AzərTAc-ın xəbər verdiyi kimi, Rusiyanın Azərbaycanlı
Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın
təşəbbüsü ilə sentyabrın 20-21-də Kaluqa vilayətinin
"Etnomir" mədəniyyət və təhsil mərkəzində qəbul
imtahanlarından müvəffəqiyyətlə keçərək Rusiya
Federasiyasının ali məktəblərinə daxil olmuş birinci
kurs tələbələri üçün səyyar seminar keçiriləcəkdir.
RAGB-nin idarə heyətində AzərTAc-a bildiriblər ki,
seminar çərçivəsində iştirakçılar nəinki RAGB-nin
fəaliyyəti və təşkilatın fəalları ilə tanış olacaq,
həmçinin qeyri-formal təhsil mütəxəssislərinin
rəhbərliyi ilə xüsusi treninqlərdə iştirak edəcəklər.
Seminarı tələbələrin RAGB üzvlüyünə qəbulu ilə başa
çatdırmaq planlaşdırılır. Buna görə də seminarın hər bir
iştirakçısı təşkilatın sıralarına qoşula bilər.
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəaliyyəti ilə
tanış olmaq istəyən və öz yaradıcılıq potensialını üzə
çıxarmaq üçün yeni imkanlar axtaran bütün gənclər
tədbirdə iştirak etməyə dəvət olunur.
Seminarda iştirak etmək üçün vətəndaşlığı və əlaqə
məlumatlarını (telefon, e-mail) göstərməklə aşağıdakı
elektron ünvana təhsil yeri və seçilmiş ixtisas barədə
məlumat göndərmək lazımdır:
studentamor2014@gmail.com |