Avqustun
23-də Ağsu rayonu Çiyni kənd stadionunda yeniyetmələr
arasında "Təmiz kənd" I mini-futbol turniri keçirilib.
Turnirin açılış hissəsində MİRAS İctimai Birliyinin
sədri Fariz Xəlilli çıxış edərək "Təmiz kənd" layihəsi
çərçivəsində monitorinq, təlim, futbol turniri,
iməcilik və kitab nəşri planlaşdırdıqlarını və layihənin
uğurla nəzərdə tutulan mərhələnin sonuna yaxınlaşdığını
qeyd edib.
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə
Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən bu
layihəyə Ağsu Rayon İcra Hakimiyyəti, Ağsu şəhər, Gəgəli
kənd, Çiyni kənd bələdiyyələri ilə yanaşı, "Az-Granata"
şirə və şərab emalı müəssisəsi yaxından köməklik
göstəriblər. Turnirdə "MİRAS", "ÜLGÜC", "ÇİYNİ" və
"GƏGƏLİ" komandaları iştirak ediblər. Turnirin əsas
məqsədi gənclər arasında icma həmrəyliyini inkişaf
etdirmək, eləcə də təmiz kənd mövzusunda gəncləri
maarifləndirməkdir. Daha sonra 3-cü yer uğrunda görüşdə
"GƏGƏLİ" komandası "ÜLGÜC" komandasına 4:0 hesabı ilə
qalib gəlib. Finalda "MİRAS" və "ÇİYNİ" komandaları
qarşılaşıblar. "ÇİYNİ" komandası 8:2 hesabı ilə qalib
gələrək turnirin birincisi olub.
Qaliblərin mükafatlandırılması mərasimində Ağsu Rayon
Gənclər və İdman İdarəsinin rəis müavini Ruslan Cəfərov
çıxış edərək qalibləri təbrik edib. Kənd idmanının
inkişafı üçün gələcəkdə də belə turnirlərin
keçirilməsinin zəruriliyi qeyd edilib. "MİRAS",
"ÜLGÜC" və "GƏGƏLİ" komandalarına plaketlər, "ÇİYNİ"
komandasına isə turnirin rəmzi kuboku təqdim edilib.
Qeyd etmək lazımdır ki, MİRAS Mədəni İrsin Öyrənilməsinə
Kömək İctimai Birliyi 2014-cü ilin mart ayından
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə
Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Təmiz kənd - yerli
icmaların iştirakı ilə ekoloji və etnoqrafik
identikliyin qorunması və davamlı inkişafı" layihəsini
həyata keçirir. |