Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də
Beyləqan rayonuna səfəri çərçivəsində şahmat məktəbinin
açılışında iştirak edib.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən
lenti kəsdi.
Məktəbin binasında ümummilli lider Heydər Əliyevin və
Prezident İlham Əliyevin idmançılar, o cümlədən
şahmatçılarla görüşləri zamanı çəkilən maraqlı fotolar
nümayiş olunur.
Buradakı 50 yerlik şahmat yarışı zalı zəruri avadanlıqla
təchiz edilib. Məktəbin konfrans zalı, sinif və
müəllimlər otaqları da müasirliyi ilə diqqəti cəlb edir.
Bir sözlə, burada yeniyetmə və gənclərə şahmatın
sirlərini öyrətmək üçün bütün imkanlar var.
Məktəb binasının orijinal dizaynı burada şahmatın
sirlərini öyrənənləri daha da ruhlandırır. Məktəbdə
yeniyetmə və gənclərin şahmat kompozisiyalarını daha
dərindən öyrənmələri üçün müxtəlif əyani vəsaitlərdən və
informasiya-kommunikasiya texnologiyalarının
imkanlarından geniş istifadə olunur. Buraya üz tutan
gənclər həm asudə vaxtlarını maraqlı keçirir, həm də
bilik və bacarıqlara yiyələnirlər.
Respublikamızın bütün bölgələrində fəaliyyət göstərən
belə şahmat məktəblərində zəngin təcrübə toplayan
məktəblilər beynəlxalq səviyyəli yarışlara qatılaraq
ölkəmizi yüksək səviyyədə təmsil edirlər.
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc |