Avqustun 26-da Sumqayıt şəhərinin Corat qəsəbəsində
yeni özəl uşaq bağçası istifadəyə verilib. İkimərtəbəli
binada 80 uşağın təlim-tərbiyəsi üçün hər cür şərait
yaradılıb.
Açılış mərasimində çıxış edənlər son illər
respublikamızda yüzlərlə uşaq bağçasının, uşaq evinin
tikilməsinin, bir çoxunun isə yenidən qurulmasının
ölkədə uşaqlara göstərilən diqqət və qayğının mühüm
tərkib hissəsi olmaqla yanaşı, həm də Azərbaycanın
gələcəyinin daha etibarlı təminatına geniş imkanlar
açdığını vurğulayıblar. Bu işdə Heydər Əliyev Fondunun
fəaliyyəti danılmazdır. Fondun bu sahədə həyata
keçirilən dövlət siyasətinə verdiyi dəstək və onun
təşəbbüsü ilə tikilən yeni bağçalar Azərbaycan
ictimaiyyətinin böyük rəğbətinə səbəb olub.
Çıxışlarda qeyd edilib ki, bu gün Heydər Əliyev Fondu
Azərbaycanın hər yerində olduğu kimi, Sumqayıtda da
irimiqyaslı layihələr həyata keçirir. Bildirilib ki,
təhsil sahəsində qazanılan uğurlar məktəbəqədər
təhsildən başlayır. Məktəbəqədər təhsil uşaqların
intellektual, fiziki və psixoloji inkişafında, potensial
imkanlarının üzə çıxarılmasında mühüm rol oynayır.
Sonra bağça ilə tanışlıq olub. Burada uşaqların asudə
vaxtlarının səmərəli təşkili üçün idman və oyun zalları,
attraksionlar yaradılıb, maraqlı və rəngli lövhələr
hazırlanıb, açıq havada istirahət üçün yerlər ayrılıb.
Müxtəlif yaşlı 4 qrup üçün nəzərdə tutulan bağçada
yataq, yemək, dərs, musiqi, rəsm otaqları mövcuddur.
Otaqlardakı ekoloji cəhətdən təmiz materiallardan
hazırlanan oyuncaqlar və dərs ləvazimatları bütün
sanitar-gigiyenik norma və standartlara cavab verir.
Uşaq bağçasında 2 yaşından 5 yaşınadək olan uşaqlara
təhsilin ilkin mərhələsi ilə yanaşı, rus və ingilis
dilləri də tədris ediləcək. Uşaqlara burada rəqs və
musiqi də öyrədiləcək.
Tədbir zamanı balaca fidanlar da öz sevinclərini
gizlətməyiblər. Onlar bir-birindən gözəl şeirlər,
rəngarəng musiqi nömrələri səsləndiriblər.
Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi" |