Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Avqsut 2014 - №33

 

Şirvandan Qarabağa könül körpüsü

 

Şamaxı və Bərdə məktəbliləri Bilik Fondunun həyata keçirdiyi "Qardaşlaşmış məktəblər" layihəsinin iştirakçısıdır

Prezident İlham Əliyevin gənc nəslin hərtərəfli inkişafına və dünyagörüşünün zənginləşməsinə xüsusi diqqət ayırması ölkəmizdə bu sahədə bir çox layihələrin reallaşdırılmasına təkan verir. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun (BF) sentyabrın əvvəllərindən "İlboyu bilik" devizi ilə həyata keçirəcəyi "Qardaşlaşmış məktəblər" layihəsi belə layihələrdəndir. Əməkdaşımız layihə ilə bağlı oxucularımızı məlumatlandırmaq üçün Fondun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla ilə görüşmüş, onun yardımı ilə bir neçə müəllim və şagirdlə telefon əlaqəsi yaratmışdır. H.Abdulla əməkdaşımızın layihənin mahiyyəti ilə bağlı sualını cavablandıraraq demişdir: 

- İlk mərhələdə, 15 sentyabr - "Bilik günü"nədək 20 rayonun hərəsindən bir məktəb layihəyə cəlb edilsə də bu hərəkat gələcəkdə respublikanın bütün bölgələrini əhatə edəcəkdir. Şuşa, Cəbrayıl, Füzuli rayonları ilə birlikdə sərhədyanı Tovuz, Ağstafa, Ağdam, Gədəbəy, Astara məktəbləri də layihə iştirakçısıdır. Layihənin əsas məqsədi müstəqil Azərbaycanın tərəqqisi, cəmiyyətimizin maariflənməsi işində yardımçı olmaq, yeniyetmə və gənclərin elmi-texniki, sosial-iqtisadi, ekoloji, humanitar biliklərə yiyələnməsinə dəstək verməkdir. Dövlətçilik, vətənsevərlik ideyalarının və ümummilli lider Heydər Əliyevin banisi olduğu azərbaycançılıq məfkurəsinin daha dərindən öyrənilməsi və yayılmasına, məktəblilərin ölkəmizin bütün guşələrində geniş vüsət alan quruculuq, abadlıq işləri ilə daha yaxından tanış olmasına, bölgələrimizin tarixi, mədəniyyəti, məişəti və etnoqrafiyasına dair biliklərə yiyələnməsinə yardımçı olmaqdır.

Akademik Zərifə Əliyeva adına Bərdə şəhər texniki liseyin direktoru, Bilik Fondunun rayon üzrə nümayəndəsi Vidadi Süleymanov deyir:

- Tədbirlərimiz 2 gün davam edəcəkdir. Əllərində "Şamaxı məktəblilərini salamlayırıq", "Qədim Bərdə torpağına xoş gəlmişsiniz" şüarları həkk olunmuş plakatlar tutan Bərdə məktəbliləri şəhərin Dövlət Bayrağı meydanında qonaqları qarşılayacaqlar. Hər iki rayon məktəblilərinə üstünə Bilik Fondunun loqosu həkk olunmuş kepka və köynəklər paylanacaq. Liseylə tanışlıq, nahar və istirahətdən sonra ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüləcək. Qədim Bərdənin tarixi abidələri - Bərdə İmamzadəsi, Nüşabə türbəsi və Şəhidlər Xiyabanını ziyarətdən sonra rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə "dəyirmi masa" keçiriləcək, məktəblərin qardaşlaşdığını təsdiqləyən müqavilə imzalanacaqdır. Əminəm ki, şamaxılı qonaqlarımız əsl Qarabağ qonaqsevərliyinin şahidi olacaqlar. Artıq bir çox ailələr qonaq məktəbliləri, onların valideynlərini, müəllimləri evlərinə dəvət etmək istədiklərini bildirmişlər. Ertəsi gün isə liseydə iki rayon məktəblilərinin bilik yarışması olacaqdır. Müxtəlif mövzular üzrə bilik sınağından qalib çıxanlar Bilik Fondunun diplomlarını və qiymətli hədiyyələrini alacaqlar. Hətta, ən zəiflər də unudulmayacaq, evə əliboş dönməyəcəklər. Sonra Bərdənin şeir, sənət adamları ilə görüş olacaq, Şamaxı və Bərdə məktəblilərinin şeir yarışması, şəhər uşaq musiqi məktəbinin musiqili-ədəbi proqramı təqdim ediləcəkdir. Bərdə Tarix və diyarşünaslıq muzeyi ilə tanışlıq olacaq, Sultanbud meşəsi, Soyuqbulaqda gəzinti təşkil ediləcəkdir.

Şamaxı rayonu Sabir qəsəbə tam orta məktəbinin X sinif şagirdi Gülüstan Qəniyeva isə artıq Bərdəyə səfərini intizarla gözlədiyini deyir:

- Təəssüf edirəm ki, indiyədək qədim Bərdə torpağını görməmişəm, ancaq bu şəhərin qədim mənbələrdə Şərqin Bağdaddan sonra ən gözəl şəhəri olduğu barədə oxumuş, son illər xeyli gözəlləşdiyini eşitmişəm. Bilik Fondunun layihəsi maraqlı və mənalıdır. Mən və dostlarım tezliklə dünya ədəbiyyatının fəxri Nizami Gəncəvidən başlamış onlarla şair, ədibimizin əsərlərində bədii təsvirini oxuduğumuz Bərdədəki İmamzadə, Nüşabə, Axsatan baba türbələrini ziyarət etməyi arzulayırıq. Təəssüratlarımızı isə təkcə yoldaşlarımız və valideynlərimizlə deyil, Bilik Fondu ilə də bölüşmək istəyirik.

Bilik Fondunun Şamaxı rayon nümayəndəsi, Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşova:

- Ötən dərs ilində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdulla məktəbimizin yuxarı sinif şagirdləri üçün çox maraqlı mühazirə oxudu. Bu yeni təşəbbüs şagirdlərimizin qəlbində silinməz iz qoyub. Bilik Fondu bu il də ilk dərs günü respublikamızın elm, mədəniyyət və digər sahələrdə tanınmış simalarını "Dövlətçilik, vətənsevərlik və azərbaycançılıq" mövzusunda ilk dərslərə cəlb etməklə əhəmiyyətli iş görür. Doğrudan da, məktəbli bir var hansısa tanınmış simanı teleekranda görsün, bir də var, qabaq-qənşər oturub onun söhbətini, dərsini dinləsin, suallarını versin, iç dünyasına bələd olsun.

"Qardaşlaşmış məktəblər" layihəsinin geniş perspektivi var. Məktəblilər ölkəmizi daha yaxından tanıyıb sevəcəklər. Şagirdlərin seçmiş olduğu liderlərin və məktəb direktorlarının imzalayacağı müqavilədə bir sıra öhdəliklər götürülür. Pedaqoji və şagird kollektivləri arasında əlaqələr davamlı olacaq, dərs ilinin ikinci yarısında biz də bərdəli dostlarımızı qarşılayacaq, məktəblərimizdə xüsusi qardaşlıq guşəsi yaradacağıq. Birgə təcrübə və informasiya mübadiləsi aparacaq, fiziki və intellektual yarışlar, müsabiqələr keçirəcək, uğurlarımızı bölüşəcək, çatışmazlıqların aradan qaldırılması yollarını müzakirə edəcək, məzunlarımızın da əlaqələrinin davamlı olmasına səy göstərəcək, qardaşlaşma ideyasının üstünlüklərini digər məktəblər arasında da təbliğ edəcəyik. Sonda onu bir daha vurğulamaq istəyirəm ki, valideynlər də, müəllimlər də Fondun bu ideyasını müsbət qarşılayırlar.

Layihənin koordinatoru, Bilik Fondunun aparat rəhbəri professor Rəfail Həsənovun sözlərinə görə, "Qardaşlaşmış məktəblər" layihəsi müxtəlif bölgələrdən olan məktəblilər arasında "bilik körpüsü"nün yaradılması, şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsi və dünyagörüşlərinin genişləndirilməsi, istedadlı gənclərin aşkarlanmasına şərait yaradacaqdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun bu layihəsi çərçivəsində həyata keçiriləcək tədbirlər nəinki məktəblərin, hətta bölgələrin də yaxınlaşmasına yardımçı olacaqdır.

Professor Rəfail Həsənov onu da bildirdi ki, Bilik Fondu müxtəlif istiqamətlərdə bir neçə layihəyə start verib. Bu layihələr içərisində "Dini abidələrdə tarixin izləri", "Ustad və şəyird", "Azərbaycan elmi xaricdə", "Dünya elmi Azərbaycanda", "Docendo discimus", "Epizod", "Auditoriya +", "Yaradıcılıq fakültəsi"  layihələrinə artıq başlanıb. Fondun bütün layihələri azərbaycançılığın, dövlətçiliyin  vətənpərvərliyin, milli-mənəvi və dini dəyərlərin təbliğinə, xalqın maariflənməsinə, gənclərin bilik səviyyəsinin yüksəldilməsinə, Azərbaycan həqiqətlərinin xaricdə yayılmasına yönəlib.  

Söhbəti yazdı: Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov