etdirilməsi məqsədilə rəsm otağı qurulub. Bağçanın
ərazisi abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb.
AzərTAc |