Riyaziyyat üzrə ən yüksək mükafat almış ilk
qadın |
ABŞ-ın
Stenford Universitetinin professoru Məryəm
Mirzəxani riyaziyyat sahəsində ən nüfuzlu Filds
mükafatına layiq görülüb. O, riyaziyyatçılar
üçün "Nobel" mükafatı hesab olunan fəxri adı
alan ilk qadın kimi tarixə düşüb. Mükafat
Məryəm Mirzəxaniyə Seulda Cənubi Koreyanın ilk
qadın prezidenti Park Qın He tərəfindən təqdim
edilib. 37 yaşlı riyaziyyatçı-alim Harvard
Universitetini bitirib. Məryəm Mirzəxaninin
riyaziyyat sahəsində uğurları hələ çox gənc
yaşlarında başlayıb. O, 1994 və 1995-ci
illərdə çox yüksək balla Beynəlxalq
Riyaziyyat Olimpiadalarının qalibi olub. Filds
mükafatından öncə o, 2013-cü ildə Amerika
Riyaziyyat Assosiasiyasının mükafatını alıb. O,
hazırda riyaziyyatçılar arasında ən mürəkkəb
məsələləri həll etməyə qadir olan istedadlı
bir alim hesab edilir. Məryəm Stenford
Universitetinin rəsmi saytına "Bu mənim üçün
böyük şərəfdir. Əminəm ki, növbəti illərdə bu
mükafatın qalibləri sırasında xanımların sayı
daha çox olacaq" deyib.
Məryəm Mirzəxani 1977-ci ildə Tehranda anadan
olub. O, əvvəlcə yazıçı olmaq istəyirdi.
Lakin orta məktəbdə oxuyarkən riyaziyyat
sahəsindəki uğurları onun gələcək həyatına tam
dəyişib. Tehrandakı Şərif Texnologiya
Universitetini bitirən Məryəm 2004-cü ildə
Harvard Universitetində riyaziyyat üzrə
doktorluq elmi dərəcəsi alıb. O, ailəsi
ilə Kaliforniya ştatının Palo Alto şəhərində
yaşayır. Anhita adlı kiçikyaşlı bir qızı var.
Riyaziyyat üzrə dünyanın ən yüksək mükafatı olan
Filds mükafatı 1936-cı ildə kanadalı
riyaziyyatçı Con Filds (John Fields) tərəfindən
təsis edilib və hər dörd ildən bir yaşı 40-a
çatmamış ən istedadlı riyaziyyatçılara (3-4
nəfər) verilir. Məryəm Mirzəxani hesab edir ki,
elmi mükafata layiq görülməsi gənc və istedadlı
qadın riyaziyyatçılar üçün gözəl stimul olacaq.
Mükafat fondu 15 min Kanada dolları təşkil edir.
|
|
Rusiya Federasiyası 213 əcnəbi universitetin
diplomunu tanıyır |
Rusiya
Federasiyası dünyanın 23 ölkəsindən 213
əcnəbi elm və təhsil müəssisəsinin verdiyi elmi
dərəcələrin tanınması barədə qərar qəbul
edib. "Uçitelskaya qazeta"nın məlumatına
əsasən, bu barədə RF hökumət başçısı Dmitri
Medvedev sərəncam imzalayıb. Sərəncamda
diplomları Rusiya ərazisində tanınan xarici
ölkələrin ali məktəblərinin adları
göstərilir. Siyahıda Kembric, Oksford,
Boloniya, Harvard, Yel universitetlərinin,
Massaçusets Texnologiya İnstitutu kimi ali
məktəblərin adları çəkilir. Siyahıya əsasən
dünyada məşhur olan 3 beynəlxalq reytinq
sıralamasında - Dünya universitetlərinin
akademik reytinq sıralaması (Academic Ranking of
World Universities), QS Dünya universitetlərinin
reytinq (QS World University Rankings), "Times"
dünya universitetlərinin reytinqi (The Times
Higher Education World University Rankings) ilk
300 sırada yer almış universitetlər daxil
edilib. Yeni siyahıda Çin Xalq
Respublikası, Cənubi Afrika Respublikasının
ali məktəbləri yer almayıb. Bu ölkələrlə RF
arasında təhsil sənədlərinin və elmi
dərəcələrin qarşılıqlı tanınmasına dair müqavilə
imzalanmayıb. |
|
Dünyada ilk onlayn-məktəb fəaliyyətə başlayır |
Amerikada
dünyada ilk onlayn-məktəb fəaliyyətə başlayır.
Sentyabrın ilk günlərindən məktəbə birinci
növbədə 79 şagird gedəcək. Onlayn-məktəb
dövlət statuslu olsa da (pulsuz təhsil) bir
sıra özəl maliyyə qurumları, şirkətlər
tərəfindən dəstəklənir və geniş müstəqilliyə
malikdir. Fəaliyyəti "Connections Academy"
layihəsi ilə tənzim olunan məktəb "Pearson"
nəşriyyat maqnatına məxsusdur. Məktəb
uşaqların yaşadıqları evlərdən təhsil
müəssisəsinə çatdırılmasını, onların müvafiq
kompüterlə və digər zəruru tədris materialları
ilə təmin olunmasını həyata keçirəcək.
Məktəbin rəhbərliyi hesab edir ki, tədrisin bu
cür növü son vaxtlara qədər xəstəliyə və ya
idman məşğələlərinə görə dərs buraxmış
şagirdlər üçün də məqbul variantdır. |
|
Dünya universitetlərinin Şanxay reytinq cədvəli
açıqlanıb |
Dünya
universitetlərinin növbəti Şanxay reytinq
cədvəli açıqlanıb. "Uçitelskaya qazeta"nın
məlumatına əsasən, dünyanın ən yaxşı 500 ali
məktəbinin reytinq cədvəlinə ABŞ-ın Harvard
Universiteti liderlik edir. Siyahıda 10 ən
yaxşı universitet sırasında Harvarddan əlavə,
Stenford, Massaçusets Texnologiya İnstitutu,
Kaliforniya Berkli Universiteti, Kembric
Universiteti, Prinston Universiteti,
Kaliforniya Texnologiya Universiteti,
Kolumbiya Universiteti, Çikaqo Universiteti,
Oksford Universiteti yer alıb. M.V.Lomonosov
adına Moskva Dövlət Universiteti ötən ilki
reytinqlə müqayisədə 5 mövqe geriləyərək
84-cü yerdə qərarlaşıb. Lakin MDU təbiət
elmləri və riyaziyyat üzrə dünyada 51-75-ci
yerdədir (riyaziyyat üzrə 26-cı, fizika
76-100-cü). Qalan digər elm sahələri üzrə MDU
ilk 200 -lükdən kənarda qalıb. Şanxay reytinq
cədvəli digər kriteriyalardan daha çox "yüksək
sitatgətirilmə əmsalı"na malik olan universitet
alimlərinin sayını əsas götürür. "Nature" və
"Science" kimi elmi yurnallarda dərc olunmuş
məqalələrə, eləcə də Nobel və ya Fild
(riyaziyyatçılar üçün) laureatlarının sayına
yüksək qiymət verilir. |
Oruc
MUSTAFAYEV,
"Azərbaycan müəllimi" |