Cəmiyyətin təhsil meridianında maraqlı ənənələrdən biri
də müəllimlərin sentyabr konfranslarının təşkili və
keçirilməsidir. Geniş yayılmış və dayanıqlı status
qazanmış bu tədbir pedaqoji ictimaiyyətin maraq
dairəsində özünə elə bir yer tutub ki, onu dəyişdirmək,
yaxud dayandırmaq mümkün deyil. Artıq cəmiyyətin təhsil
sferasında mühüm sosial bir tələbə çevrilmiş bu tədbiri
müəllimlər, təhsil mütəxəssisləri hər il dərs ilinin
əvvəlində ciddi bir mərhələ kimi gözləyirlər. Hətta bir
sıra ölkələrdə bu konfranslara böyük pedaqoji sovet kimi
dəyər verməklə onun xüsusi əhəmiyyət daşıdığını qeyd
edir, gələcək müvəffəqiyyətlərin uğurlu başlanğıcı kimi
qiymətləndirirlər. Azərbaycanda da sentyabr
konfranslarına müəllimlərin dərs ili qarşısında
məsləhət, məşvərət yeri kimi baxılır. Ölkə miqyasında
həyata keçirilən təhsil islahatlarını uğurlu davam
etdirmək, onu vahid tələblər əsasında istiqamətləndirmək
üçün sentyabr konfransları özünün potensial imkanları
ilə daha çox fərqlənir.
Belə sosial pedaqoji əhəmiyyət daşıyan tədbirin daha
uğurlu başlanğıc olmasını təmin etmək üçün onun düzgün
pedaqoji əsasda istiqamətləndirilməsi, zəruri didaktik
tələblər üzrə qurulması mühüm əhəmiyyət daşıyır.
Azərbaycan müəllimlərinin 2014-ci il sentyabr
konfransalarını istiqamətləndirmək üçün hazırlanmış bu
tövsiyələr də məhz həmin məqsədə xidmət göstərir.
Ötən əsrin sonuncu illərindən başlayan təhsil
islahatları davam etməkdədir. Ulu öndər Heydər Əliyevin
fikirləri ilə demiş olsaq, "indi bizdə təhsil sistemində
islahatların məqsədi ondan ibarətdir ki, Azərbaycan
təhsil sistemi dünya təhsil sisteminin standartlarına
uyğunlaşsın". Bu uyğunlaşma mahiyyət etibarı ilə
Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiya
olunması deməkdir.
Sentyabr konfranslarında dünya təhsil sistemi üçün çox
geniş, qlobal xarakter daşıyan bu məsələ ətrafında
müzakirələrin aparılması diqqət mərkəzində
saxlanılmalıdır. Müəllimlərin Azərbaycanda aparılan
təhsil siyasətinin mahiyyəti və məzmunu, başlıca
mündəricəsi barədə fikirlərinə aydınlıq gətirilməli, bu
baxımdan onların fəaliyyəti istiqamətləndirilməlidir.
Ölkədə islahatın gedişi, qazanılmış nailiyyətlər, eləcə
də çətinliklər barədə müzakirələr aparılmalı, bu məsələ
ilə əlaqədar dövlət səviyyəsində formalaşmış fikirlərə
istinad olunmalı, normativ-hüquqi bazadan cıxış edərək
müvafiq mülahizələr söylənilməlidir.
2012-ci il dekabrın 29-da qəbul olunmuş "Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası gələcəyə
doğru istiqamətlənmiş mühüm sənəd kimi ölkənin bütün
sahələrindəki perspektivləri əhatə edir. Orada müasir
təhsil sisteminin formalaşması strateji vəzifə kimi
müəyyənləşdirilir. Təhsilin ən əhəmiyyətli hesab edilən
konturları vurğulanır. Xüsusən ümumi təhsilin "yaddaş
məktəbi"ndən "təfəkkür və düşüncə məktəbi"nə keçməsi,
onun infrastrukturunun, idarə olunan sisteminin
yeniləşdirilməsi məqsədilə tədbirlərin həyata
keçiriləcəyi qeyd olunur.
2013-cü il oktyabrın 24-də təsdiq olunmuş "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası" (bundan sonra Dövlət Strategiyası) özündən
əvvəl konseptual sənəd kimi qəbul olunmuş İnkişaf
Konsepsiyasını yeni istiqamətlərdə daha da
konkretləşdirmişdir. Orada aydın şəkildə qeyd olunmuşdur
ki, "Azərbaycan Respublikasının İnkişaf Konsepsiyasına
uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların
verilməsi məqsədi ilə təhsil sisteminin institusional
əsasları, infrastrukturu və insan resursları inkişaf
etdirilməlidir".
Təhsil cəmiyyətin inkişafını təmin edən həlledici
amildir. İnsanlar təhsil mərhələsindən keçməklə
formalaşır. Onlar özünün rifah halını, maddi durumunu
təhsildə qazandığı bacarıqlarla yaxşılaşdırırlar. Eyni
zamanda yüksək mənəvi keyfiyyətlərə malik bir insan kimi
məhz təhsildə formalaşırlar. Başqa sözlə, özünə məxsus
idraki, hissi-emosional dəyərlərini təhsil vasitəsilə
əldə edirlər. Dövlət Strategiyasında qeyd olunduğu kimi,
"Son 30-40 il ərzindəki elmi-texnoloji tərəqqi,
innovasiyalar və modernləşmə nəticəsində praktik bilik
və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter
daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir.
Bu baxımdan, təhsilin məzmununun formalaşmasında
akademik biliklərlə yanaşı, praktik bilik və
bacarıqların, səriştənin vacibliyi önə çəkilir. Səriştə
əldə olunmuş bilik və bacarıqları praktik fəaliyyətdə
effektiv və səmərəli tətbiq etmək qabiliyyətidir. O,
şəxsin qazandığı bilik və bacarıqların konkret
fəaliyyətinin nəticəsinə çevrilməsini təmin edir.
Səriştəyə əsaslanan təhsil sosial-iqtisadi inkişafa daha
effektli xidmət göstərir". Odur ki, müasir təhsilin
məzmununun, eləcə də təşkilinin səriştə əsaslı qurulması
cəmiyyətmizin hazırkı tələbləri baxımından əhəmiyyətli
hesab edilir.
Ümumi təhsilin inkişafında yüksək keyfiyyətli kadr
potensialının formalaşdırılması, yeni iqtisadi
mexanizmlərə keçilməsi, səmərə və keyfiyyət baxımından
infrastruktur dəyişikliklərinin aparılması gələcək
strateji yanaşmaların gündəmində dayanır.
Sentyabr konfranslarında bu məsələlər ətrafında
müzakirələr aparmaqla diqqəti görülmüş işlərə cəlb
etmək, onlara Dövlət Strategiyasının tələbləri
baxımından münasibət bildirmək faydalı hesab edilir.
Son vaxtlar ölkə miqyasında həyata keçirilən
islahatyönümlü tədbirlər geniş miqyas almaqdadır. Sinif
mühitindən başlayaraq valideyn-məktəb münasibətlərinə
qədər genişlənməkdə olan bu tədbirlərin mahiyyətində
təhsil mühitinin, təhsil sisteminin dəyişdirilməsi,
sağlamlaşdırılması dayanır ki, bu da öz növbəsində bütün
təhsil pillələri kimi ümumi təhsilin də birmənalı
şəkildə yeniləşdirilməsini tələb edir. Azərbaycan
Respublikası Təhsil Nazirliyində "2013-2014-cü tədris
ilinin nəticələri" müzakirə olunarkən ümumi təhsil
sahəsində həyata keçiriləcək islahatların əsas
prioritetlərində bu məsələyə diqqət yetirilmiş, sağlam
və səmərəli təhsil mühitinin yaradılması, təhsilin
keyfiyyətinin yüksəldilməsi, məktəblərin idarə
olunmasının müasir tələblər səviyyəsinə çatdırılması
kimi istiqamətlər xüsusi olaraq qeyd edilmişdir.
Artıq bir ildən çoxdur ki, Azərbaycan təhsil sistemində
xeyli islahatyönümlü tədbirlər həyata keçirilir.
Onlardan biri ümumtəhsil məktəbini bitirən bütün
şagirdlərə attestatın verilməsidir. Azərbaycan
hökumətinin qərarı ilə həyata keçirilən bu tədbir
demokratik xarakter daşıyır. Eyni zamanda şagird
şəxsiyyətinə, onun formalaşmasına humanist mövqe nümayiş
etdirilir.
Yaxud ölkədə pedaqoji kadrların seçilib yerləşdirilməsi
sahəsində görülən işlər demokratik xarakteri və
keyfiyyətin yüksəldilməsi baxımından əhəmiyyətliliyinə
görə mütərəqqi və müasir tələblərə uyğun hesab edilir.
Məlum olduğu kimi, pedaqoji kadr hazırlığı, xüsusən
müəllimlərin və təhsil menecerlərinin seçilib
yerləşdirilməsi, onların peşəkarlığının yüksəldilməsi
istiqamətində də innovativ tədbirlər həyata keçirilir.
Artıq ümumi təhsil müəssisələri və peşə liseyləri
müəllimlərinin seçilib yerləşdirilməsi məqsədi ilə
müsabiqələrin mərhələli şəkildə aparılmasına başlanılmış
və bilikli, səriştəli müəllim kadrlarının müəyyən
olunması üçün potensial imkanlar yaradılmışdır. Bu
tələblər əsasında keçirilən müsabiqənin nəticəsi kimi
2014-2015-ci dərs ilində məktəblərimizdə dərs demək
arzusunda olan 13544 nəfər müəllimdən 1837-si
müsabiqənin üçüncü mərhələsinə buraxılmış, 1304 nəfər
vakant vəzifələri tutmaq hüququ qazanmışdır.
İlk dəfə olaraq Bakı şəhəri üzrə müəllimlərin sınaq
qiymətləndirilməsi keçirilmişdir. 357 məktəbdən olan
28825 müəllim bu qiymətləndirmədə iştirak etmişdir ki,
onlardan 85,6%-i qənaətbəxş, 18,2% yüksək nəticə
göstərmişdir. 14,4%-nin nəticəsi isə zəif olmuşdur.
İlkin nəticələr onu göstərir ki, bu sınaq qiymətləndirmə
texnologiyası müəllimlərin peşəkarlığının yüksəldilməsi,
onların məsuliyyətliliyinin artırılması baxımından
əhəmiyyətlidir. Belə bir təcrübənin sistemli olaraq ölkə
miqyasında keçirilməsi müəllimlərin səriştəliliyinin
inkişaf etdirilməsi vasitəsi kimi daha da
genişləndirilməlidir.
Görülmüş tədbirlər içərisində "Müəllimlərin etik
davranış qaydaları"nın təsdiq olunması da xüsusi yer
tutur. Azərbaycan təhsili tarixində ilk dəfə
hazırlanaraq qəbul edilmiş bu qaydalar özündə etik
davranış prinsiplərini, müəllim şəxsiyyətinə və onun
müxtəlif situasiyalarda münasibətlərinə aid tələbləri,
müəllimin andını və sair məsələləri əhatə edir.
Pilot layihəsi çərçivəsində məktəb direktorları və
gələcəkdə bu arzuda olan pedaqoji kadrlar üçün Bakı
şəhərində 5 aylıq hazırlıq kurslarının təşkil olunması
da kefiyyətli müəllim kadrlarının hazırlanması sahəsində
atılmış ilk innovativ addımlardandır. Mərhələlərlə
həyata keçirilən bu kurslarda 547 nəfər iştirak etmiş,
onlardan 164 nəfər növbəti mərhələyə keçmişdir. Onlardan
42 nəfəri bu təlimləri müvəffəqiyyətlə başa vuraraq
"uğur sertifikatı" almışdır. Yaxud Azərbaycan təhsil
şəbəkəsinə qoşulmuş təhsil müəssisələrinin sayı 1765-ə
(39%) çatmışdır və s. Bütün bunlar Azərbaycanda təhsil
sahəsində dəyişikliklərin sürətli və daha geniş xarakter
almasını göstərir.
Müəllimlərin sentyabr konfranslarında istər plenar,
istərsə də bölmə iclaslarında həm respublika, həm də
rayon miqyasında görülmüş bu işlər təhlil olunmalı,
nöqsanların səbəbləri araşdırılmalı və növbəti tədris
ilində işlərin səmərəli təşkil edilməsi məqsədilə
konkret tədbirlər müəyyənləşdirilməlidir.
Azərbaycanda təhsil islahatlarının həyata kecirilməsi
istiqamətində görülmüş tədbirlərin sayını çoxaltmaq
olar. Lakin ən başlıcası ondan ibarətdir ki, təhsil ölkə
rəhbərliyinin diqqət mərkəzində dayanan ən önəmli
sahədir. Ona daim qayğı göstərilir. 2013-cü il
oktyabrın 24-də Dövlət Strategiyasının islahatın növbəti
mərhələsi kimi qəbul olunması da həmin qayğının
nəticəsidir. 5 istiqamətdə quruculuq fəaliyyəti tələb
edən bu sənəd özünün mahiyyəti və məzmununa görə
ölkəmizin tarixində ən proqressiv sənədlərdən hesab
edilir. Orada Azərbaycanın gələcək həyatının əsasını
təşkil edən demokratik və humanist təhsil quruculuğuna
dair strategiya təqdim edilir. Təhsilin məzmunu, kadr,
infrastruktur, idarəetmə və maliyyə məsələləri ilə bağlı
müasir yanaşmalardan ibarət olan bu sənədin reallaşması
üçün, ilk növbədə, onun müzakirə edilməsi, müxtəlif
istiqamətlərinin təhlil olunaraq öyrənilməsi bir vəzifə
kimi tələb olunur. Birmənalı şəkildə nəzərə alınmalıdır
ki, bu sənəd təhsil sahəsində çalışan və özünün gələcək
uğurlarını bu sahə ilə bağlayan hər kəsin fəaliyyətinin
əsasını təşkil edir.
2014-2015-ci dərs ili bir sıra xüsusiyyətləri ilə
əlamətdar hesab olunur. Onlardan biri yeni fənlər üzrə
təhsil proqramlarının (kurikulumların), ümumiyyətlə,
yeni təhsil yanaşmalarının ümumtəhsil məktəblərində,
xüsusən VII sinifdə tətbiq olunmasıdır. Bu sahədə
ümumtəhsil məktəblərinin I-VI siniflərində müəyyən
təcrübə olsa da, onun VII sinifdə gündəmə gəlməsi mühüm
pedaqoji innovasiya kimi maraq doğurur. Xüsusilə bu
sinifdə kimya fənninin yeni pedaqoji müstəvidə təqdim
olunması həm kimya müəllimlərinin, həm də məktəb
rəhbərlərinin diqqətinə çatdırılması, onlarda yeni
bacarıqların formalaşması tələb olunur. Əgər biz son
illərdə yeni təhsil proqramlarına (kurikulumlara)
keçidlə bağlı təlim kurslarının təşkili sahəsində əldə
olunmuş təcrübələri nəzərə almış olsaq, o zaman VII
sinifdə bu işin qurulması ilə bağlı o qədər
narahatlığın olmayacağını deyə bilərik. Lakin ongünlük
təlim kurslarının bu ehtiyacı tamamilə ödəyə bilməməsi
sentyabr konfranslarında kimya və eləcə də digər fənn
müəllimlərinin ciddi müzakirələrə qoşulmasını, il
ərzində səmərəli təlim fəaliyyətinin qurulması üçün
tədbirlərin müəyyənləşdirilməsini tələb edir.
Dərs müasir innovasiyaların mərkəzində dayanan, daim
yaradıcılıq tələb edən təlim texnologiyalarından
biridir. Onun keyfiyyəti şagird marağı ilə bağlı
olduğundan bu məsələ müəllimləri həmişə düşündürür. Bu
gün təhsilalanların xeyli hissəsi də məhz bir çox
hallarda dərsin maraqlı olmadığını əsas gətirir. Dərsin
maraq effektlərinin yaradılması barədə müzakirələrdə çox
vaxt müəllimlər hazır texnologiyalara, strateji
yanaşmalara ehtiyacın olmasını qeyd edirlər. Bu, nə
dərəcədə məqsədəuyğundur? Şagirdlərin səviyyələrindəki
müxtəlifliyi və tələbatlarının eyni olmadığını nəzərə
almış olsaq, o zaman maraq effektinin yaranması, eləcə
də müxtəlif texnologiyalarla bağlı standart yanaşmaların
yaradılması nə dərəcədə məqbul hesab edilə bilər?
Amerika təhsilşünası Heydi Heyez Ceykbsın təbirincə
demiş olsaq, "Bir pedaqoq kimi bizim mübarizəmiz
təlimalanların tələbatlarını sürətlə dəyişən dünya ilə
uzlaşdırmaqdan ibarətdir. Odur ki, bu sahədə olan
fəaliyyətimizdə biz öz perspektivimizi, yanaşma
tərzimizi daha da genişləndirməliyik" (Heydi Heyez
Ceykbs. Kurikulum 21. Dəyişən dünya üçün əsas təhsil.
Aleksandriya Virginiya, ABŞ, ASCD, 2010). Təhsilin bütün
parametrlərində şagirdlərin maraq dünyasını qabaqlamalı,
onların təlimə təşviq olunmasına təminat yaratmalıyıq.
Təbii ki, bu sahədə təcrübəli müəllimlərin məruzə və
çıxışlarının dinlənilməsi ən etibarlı üsullardan biri
ola bilər.
Konfransda həm də müasir müəllimin yeni təhsil
proqramları, xüsusilə təhsil standartları üzrə işləməsi
məsələsinə də yer ayrılmalıdır. Bu zaman təcrübəli
müəllimlərin hazırlamış olduğu "Standartdan dərsə"
modeli üzrə çıxışları ətrafında müzakirələr, nümunələrin
hazırlanması ilə bağlı fəaliyyətlər təşkil olunmalıdır.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, nəinki
Azərbaycanda, hətta dünya ölkələrində təhsil
standartlarının yaşı çox deyildir. Araşdırmalar göstərir
ki, ötən əsrin 70-ci illərindən başlayaraq təhsil
standartları barədə müxtəlif yanaşmalar
formalaşmaqdadır. Bu yanaşmalarda təhsil standartı adı
ilə məqsədin, məzmunun, gözlənilən nəticələrin, bəzən
texnologiyaların və qiymətləndirmə mexanizmlərinin əhatə
olunmasına rast gəlmək mümkündür. Lakin Azərbaycanda
2006-cı ildən istifadə olunan kurikulumlarda standartlar
onun tərkib hissəsi kimi təqdim olunur. Bu isə kurikulum
anlayışı ilə müqayisədə standart anlayışının qismən
kölgədə qaldığını göstərir. Bəzi hallarda standartın
kurikulum anlayışı kimi başa düşülməsi də müşahidə
olunur. Yeni qəbul olunmuş Dövlət Strategiyasında
standart və kurikulumların hazırlanması vəzifəsinin
qarşıya qoyulması və onların səriştələrə söykənən
nəticəyönümlü məzmun kimi yaradılması təhsil
standartları anlayışına yeni yanaşma tərzinin
formalaşdığını göstərir. Artıq müəllimlər
fəaliyyətlərini planlaşdırmaq, qurmaq üçün bu yeni
yanaşma tərzindən xəbərdar olmalı, özlərinin
təcrübəsində onlardan istifadə etməlidirlər.
Konfransda bir-biri ilə sıx bağlı olan tədris-təlim
fəaliyyətlərinin, onların interaktiv texnologiyalar
zəminində təşkil olunmasına da diqqət yetirilməlidir.
Təhsil müasir zamanda yeni demokratik, humanist və
humanitar xarakteri ilə fərqlənir. Bu isə təbii olaraq
ümumi təhsil pilləsində ilkin olaraq şagirdin bir
subyekt kimi funksiyasını dəyişir. Onun fəal mövqeyi
şəxsiyyətində yaradıcılıq, axtarıcılıq, tədqiqatçılıq
kimi kreativ fəaliyyətlə müşayiət olunan keyfiyyətlərin
formalaşması ilə nəticələnir. Müəllimlər isə daha çox
istiqamət vermək, əlaqələndirmək funksiyalarını yerinə
yetirməklə şagirdlərlə əməkdaşlıq mövqeyində dayanırlar.
Müasir dövrdə təhsilin məzmun komponenti kimi dərslik
tarixi funksional rolunu bu gün də daşıyır. Xüsusilə
təlim prosesinin səmərəlilik faktoru kimi çıxış edir.
Müəllim tədris fəaliyyətində dərslik amilinə daha çox
istinad etməklə, demək olar ki, bütün imkanlarını onunla
bağlayır. Ona görə də az qala özünün əvəzolunmaz
müəllimlik fəaliyyətindəki uğursuzluqlarını onunla
əlaqələndirir. Bu zaman o, məntiqi olaraq özünün
müstəqil yaradıcı fəaliyyətini inkar etmiş olur. Əslində
bu günün müəllimi özünün innavatorluğu, qabaqcıllığı,
xüsusilə yaradıcı fəaliyyəti ilə daha çox fərqlənir.
Çünki müasir zamanda inkişafyönümlü təhsil sistemində
olmaq, fəaliyyət göstərmək üçün müəllimdən hər addımda
pedaqoji fakt və hadisələrə, şagirdlərinə yaradıcı
yanaşmaq missiyasını daşımaq bir nəfər kimi tələb
olunur. Bu isə müəllimin qarşısında dərsliklərlə bağlı
daha geniş yaradıcılıq imkanlarının olduğunu göstərir.
Ölkəmizdə intellekt dərsliklərinin yaradılması
istiqamətində işlər aparılır. Artıq 2014-2015-ci dərs
ili üçün 271 adda 7,7 milyon nüsxədə dərslik və müəllim
üçün metodik vəsait hazırlanmışdır.
Məlum olduğu kimi, dərsliklərin yaradılması sahəsində
xeyli təcrübə vardır. Etiraf etmək lazımdır ki, uzun
illərin sınağından çıxmış bu təcrübə prosesində
müxtəlif təhsil sahələrini, fənləri təmsil edən
dərsliklər yaradılmışdır. Buna baxmayaraq, həmişə
dərsliklərin hazırlanması müzakirə obyektinə çevrilmiş,
daha yaxşı dərsliyin meydana çıxarılması mütəxəssislərin
uğuru kimi dəyərləndirilmişdir. Zaman dəyişmiş, müstəqil
Azərbaycanın müstəqil təhsil sisteminin qurulması
prosesində bu missiya bu gün də aktual olaraq
qalmaqdadır. Alimlər düşünür və belə qənaətə gəlirlər
ki, "Dərslik necə olmalıdır? Yeni pedaqoji təfəkkür
baxımından bu sual son dərəcə aktualdır. Müasir
dərsliklərdə şagirdlərdə inkişaf və tərbiyə ediləcək
keyfiyyətlər layihələşdirilməlidir" (Əlizadə Ə.Ə. Müasir
Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı:
Pedaqogika, 2004). Deməli, dərsliklər inkişafetdirici və
tərbiyəedici funksiyası ilə fərqlənməli və xüsusi
missiya daşımalıdır. Onların məzmun və strukturunda
şagirdi təşviq edən, istiqamətləndirən və müəyyən
qənaətə gəlməkdə ona dəstək verən bir metodik sistem
olmalıdır. Hər bir dərsliyin özünə məxsus belə bir
sistemə malik olması onun ümumi xarakter daşıması ilə
yanaşı, həm də fərdi xüsusiyyətə malik olmasını
göstərir. Eyni zamanda onun pedaqoji araşdırmaların
nəticəsi kimi meydana gələn modelinin ilkin olaraq
müxtəlif mərhələlərdə müzakirə olunmasını və
təcrübi-eksperimental qaydada sınaqdan keçirilərək
istifadəyə verilməsini ciddi vəzifə kimi qarşıya qoyur.
Ölkəmizdə aparılan təhsil islahatı çərçivəsində
dərsliklərin hazırlanması işinin təkmilləşdirilməsi,
onun ən etibarlı təlim vasitəsi kimi məktəbə təqdim
olunması bu baxımdan əhəmiyyətli hesab edilir ki,
konfransda müəllimlərin bu məsələlərə münasibət
bildirmələri faydalı sayılır.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi mühüm
pedaqoji texnologiyalardan biri kimi müasir məktəbin
idarə edilməsində daha geniş istifadə olunur. Bu, çox
hallarda idarəetmə texnologiyalarının mühüm komponenti
kimi izah edilir. Əslində, belə bir yanaşma tərzi təbii
hesab olunmalı, daha çox keyfiyyətin idarə edilməsinin
əsas vasitələrindən biri kimi dəyərləndirilməlidir.
Bu gün ölkəmizdə həyata keçirilən şagird
nailiyyətlərinin qiymətləndirilməsi sahəsində siyasət
ciddi normativ-hüquqi əsasa söykənən və humanist
məqsədlərə xidmət edən bir fəaliyyət kimi
formalaşmaqdadır. Yeni təhsil proqramlarının
(kurikulumların) tətbiqi dövründə bu sahədə xeyli
təcrübə toplansa da müəllim və şagirdlərin fəaliyyətinin
nizamlanması baxımından xeyli dəqiqləşdirilməli və
konkretləşdirilməli məsələlər də vardır ki, konfransda
bu məsələlər ətrafında da müzakirələrin açılması
məqsədəuyğun hesab edilir. Xüsusilə "Ümumi təhsil
məktəblərində məktəbdaxili qiymətləndirmənin
aparılmasına dair Müvəqqəti Təlimat" və Azərbaycan
Respublikası təhsil nazirinin 07 iyul 2014-cü il
tarixli, 782 nömrəli əmrilə onda aparılan dəyişikliklər
barədə müəllimlərə bir daha məlumat verilməli, onların
fəaliyyəti istiqamətləndirilməlidir.
Təhsil quruculuğunda məktəbin funksiyası da dəyişir. 12
illik məktəbin yaradılması ümumi təhsilin "yaddaş
məktəbi"ndən "təfəkkür və düşüncə məktəbi"nə keçidlə
müşayiət olunur. Belə bir funksiyanın yaranması məktəbin
mahiyyət dəyişikliyi kimi başa düşülür. İstər-istəməz bu
dəyişiklik, öz növbəsində, yeni məzmun və strukturun
yaradılmasını tələb edir. Təfəkkürün inkişaf
etdirilməsi, intellektual bir səviyyənin
formalaşdırılması məktəbin aparıcı missiyasına çevrilir.
Bu işdə məktəbin bütün struktur vahidləri kompleks
qaydada birləşərək fəaliyyət göstərməli olur. Adi
dəhlizdən tutmuş kitabxanaya, sinif otaqlarına qədər hər
yerdə son dərəcə böyük maraq yaradan öyrədici mühitin
formalaşdırılması məktəbin müasir didaktik imkanları
kimi dəyərləndirilir. Yalnız belə olduğu təqdirdə
şagirdlərin öyrənmək, yaratmaq həvəsini inkişaf etdirmək
mümkündür. Heç şübhəsiz, hər bir bölgədə belə təhsil
müəssisələri olmamış deyildir. Onların təcrübələrinin
öyrənilib ümumiləşdirilməsi və yayılması istiqamətində
fəaliyyətimizi genişləndirməliyik.
Unutmaq olmaz ki, təhsil sosial fenomen olduğu kimi,
məktəb də ictimai ab-havada dəyişən, formalaşan bir
qurumdur. Onun uğurlarında cəmiyyətin dəstəyi son dərəcə
vacibdir. Azərbaycan Respublikasının təhsil naziri
Mikayıl Cabbarovun "Müəllimlik bir missiyadır" adlı son
müsahibəsində xüsusi olaraq qeyd etdiyi məsələlərdən
biri də elə bu problemlə bağlıdır: "Təcrübə göstərir ki,
akademik göstəricilərin artmasına daha çox sosial mühit
təsir edir. Çünki hər şey dəyərləndirmə şkalasından,
şagirdin ailəsinin, qohumlarının, onun əhatəsinin
təhsilə olan münasibətindən başlayır. Sosial kontekstin
dəstəyi olmadan güclü müəllim faktoru kömək etmir. Bu
səbəbdən də bizim işimiz təkcə təhsil sisteminin
optimallaşdırılmasından deyil, müəyyən mənada dəyərlər
sisteminin yaxşılaşdırılmasından ibarətdir".
Odur ki, müasir zamanda cəmiyyətin təhsil mədəniyyətini
yüksəltmək üçün fəallığımızı artırmalıyıq. Məktəblərin,
təhsil qurumlarının cəmiyyətlə qarşılıqlı fəaliyyətinin
güclənməsinə, onların məktəblə əlaqə imkanlarını
artırmaq məqsədi ilə sistemli maarifləndirmə işlərinin
aparılmasına diqqət yetirməliyik.
Bu gün islahatçılıq fəaliyyətimizin başlıca
istiqamətlərindən biri infrastruktur dəyişikliklərinin
aparılmasıdır. Artıq Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il tarixli sərəncamı ilə
Azərbaycan Respublikası Təhsil Nazirliyinin yeni
strukturu təsdiq olunmuşdur. Dövlət Strategiyasına uyğun
olaraq qəbul olunmuş bu struktur respublikada təhsil
sistemini təkmilləşdirmək və səmərəliliyini artırmaq
məqsədi daşıyır. Eləcə də 12 illik sistemə keçidlə
əlaqədar olaraq ümumi təhsilin infrastrukturunda
dəyişikliklər aparmaqla onu daha da müasirləşdirmək
gələcək fəaliyyətimizin prioritet istiqamətlərindən biri
kimi qarşıda dayanır. Təbii ki, bütün bu infrastruktur
dəyişiklikləri gələcəyin perspektivləri kimi ciddi
hazırlıq aparmağı, eyni zamanda səfərbər olmağı tələb
edir. Pedaqoji ictimaiyyətin fəal üzvləri kimi konfrans
iştirakçılarının da bu məsələ ilə bağlı arzu və
təkliflərini bildirmələri məqsədəuyğun hesab edilir.
İstedadlılarla iş Azərbaycanda həyata keçirilən təhsil
siyasətinin başlıca istiqamətlərindən biridir. Bu işin
yüksək səviyyədə təşkil olunması xalqımızın intellektual
səviyyəsinin yüksəldilməsi, gələcək inkişafı baxımından
əhəmiyyət daşıyır. İstedadların seçilməsi, inkişaf
etdirilməsi sahəsində təhsil müəssisələrinin üzərinə
daha böyük məsuliyyət düşür. Odur ki, ümumtəhsil
məktəblərinin istedadlılarla apardığı işə dair müzakirə
açılarkən, ilk növbədə, məktəbin bu sahədə konkret
fəaliyyət istiqamətini müəyyənləşdirmək, istedadlıların
müəyyən olunması üçün şəraitə uyğun vasitə və üsulları
seçmək, eyni zamanda istedadlıların inkişaf etdirilməsi
ilə bağlı strategiyalar hazırlamaq ətrafında fikir
mübadilələri aparılması tövsiyə edilir.
Bu gün Azərbaycan Respublikasının Təhsil Problemləri
İnstitutunun strukturunun köklü şəkildə dəyişilməsi,
onun fəaliyyətinin Dövlət Strategiyasının tələbləri
baxımından səmərəli və keyfiyyətli qurulmasına
yönəldilmişdir. Aparılan araşdırmaların tematikası
Azərbaycan təhsilinin müasir problemlərinə
yönəldilmişdir. Artıq son bir ildə "Azərbaycan
Respublikasında məktəbəqədər təhsil proqramı
(kurikulumu)", 2014), "Məktəbəqədər təhsil müəssisələri
üçün təlim materiallarının təxmini planlaşdırılması
(metodik tövsiyə)", 2014), "Məktəbəqədər təhsilin yeni
məzmununun xüsusiyyətləri (metodik tövsiyə)", 2014),
"Yeni təhsil proqramlarının (kurikulumların) tətbiqi
məsələləri" 2014) adda kitablar hazırlanaraq çap
edilmişdir. Son günlərdə "Təhsil işçilərinin 2014-cü il
sentyabr konfransları üçün tövsiyələr" kitabı nəşr
olunmuşdur. Bundan əlavə, ikinci xarici dil fənni üzrə
dörd adda tövsiyə hazırlanaraq müzakirəyə təqdim
edilmişdir. Eyni zamanda bu il fənlər üzrə standart və
kurikulumların çap edilməsi planlaşdırılmışdır.
Təbii ki, bir qəzet məqaləsində sentyabr konfransları
kimi müəllimlərin möhtəşəm tədbirində müzakirə olunacaq
bütün məsələləri əhatə etmək imkan xaricindədir. Orada
yalnız ən ümumi məsələlərdən danışmaq mümkündür.
Şübhəsiz, müəllimlərimiz, geniş pedaqoji ictimaiyyət
2014-cü il sentyabr konfraslarını mütəşəkkil qaydada,
yüksək səviyyədə təşkil edəcək və müvəffəqqiyyətlə başa
vuracaqlar. Hamıya bu işdə uğurlar arzulayırıq.
Müzakirələrinizin nəticələrini, arzu və təkliflərinizi
bu ünvana (Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 96,
Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu)
göndərə bilərsiniz.
Qulu NOVRUZOV,
Təhsil Problemləri İnstitutunun direktoru, hüquq üzrə
fəlsəfə doktoru |