12-17
avqust tarixlərində Rusiyanın Altay diyarının Barnaul
şəhərində "İnformasiya texnologiyaları idarəetmədə:
gözlənilən risklər və imkanlar" mövzusunda III
beynəlxalq konfrans keçirilib. "Altayda elektron həftə"
layihəsi çərçivəsində Altay Dövlət Filarmoniyası və
Altay Dövlət Universitetində reallaşdırılan bu
beynəlxalq tədbir Rusiya İnformasiya Cəmiyyətinin
İnkişaf Agentliyi (Moskva), "İnformasiya Təhlükəsizliyi
Xidməti Rəhbərlərinin Assosiasiyası" Regionlararası
İctimai Təşkilatı (Moskva) və Təlim Mərkəzləri
Birliyinin (Barnaul) təşkilatçılığı ilə baş tutub.
Konfransda informasiya-kommunikasiya texnologiyalarının
səhiyyə, idarəetmə, təhsil və s. sahələrdə istifadəsi,
gözlənilən risklər və onların imkanları barədə
təqdimatlar ətrafında geniş müzakirələr aparılıb.
Gündəliyə əsasən ilk gün Altay Dövlət Filarmoniyasında
iştirakçıların qeydiyyatı aparıldıqdan sonra konfransın
plenar iclasları keçirilib. Rusiya İnformasiya
Cəmiyyətinin İnkişaf Agentliyinin (RARİO), Ümumrusiya
Qeyri-Kommersiya Təşkilatları Şurasının idarə heyətinin
sədri Aleksandr Ayqistov iştirakçıları salamlayaraq
tədbiri açıq elan edib.
Avqustun
14-də Altay Dövlət Universitetində "Təhsildə
informasiya texnologiyaları: yeni imkanlar" bölməsinin
moderatoru, Rusiyanın Müasir Təhsil Texnologiyaları
Mərkəzinin direktoru Sergey Bulanov "Distant təhsilin
tədrisə tətbiqi, onun müsbət tərəfləri" mövzusunda
məruzə, İqtisadiyyat, Statistika və İnformatika Moskva
Dövlət Universitetinin (MESİ) prorektoru Aleksandr
Molçanov çalışdığı ali təhsil müəssisəsində mövcud olan
distant təhsil və onun təşkili barədə geniş təqdimatla
çıxış ediblər.
Proqrama uyğun olaraq növbəti çıxış üçün söz konfransa
spiker və ekspert qismində dəvət olunmuş Təhsil
Problemləri İnstitutunun Beynəlxalq əməkdaşlıq və
informasiya şöbəsinin müdiri, əməkdar müəllim Almaz
Həsrətə verilib. O, "Təhsildə informasiya
texnologiyaları: yeni imkanlar" bölməsində "Azərbaycanda
İKT və elektron təhsil" mövzusunda təqdimatla çıxış
edib. Təqdimat iştirakçıların böyük marağına səbəb olub.
Növbəti günlərdə elektron təhsil, dünya təhsil
sistemində distant təhsilə keçid və bu sahədə son
nailiyyətlərə dair çox geniş və maraqlı təqdimatlar
diqqətə çatdırılıb. Tədbirdə Azərbaycanda distant
təhsilə keçidlə bağlı yeniliklər və bu sahədə mövcud
vəziyyət haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, bu konfransda Bakı Modern Məktəbinin
ibtidai sinif müəllimi Sevinc Əliyeva da iştirak edib.
Son 2 gün tədbir iştirakçıları ilə Altay diyarının
Basarqino kənd məktəbinin şagirdlərinin görüşü təşkil
olunub. Səmimi və maraqlı keçən görüşdə Altayın
müxtəlif tədris müəssisələrinin nümayəndələri ölkəmizin
məktəbləri ilə dostluq münasibətləri yaratmaqda maraqlı
olduqlarını bildiriblər. Sonda beynəlxalq tədbir
iştirakçılarına təşəkkürnamə, sertifikat və hədiyyələr
təqdim olunub.
Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi" |