Avqustun 26-da Astara Rayon İcra Hakimiyyətində bu il
respublikamızın ali məktəblərinə qəbul imtahanları
zamanı yüksək bal toplayaraq tələbə adını qazanmış
gənclərlə görüş keçirilib.
Tədbirdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Qızbəs
Məmmədova qəbul imtahanlarının nəticələri barədə məlumat
verib.
Bildirilib ki, Astara rayonunun ümumtəhsil məktəblərini
bitirən 1011 məzundan 404 nəfəri ölkəmizin ali
məktəblərinə daxil olmaq üçün Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasına (TQDK) sənəd verib. Bundan əlavə, əvvəlki
illərdə rayonun ümumtəhsil məktəblərini bitirmiş 64
nəfər məzun da qəbul imtahanlarında iştirak edib. İlkin
mərhələdə məzunlardan 163 nəfəri ali məktəblərə qəbul
olunaraq tələbə adını qazanıb. Qəbul imtahanları zamanı
məzunlardan 5 nəfəri 600-dən, 14 nəfəri isə 500-dən
yuxarı bal toplayıb. Məzunlar arasında ən yüksək
nəticəni Kijabə qəsəbə tam orta məktəbinin yetirməsi
Fuad Quliyev göstərib. O, qəbul imtahanlarında 681 bal
toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi
fakültəsinə daxil olub.
Bildirilib ki, bu il ali məktəblərə daxil olan
məzunların sayına görə rayonun ümumtəhsil məktəbləri
arasında Astara şəhər 1, 2, 3 və 5, Pensər kənd 2,
Kijabə və Ərçivan qəsəbə 3 nömrəli tam orta məktəbləri
yüksək nəticələr göstərib.
Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı
Qəzənfər Ağayev tələbə adını qazanmış gəncləri, onların
valideynlərini və müəllimləri təbrik edərək Astara
rayonunda ali məktəblərə daxil olan gənclərin sayının
ilbəil çoxalmasını elmə, biliyə olan marağın artması
kimi dəyərləndirib.
Diqqətə çatdırılıb ki, son illər Astara rayonunda 40-dan
çox yeni məktəb binası tikilib və ya əsaslı təmir
olunaraq istifadəyə verilib. Yeni dərs ilində daha 2
məktəb binası qapılarını şagirdlərin üzünə açacaq.
Tədbirdə çıxış edənlər gənclərin təhsil alması üçün
ölkəmizdə yaradılan yüksək şəraitdən razılıqlarını ifadə
edərək dövlətimizin başçısına minnətdarlıqlarını
bildiriblər.
Sonda ali məktəblərə qəbul zamanı yüksək bal toplamış
tələbələrə fəxri fərmanlar və pul mükafatları təqdim
edilib.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |