Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
avqustun 23-də Bakının Xəzər rayonunun Binə
qəsəbəsindəki 121 nömrəli orta məktəbin yeni korpusunun
əsaslı təmir və yenidənqurma işlərindən sonrakı
vəziyyəti ilə tanış olub.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı
təmiri və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş
tədbirlər planına uyğun olaraq paytaxtın orta ümumtəhsil
məktəblərinin əsaslı təmir və yenidənqurma işləri hər il
olduğu kimi, bu il də davam etdirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov 121 nömrəli məktəbdə görülən əsaslı təmir və
yenidənqurma işləri ilə bağlı Prezident İlham Əliyevə
məlumat verdi. 1934-cü ildə istifadəyə verilən məktəbdə
2006-2007-ci illərdə əlavə korpus inşa edilib. Məktəbin
köhnə korpusu yararsız vəziyyətdə olduğuna görə 2012-ci
ildə sökülərək müasir standartlara uyğun yeni korpus
inşa olunub. Qeyd edək ki, ötən il Prezident İlham
Əliyev bu korpusun açılışında iştirak edərkən ikinci
korpusun da əsaslı şəkildə yenidən qurulmasına ehtiyac
olduğu dövlətimizin başçısının diqqətinə çatdırılmışdı.
Prezident İlham Əliyev ikinci korpusun əsaslı şəkildə
yenidən qurulması ilə bağlı yerindəcə göstərişlər
vermişdi. Şəhid Əmirəhməd Quliyevin adını daşıyan
məktəbin 3 mərtəbədən, 35 sinif otağından ibarət 780
şagird yerlik yeni korpusu dövlətimizin başçısının
tapşırıqlarına uyğun olaraq bu il əsaslı şəkildə yenidən
quruldu.
Prezident İlham Əliyev korpusda yaradılan şəraitlə
yaxından tanış oldu.
Buradakı bütün sinif otaqları və ayrı-ayrı fənn
kabinetləri ən müasir standartlar səviyyəsindədir.
Məktəb lazımi avadanlıq və ləvazimatlarla təchiz edilib.
Bu təhsil ocağında müasir istilik və işıqlandırma
sistemləri qurulub, 1 hektarlıq həyətyanı ərazidə
abadlıq və yaşıllaşdırma işləri görülüb.
AzərTAc |