Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Sosial Təminat Xidməti, Sağlamlıq İmkanları
Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi, Bakı Şəhər
Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə Filarmoniya
bağında sağlamlıq imkanları məhdud gənclərin
"Xəyallarımızın rəsmlərdəki tərənnümü" mövzusunda rəsm
və əl işləri sərgisi keçirilib. Tədbirin keçirilməsində
məqsəd fiziki məhdudiyyətli gənclərin bacarıqlarını
nümayiş etdirmək, dost əhatəsini genişləndirmək, onların
cəmiyyətə inteqrasiyasını təmin etmək və layihə
iştirakçısı olan gənclərdə stimul yaratmaqdır.
Çıxışlarda qeyd olunub ki, satışdan əldə edilən vəsait
fiziki məhdudiyyətli gənclərə qismən yardımçı olmaq
məqsədilə onlara təqdim ediləcək.
Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya
Mərkəzində hazırlıq keçən gənclər öz xəyallarındakı
reallıqları, fikirlərində qurduqları gələcəklərini əl
işləri, rəsmləri, taxta üzərində oyma nümunələri
vasitəsilə sərgiyə maraq göstərən hər bir kəslə
bölüşüblər. Onlar sərgilənən əl işləri ilə öz sağlam
yaşıdlarından heç də fərqlənmədiklərini, gələcəyin
layiqli vətəndaşları olacaqlarını bir daha sübut
ediblər.
Belə layihələrin vasitəsilə gənclərin mənəvi zövq və
istedadlarının kəşf, cəmiyyətə inteqrasiyasının təmin
olunmasının vacibliyi də tədbir iştirakçılarının
çıxışlarında xüsusi yer alıb. |