Avqustun
25-də Yeniyetmələrin ikinci Yay Olimpiya Oyunları
çərçivəsində güləş yarışları başlayıb. Əvvəlcə
mübarizəyə yunan-Roma güləşçiləri qoşulublar. Bu növdə
ölkəmizi təmsil edən Cabbar Nəcəfov (50 kq) inamla
yarışaraq təsnifat mərhələsində Uğur Beytekini (Türkiyə)
4:0, Məhəmmadrza Ağaniyani (İran) 3:1 və Dorin
Kocakarini (Moldova) 4:0 hesabı ilə məğlub edərək finala
çıxıb. Finalda onun rəqibi özbəkistanlı İlxom Baxromov
olub. Maraqlı keçən qarşılaşmada təmsilçimiz uduzaraq
gümüş medalla kifayətlənib.
Yeniyetmələrin II Olimpiya Oyunlarında güləş
yarışlarının üçüncü günündə sərbəst güləşçilər mübarizə
aparıblar.
Azərbaycan Güləş Federasiyasından verilən xəbərə görə,
63 kq çəki dərəcəsində təmsilçimiz Teymur Məmmədov "A"
yarımqrupunda Gürcüstan, CAR və Palau təmsilçiləri ilə
qarşılaşıb. 3 görüşdə rəqiblərindən 32 xal alan
güləşçimiz heç bir xal vermədən finala yüksəlib.
Finalda Teymur Venesuela idmançısı ilə qarşılaşacaq.
Qadın güləşçilərin yarışlarında Azərbaycan gümüş medal
qazanıb. Güləşçimiz Leyla Qurbanova (52 kq) inamla
yarışaraq təsnifat mərhələsində kanadalı Tianna Kennetə
(4:0), ukraynalı Olena Kremzerə (3:1) və salvadorlu
Mayra Elizabet Vaskuez Aparisioya (4:0) qalib gələrək
finala vəsiqə qazanıb. Həlledici görüşdə yaponiyalı Mayu
Mukaya ilə qarşılaşan güləşçimiz 1:3 hesabı ilə məğlub
olaraq gümüş medala sahib çıxıb.
İdmançımız İqbal Hacızadə yeniyetmələrin sərbəst güləş
üzrə yarışlarının finalında moldovalı rəqibi Dmitri
Ceakustaya 3:1 hesabı ilə qalib gələrək olimpiya
çempionu olaraq üçrəngli bayrağımızı zirvəyə qaldırıb.
Digər təmsilçimiz 100 kq çəki dərəcəsində mübarizəyə
qoşulan İqbal Hacızadənin yarımqrupda rəqibləri
Meksika, Misir və Braziliya güləşçiləri olub. Bütün
görüşlərini qələbə ilə başa vuran güləşçimiz rəqiblərinə
heç bir xal vermədən 26 xal qazanıb və finala yüksəlib.
Finalda İqbal Moldova güləşçisi üzərində inamlı qələbə
qazanaraq olimpiya çempionu olaraq ölkəmizi layiqli
təmsil edib.
Hazırladı: Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |