Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən güləş
üzrə gənclər arasında dünya çempionatına yekun vurulub.
Azərbaycan Güləş Federasiyasının məlumatına görə,
çempionatın üçüncü günündə çəkisi 44, 51, 59 və 67
kiloqram olan gənc qızlar mübarizə aparıblar.
Böyük məşqçi Aslan Ağayev və məşqçi Həsrət Məmmədyarovun
rəhbərliyi altında ölkəmizi Türkan Nəsirova (44 kq),
Şəfəq Muradzadə (48 kq), Almaz İsmayılova (51 kq),
Solmaz Həşimzadə (55 kq), Elmira Qəmbərova (63 kq),
Raqnetta Qurbanzadə (67 kq) və Səbirə Əliyeva (72 kq)
təmsil ediblər. Yarışların üçüncü günündə komandamız 3
çəki dərəcəsində təmsil olunub və 1 bürünc medala sahib
çıxıb.
Komandamıza bürünc medalı 67 kq çəki dərəcəsində
mübarizə aparan Raqnetta Qurbanzadə qazandırıb. Xanım
güləşçimiz ilk görüşdə Yaponiya təmsilçisi ilə
qarşılaşıb. Görüş güləşçimiz üçün uğurlu olmasa da,
rəqibin finala çıxması ilə Raqnetta təsəlliverici
görüşlərə qatılmaq şansı əldə edib. Bolqarıstan
güləşçisi ilə qarşılaşan təmsilçimiz görüşdə qələbə
qazanıb və bürünc medal uğrunda güləşmək hüququ əldə
edib. Həlledici görüşdə İsveç idmançısını məğlub edən
pəhləvanımız bürünc medala layiq görülüb.
Yarışların dördüncü günündə 48, 55, 63 və 72 kiloqram
çəki dərəcələrində gənc qızlar qüvvələrini sınayıb.
Güləşçilərimiz günü 1 qızıl və 1 bürünc medalla başa
vurublar. 55 kq çəkidə təmsilçimiz Solmaz Həşimzadə
Tunis, Polşa və Türkiyədən olan rəqiblərini üstələyərək
yarımfinala yüksəlib. Bu mərhələdə Ukrayna güləşçisinə
məğlub olan təmsilçimiz bürünc medal uğrunda görüşə
çıxıb. Son görüşdə Solmaz Kanada güləşçisinə qalib
gələrək dünya çempionatının bürünc medalına yiyələnib.
Çəkisi 72 kq olan idmançıların mübarizəsində Səbirə
Əliyeva ölkəmizi təmsil edib. Mübarizəyə 1/8 finaldan
başlayan xanım güləşçimiz ardıcıl olaraq Xorvatiya,
Türkiyə və Qazaxıstan təmsilçilərini məğlub edərək
finala yüksəlib. Həlledici mərhələdə idmançımızın rəqibi
rusiyalı Anjela Katayeva olub. Rəqibinə böyük hesabla
qalib gələn güləşçimiz dünya çempionu adını qazanıb.
Digər xanım güləşçilərimiz Türkan Nəsirova (44 kq),
Şəfəq Muradzadə (48 kq), Almaz İsmayılova (51 kq) və
Elmira Qəmbərova (63 kq) məğlub olaraq mükafatçılar
sırasına düşə bilməyiblər.
Beləliklə, qızlardan ibarət güləş yığmamız 1 qızıl və 2
bürünc medal qazanıb.
Yarışların beşinci günündə sərbəst güləşçilər mübarizəyə
başlayıblar. Döşək üzərinə ilk olaraq çəkisi 50, 60, 74
və 96 kiloqram olan pəhləvanlar çıxıblar. Güləşçilərimiz
1 gümüş və 1 bürünc medala layiq görülüblər.
60 kq çəkidə yarışan Vurğun Əliyev ilk görüşündə ABŞ
idmançısına məğlub olsa da, rəqibin finala yüksəlməsi
ilə təsəlliverici görüşlərə çıxmaq şansı əldə edib.
Ardıcıl olaraq Yaponiya və Gürcüstan idmançılarını
mübarizədən kənarlaşdıran güləşçimiz bürünc medal
uğrunda yarışda Belarus təmsilçisindən üstün olub.
Rəqibi üzərində inamlı qələbə qazanan Vurğun Əliyev
dünya çempionatının bürünc medalına sahib olub.
Çəkisi 74 kq olan idmançıların yarışında komandamızı
Məhəmmədhacı Muxutov təmsil edib. Gənc pəhləvanımız
finala qədər inamla irəliləyib. Yeni Zelandiya, İsveçrə
və Belarus idmançılarını mübarizədən kənarlaşdıran
təmsilçimiz, yarımfinalda İran pəhləvanına öz gücünü
göstərib. Güləşçimiz finalda Fransa təmsilçisi ilə
qarşılaşıb. Gərgin keçən görüş rəqibin xeyrinə başa
çatıb və güləşçimiz gümüş medalla kifayətlənib.
Çempionatın son günündə çəkisi 55, 66, 84 və 120
kiloqram olan sərbəst güləşçilər döşək üzərinə çıxıblar.
Güləşçilərimiz yarışların sonuncu günündə 1 gümüş medal
qazanıb.
55 kq çəki dərəcəsində Mircəlal Həsənzadə finala qədər
maneəsiz irəliləyib. Ardıcıl olaraq Qazaxıstan və
Yaponiya güləşçilərini təmiz qələbə, Gürcüstan
güləşçisini böyük hesabla üstələyən təmsilçimiz
yarımfinalda ABŞ idmançısı ilə qarşılaşıb. O, bu
mərhələdə ABŞ təmsilçisi Gilman Tomasa qalib gələrək
finala yüksəlib. Həlledici mərhələdə Mircəlal Həsənzadə
Rusiya idmançısına minimal xal fərqi ilə məğlub olaraq
dünya çempionatının gümüş medalına sahib çıxıb.
Digər güləşçilərimiz - Arif Hüseynov (50 kq), Murad
Süleymanov (66 kq), Nurməhəmməd Hacıyev (84 kq), Səid
Həmidov (96 kq), Oyan Nəzəriani (120 kq) çempionatı
medalsız başa vurublar.
Xatırladaq ki, çempionatın ilk iki günündə yunan-Roma
güləşçiləri 5 qızıl və 1 gümüş medal qazanaraq komanda
hesabında dünya birincisi olmuşlar.
Beləliklə, gənclərdən ibarət güləş yığmalarımız dünya
çempionatını 12 (6 qızıl, 3 gümüş, 3 bürünc) medalla
başa vurublar. |