Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Avqsut 2014 - №32

 

Balkan Riyaziyyat Olimpiadasının medalçıları

 

Böyütmək üçün şəkili seçinAzərbaycanı  müxtəlif  beynəlxalq  bilik yarışlarında təmsil edən məktəblilərimizin ayrı-ayrı ölkələrdən olan iştirakçılar arasında  üstünlük  əldə etmələri,  üçrəngli bayrağımızı yüksəkliklərə qaldırmaları,  hər dəfə medallarla Vətənə dönmələri  hər birimiz üçün  sevindirici  məqamdır. Azərbaycan təhsilinin yetirmələrinin Balkan Riyaziyyat Olimpiadasında çıxışı da qürurverici məqamları  ilə yadda qalıb. Azərbaycan  Beynəlxalq  Təhsil  Mərkəzinin  Bakı liseyinin şagirdi  Məhəmməd Şirinov Makedoniyada keçirilən 18-ci Beynəlxalq Junior  Riyaziyyat Olimpiadasında qızıl medal alaraq üçrəngli bayrağımızı qürurla  dalğalandırıb.  Bu,  adıçəkilən  olimpiadada  Azərbaycanın qazandığı ilk qızıl medal hesab olunur.  Onun komanda yoldaşlarından Anar Hüseynov və Mirəli  Əhmədli də fərqləniblər.  Hər ikisi olimpiadanın bürünc  medalını qazanıb. Qaliblərlə yaxından tanış olaq: 

Məhəmməd Şirinov 1999-cu  ildə  Bakıda  anadan olub.  I-IV sinifləri  286 nömrəli tam  orta məktəbdə,  V-VI   sinifləri  Bakı  Dövlət  Universitetinin  nəzdindəki  "Gənc istedadlar"  liseyində  oxuyub.   Daha  sonra  Azərbaycan  Beynəlxalq Təhsil Mərkəzinin  Bakı liseyinin  VII  sinfinə qəbul  olmaq üçün imtahan verərək  bu təhsil ocağına daxil olub. 

"Azərbaycan tarixində Balkan olimpiadasında  ilk qızıl medala layiq görüldüm" 

- VII sinfin 2-ci yarımilində olimpiadaya  seçilmək  üçün  riyaziyyat  və  məntiqdən imtahan  verdim. Yaxşı  nəticə  göstərərək  hazırlaşmaq  üçün  uşaqlıqdan  böyük maraq  göstərdiyim  riyaziyyat  fənnini seçdim.  Bu mötəbər bilik yarışmasına hazırlıqlar  IX  sinifdən  başlayırdı,  lakin  mən  olimpiada  koordinatoru  Fuad  Qarayevin  məsləhəti ilə  VIII  sinfin  əvvəlində  IX  sinif  şagirdlərilə  bir  yerdə  imtahan  verib  yüksək nəticə  göstərdiyimə  görə  komandaya  üzv  seçildim.  Beləcə,  VIII  sinifdən  ciddi olaraq  olimpiadaya  hazırlaşmağa  başladım.   2013-cü  ilin  iyun  ayında Türkiyədə  keçirilən  və  ilk  olimpiadam  olan  Yeniyetmələr arasında 17-ci  Balkan Riyaziyyat Olimpiadasında  iştirak  edib  gümüş medal qazandım.  Növbəti ildə, yəni  IX sinifdə də olimpiada üçün hazırlaşmağa  davam  etdim  və  2014-cü ildə Respublika  Riyaziyyat  Olimpiadasında  1-ci yeri tutdum.  2014-cü ilin  yanvarında Qazaxıstanda  və   mayda  Bolqarıstanda  beynəlxalq  olimpiadalarda iştirak etdim.  Lakin  həmin  il  daha  maraqla  gözlədiyim  olimpiada  yeniyetmələr arasında  18-ci  Balkan Riyaziyyat  Olimpiadası idi.  Bunun  əsas səbəbi  isə  həmin olimpiadada  Azərbaycandan  hələ heç kimin  qızıl medal almaması idi.  2014-cü  ilin  iyun ayında  6  nəfərlik  komanda  və komanda  rəhbəri  Elvin Məmmədov  ilə  bu  olimpiadada  iştirak  etmək  üçün Makedoniyaya yola düşdük.  Hər biri  10  balla  qiymətləndirilən  4  sualdan  38 bal toplayaraq  Azərbaycan  tarixində  bu olimpiadada    ilk qızıl  medala  layiq görüldüm.  Bundan başqa, olimpiadada  digər ölkələrdən olan  iştirakçılarla tanış olduq və  bir yerdə maraqlı vaxt keçirdik.  Bu uğurlarıma  görə  bizə  dərs keçən və çoxsaylı  məsləhətlər  verən  müəllimlərimdən  Fuad Qarayev,  Fuad Əliyev,  Elvin Məmmədov, Rafail Əlizadə,  İlqar Ramazanlı,  Cəfər Cəfərov,  Rafiq Quliyevə  və həmçinin olimpiadalara  bir  yerdə  hazırlaşdığımız  İsmət,  Fərid  və  Fərmana təşəkkür edirəm.  Bundan  sonra  da  olimpiadalara  hazırlaşaraq  Azərbaycan bayrağını  dalğalandırmaq,  Azərbaycan  təhsilinin gücünü göstərmək,   müəllimlərimin  və  ən  əsası, valideynlərimin  mənə  olan  ümidini  doğrultmaq  ən böyük məqsədlərimdən biri olacaq.  

"Müəllimlərimin zəhmətini medalla ödəməliydim" 

Mirəli Əhmədli  2000-ci il dekabrın  9-da  Gəncə  şəhərində anadan olub. İlk təhsilinə  şəhər 4 nömrəli  tam  orta  məktəbdə  başlayıb. Sinifdə  ən  yaxşı  oxuyan  şagirdlərdən  biri olub.  İbtidai  sinfi bitirdikdən   sonra 27 nömrəli  məktəbin  Xüsusi İstedadlar Sinfində (XİS) oxuyub.

- VII sinifdə Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin Gəncə liseyinə qəbul olundum və  yanvar   ayında  olimpiadaya  seçim  üçün  məntiq  imtahanı oldu. İmtahandan   yüksək  nəticə  ilə  keçdim  və  riyaziyyat  olimpiadaçısı  oldum. VIII sinifdə  imtahan  verərək  təhsilimi,  eləcə də  olimpiadaya  hazırlıq  işlərimi Bakı liseyində davam etdirməyə başladım.  İlin sonunda  hər il  21-26 iyun arasında keçirilən  JBMO (Junior Balkan Mathematics Olimpiad)  üçün seçimlər oldu  və  olimpiadaya  qatılmaq hüququ  əldə etdim.  Makedoniyaya  6 nəfərlik  komanda və liderimiz olaraq  Elvin  Məmmədovla  birlikdə getdik. Bu, mənim  ilk  olimpiadam idi.  Bu  bilik  yarışında  mən  öz müəllimlərim - Elvin müəllim və Fuad müəllimin birillik əməklərinin qarşısında onların haqqının bir qismini medalla ödəməliydim. İmtahan 4  saat 30 dəqiqə çəkdi. Riyaziyyat olimpiadasında 4 fənn üzrə sual verilir (algebra, number theory, geometry, combinatorics) və  hər mövzudan bir sual düşür, yəni cəmi 4 sual var idi. Həmin suallardan ikisindən (Algebra və  Number theory)  tam  bal (10 bal ) alaraq  20  bal  ilə  bürünc  mükafata  layiq  gorüldüm. 

"Hədəfim gələcəkdə xarici ölkədə təhsil almaqdır" 

Anar  Hüseynov  2000-ci il aprelin  23-də  Tovuz rayonunun  Qovlar kəndində anadan olub.  İlk təhsilini  Qovlar  kənd  tam orta məktəbində alıb.  Daha sonra  imtahan verərək Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin  Gəncə Liseyinə qəbul olunub.

Zəhmətkeş ailədə böyüyən Anar uşaqlıqdan  dəqiq  elmlərə  daha  çox   maraq göstərməyə  başlayıb. Riyaziyyat  həmişə onun üçün ən sevimli və maraqlı fənn olub.

Onun səylərini  ailədə də dəstəkləyiblər. Riyaziyyat  fənni  üzrə  xüsusi  qabiliyyəti onu olimpiadalara  hazırlaşmağa  stimullaşdırıb.  Məşhur  fransız yazıçısı O.Balzak deyirdi ki, "biliyin ağası olmaq üçün zəhmətin köləsi olmalısan".  Anar  da  dərsləri ilə yanaşı çalışqanlığı, əməksevərliyi sayəsində fənn olimpiadalarında uğur qazana bilib.

- VII sinfin ortalarından  etibarən  olimpiada  hazırlıqlarına  başladım. VII sinfin sonunda əvvəlcə Qubada, daha sonra Bakıda keçirilən olimpiada komandasına  seçilmək imtahanında  fərqləndim.  Artıq  IX sinifdə oxuyarkən olimpiadaçıların  Bakı seçmə imtahanında  riyaziyyat   üzrə  Azərbaycan komandasına  qəbul olundum  və  ölkəmizi  beynəlxalq  bilik  yarışında  təmsil etmək hüququ qazandım.

Əlbəttə ki,  olimpiadada qazandığım  uğurda valideynlərimin, müəllimlərimin rolu böyükdür.  Müəllimlərim  yorulmadan və  böyük əmək sərf edərək  bizə elmlərin sirlərini öyrədiblər.  Əsas  istəyim  müxtəlif   beynəlxalq  miqyaslı  olimpiadalarda Azərbaycanın nailiyyətlərini artırmaqdır.   Hədəfim  gələcəkdə xarici ölkədə təhsil almaqdır.  

"Azərbaycan üçün elm naminə dünya ilə yarışırıq" 

Məktəblilərimizin olimpiadaya hazırlığı rəhbəri Fuad Qarayev: 

- Makedoniya Respublikasının Oxrid şəhərində keçirilən 18-ci Beynəlxalq Balkan Riyaziyyat olimpiadasında (JBMO)   yaşları 16-dan kiçik olan məktəblilər iştirak edirlər. Əsasən Balkan ölkələri sayılan Rumıniya, Bolqarıstan, Türkiyə, Serbiya, Yunanıstan və s. kimi ölkələrlə yanaşı,  Fransa,  Qazaxıstan,  Azərbaycan da  bu olimpiadada iştirak edir. Olimpiadada 16 ölkədən 104 şagird iştirak etmişdir. Azərbaycan  məktəbliləri bu mötəbər tədbirdə iştirak edərək yüksək nailiyyətlərlə Vətənə geri dönmüşlər.  Xatırlatmaq istərdik ki, Azərbaycan məktəbliləri 2010-cu ildən etibarən hər il bu olimpiadada iştirak edirlər.  Məktəblilərin bu 4 il ərzində uğurlara şağıdakı kimidir: 1 qızıl, 7 gümüş, 5 bürünc medal olmaqla cəmi 13 medal. Ümumilikdə  Azərbaycan məktəblilərinin iştirak etdikləri müxtəlif səviyyəli beynəlxalq riyaziyyat olimpiadalarında: Avrasiya Beynəlxalq Riyaziyyat olimpiadası, Balkan Riyaziyyat olimpiadası (BMO), Junior Balkan Riyaziyyat olimpiadası ( JBMO), Jautıkov Beynəlxaq Riyaziyyat olimpiadası və Beynəlxalq Riyaziyyat olimpiadası (İMO) 6 qızıl, 37 gümüş və 64 bürünc medal olmaqla cəmi 107 medal əldə etmişlər. Əməyi keçən hər kəsə təşəkkür edir, şagirdlərimizi, onların valideynlərini, müəllimlərini təbrik edir və müvəffəqiyyətlərin davamını diləyirik. 

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov