"Təhsil"
Respublika İdman Mərkəzində Azərbaycan Respublikası
təhsil nazirinin "Uşaq-Gənclər idman və şahmat
məktəblərinin fəaliyyətinin əlaqələndirilməsi barədə" 06
avqust 2014-cü il tarixli 852 nömrəli əmrinin icrası və
yeni tədris ilinə hazırlıqla bağlı 20-28 avqust 2014-cü
il tarixlərində idman və şahmat məktəblərinin zonalar
üzrə seminar müşavirəsi keçirilib. Seminar-müşavirədə
mərkəz tərəfindən hazırlanmış idman və şahmat məktəbləri
üçün tələb olunan sənədlər toplusu və 2014-2015-ci
tədris ili üçün qrupların qeydiyyat jurnalı paylanıb.
İlk dəfə olaraq mərkəz tərəfindən Təhsil Nazirliyi
sistemində olan 27 idman növü üzrə tədris planı
hazırlanıb. Seminar-müşavirədə növbəti tədris ilində
bütün məktəblərdə sənədləşmə işini vahid şəkildə təşkil
etmək tövsiyə olunub.
Müşavirədə çıxış edən mərkəzin direktoru Natiq Lahıcov
idman və şahmat məktəblərində mövcud vəziyyətlə bağlı
geniş məlumat verib. Qeyd edib ki, hazırda idman və
şahmat məktəblərinin fəaliyyəti bəzi hallarda mövcud
əsasnamənin tələblərinə uyğun gəlmir. Bunun üçün növbəti
tədris ilindən məktəblərdə olan bölmələrin fəaliyyətinə
yenidən baxılmalı, bölmələr əsasnamə tələblərinə uyğun
olaraq komplektləşməlidir. Sonda seminar iştirakçıları
hazırlanmış sənəd toplusu ilə tanış edilib, bununla
bağlı yaranan suallar ətrafında müzakirələr aparılıb.
|