Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına
əsasən, ölkəmizin tarixinin, mədəniyyətinin,
adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş
nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə müxtəlif
şəhər və rayonlarda yaşayan gənclərin digər bölgələrə
"Ölkəmizi tanıyaq" devizi ilə maarifləndirici
tur-aksiyaları davam edir. Aksiya çərçivəsində ölkə
gəncləri Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Quba, Qusar,
Xaçmaz, Şamaxı, İsmayıllı, Qəbələ və digər bölgələrdə
qədim tarixi, mədəniyyət abidələri, Heydər Əliyev
mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, gənclər
mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və s.
obyektlərlə tanış olurlar.
Zərdab rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif
şagirdlərindən ibarət qrup avqustun 19-da təntənəli
mərasimlə İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə
ekskursiyaya yola salınıb.
Mərasimdə çıxış edənlər Prezident İlham Əliyevin
tapşırığı ilə "Ölkəmizi tanıyaq" devizi altında
keçirilən maarifləndirici tur-aksiyalar çərçivəsində
reallaşan bu səfərin yay tətili günlərində şagirdlər
tərəfindən böyük sevinc və minnətdarlıqla
qarşılandığını, Azərbaycanı, onun ayrı-ayrı bölgələrini
yaxından tanımaq imkanı qazanmaq baxımından xüsusi
əhəmiyyət daşıdığını vurğulayıblar. Tur-aksiya
iştirakçıları yolasalma mərasiminə gələnlərin
xeyir-duası ilə Zərdab şəhərindəki Heydər Əliyev
parkının qarşısındakı meydandan onlar üçün ayrılmış
xüsusi avtobusla İsmayıllı rayonunun Lahıc qəsəbəsinə
yola düşüblər.
Tur-aksiyanın bələdçisi, Yarməmmədbağı kənd tam orta
məktəbinin direktoru Kamal Soltanov bildirib ki, 4 gün
davam edən tur-aksiyanın proqramı çox zəngin olub.
Burada məktəblilər nəinki şən və mənalı istirahət edib,
həm də respublikamızın qədim tarixə malik üç bölgəsi ilə
ətraflı tanış olublar. İsmayıllı, Qəbələ və Şəkinin
tarixi abidələri, zəngin muzeyləri, turizm obyektləri
onlarda unudulmaz təəssürat yaradıb.
***
Avqustun 19-da Ağcabədi şəhərinin mərkəzi meydanında
rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin
iştirakı ilə bu rayonun məktəblilərindən ibarət qrupun
İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə "Ölkəmizi tanıyaq"
maarifləndirici tur-aksiyasında iştirak etmək üçün yola
salınması mərasimi keçirilib. Tədbirdə çıxış edənlər
dövlət başçısının tapşırığına əsasən təşkil olunan
aksiyanın əhəmiyyətini yüksək qiymətləndirərək,
məktəblilərə səfərlərinin xoş və mənalı keçməsini
arzulayıblar.
Qeyd edilib ki, "Ölkəmizi tanıyaq" maarifləndirici
tur-aksiyası məktəblilərin dünyagörüşünün artmasında,
onların Vətənimizi daha yaxşı tanımasında və sevməsində
böyük əhəmiyyət kəsb edir. İsmayıllı, Qəbələ və Şəki
rayonlarına yola düşən ağcabədili məktəblilər 4 gün
ərzində tarix və mədəniyyət abidələri ilə, bölgələrdə
həyata keçirilən sosial-iqtisadi inkişafla, Vətənimizin
səfalı yerləri ilə yaxından tanış olacaqlar. Uşaqların
sevincinin hədd-hüdudu yoxdur. Onların bu səfərdən ən
xoş və unudulmaz təəssüratlarla dönəcəklərinə inam ifadə
olunub. Yuxarı Qiyamədinli kənd tam orta məktəbinin IX
sinif şagirdi Qəmər Hacıyeva tur-aksiyada iştirak
etdiyinə görə çox sevindiyini bildirib. Qeyd edib ki,
qədim tarixə malik Şəki şəhərini görmək, tarixi
abidələri ilə tanış olmaq çoxdankı arzum idi. Eyni
zamanda, İsmayıllı və Qəbələ rayonlarının
gözəlliklərini, səfalı yerlərini görəcəyəm.
Ağcabədi şəhərindəki 4 nömrəli tam orta məktəbin IX
sinif şagirdi Kərəm İsmayılov isə fikirlərini belə ifadə
edib: "Şagird dostlarımla ölkəmizin gözəl yerlərini
gəzməyə gedirik. Vətənimizin gözəllikləri, tarixi
abidələri barədə televiziyada gördüklərimizi,
kitablardan oxuduqlarımızı və eşitdiklərimizi özümüz
görəcəyik. Bu səfər bizə çox şey verəcək. Bunun üçün
tur-aksiyanın təşkilatçılarına minnətdarlığımı
bildirirəm".
Tur-aksiyada iştirak edəcək şagird və müşayiətçilər ulu
öndər Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzi
meydanındakı abidəsini ziyarət etdikdən sonra
İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə yola düşüblər.
***
"Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində
İsmayıllı-Qəbələ-Şəki marşrutu ilə hərəkət edən İmişli
və Beyləqan məktəbliləri ekskursiyanın növbəti günündə,
avqustun 18-də Şəkinin tarixi məkanları və görməli
yerləri ilə tanış olub, muzeylərə baş çəkiblər.
Azərbaycan memarlığının nadir incilərindən olan Şəki
xanlarının sarayı ilə tanışlıq məktəblilərə daha xoş
təsir bağışlayıb. Qonaqların diqqətinə çatdırılıb ki, bu
saray XVIII əsrə aid nadir tarix-memarlıq abidəsidir.
Sarayın həyətindəki yaşı 500-ə çatan qoşa Xan çinarlar
məktəblilərin böyük marağına səbəb olub.
Tur-aksiyanın iştirakçıları sonra "Yuxarıbaş" Tarix və
Memarlıq Qoruğunun ərazisində yerləşən Şəki
Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər. Məlumat
verilib ki, 1925-ci ildən fəaliyyət göstərən bu muzeydə
5 minə yaxın eksponat saxlanılır. İmişli və Beyləqan
məktəblilərindən ibarət qruplar daha sonra qoruğun
ərazisində fəaliyyət göstərən "Sənətkarlar evi"nə baş
çəkiblər. Onlar burada şəkili sənətkar, məşhur şəbəkə
ustası Hüseyn Hacımustafazadənin emalatxanasında
olublar. Məktəblilərin diqqətinə çatdırılıb ki, qədim
Şəki torpağı əsrlər boyu sənətkarlar məskəni olub. Şəki
sənətkarlığından söhbət düşəndə, şübhəsiz, şəbəkə sənəti
xüsusi qeyd olunur.
Bu sənətin incəliklərindən bəhs edən usta Hüseyn məlumat
verib ki, şəbəkədə ağacdan hazırlanan ayrı-ayrı hissələr
bir-birinə keçirilir və bənd edilir. Bu zaman yapışqan,
mismar və digər bərkidici materiallardan istifadə
olunmur. Bildirilib ki, şəbəkə Azərbaycanın bütün
bölgələrində geniş yayılsa da ən incə, zərif və gözəl
şəbəkə məhz Şəki xanlarının sarayındadır. Sadə şəbəkənin
bir kvadratmetrinə 5 min xırda detal düşdüyü halda, Xan
sarayındakı pəncərə şəbəkələrinin hər kvadratmetrinə 14
min detal və rəngli şüşə düşür. Vurğulanıb ki, usta
Hüseyn özü Şəki xanları sarayının yenidən bərpasında
yaxından iştirak edib.
Məktəblilər şəbəkə ustasının hazırladığı əl işlərinə
böyük heyranlıqla tamaşa ediblər.
Sonra məktəblilər qoruğun ərazisindəki Yay teatrında
şəhər mədəniyyət və turizm şöbəsinin təşkil etdiyi
maraqlı konsert proqramını izləyib, doyunca rəqs
ediblər.
XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilən
"Yuxarı Karvansaray" mehmanxana kompleksi ilə tanışlıq
da İmişli və Beyləqan məktəblilərinin ürəyincə olub.
Bildirilib ki, Şərq memarlığı üslubunda tikilən bu
tarixi abidə hazırda mehmanxana kimi fəaliyyət göstərir.
Məktəblilər həmin gün Şəkinin digər tarixi yerlərinə də
baş çəkiblər, şəhərin görməli yerləri ilə tanış olublar.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi ilə
keçirilən maarifləndirici tur-aksiya çərçivəsində İmişli
və Beyləqan rayonlarından olan 80 məktəblidən ibarət iki
qrup avqustun 17-də qədim və müasir Qəbələ ilə tanış
olub. Şagirdlərin Qəbələ ilə tanışlığı "Tufandağ"
Qış-Yay Turizm İstirahət Kompleksindən başlayıb.
Şagirdlərə kompleks barədə ətraflı məlumat verilib.
Şagirdlər kanat yolu ilə dağların zirvəsinə qalxaraq
Qəbələ şəhərini, ətrafdakı gözəl mənzərəni seyr edib,
xatirə şəkli çəkdiriblər.
Sonra tarix-diyarşünaslıq muzeyinə gələn məktəblilər
Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin tarixi,
mədəniyyəti və etnoqrafiyası haqqında məlumat əldə
ediblər. Bildirilib ki, muzeyin əsas fondunda Qəbələnin
2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və
elmi əhəmiyyətə malik eksponat mühafizə olunur.
Heydər Əliyev Mərkəzini ziyarət edən şagirdlər burada
ulu öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən
fotoşəkil və sənədlərlə tanış olublar.
"Beltmann" piano fabrikində istehsal prosesi ilə
yaxından tanışlıq zamanı tur-aksiyanın iştirakçılarına
müəssisə barədə ətraflı məlumat verilib.
Nic qəsəbəsinə gələn şagirdlər buradakı "Cotari" alban
kilsəsinə böyük maraqla baxıb, Çuxur Qəbələ kəndində
qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan
arxeoloji qazıntıların nəticələrini seyr ediblər.
Niyazi RƏHİMOV,
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |