BİLƏSUVAR.
Rayon təhsil şöbəsinin müdiri Balaqardaş Kazımovdan
aldığımız məlumatda bildirilir ki, rayonun Aşağı
Cürəli kəndində 450, Xırmandalı kənd 2 nömrəli tam orta
məktəbi üçün 640 şagird yerlik yeni məktəb binaları
inşa olunur.
Tikilən yeni binalarda geniş və işıqlı sinif otaqları,
fənn kabinetləri, laboratoriyalar, kompüter otağı, qış
idman zalı və s. şagirdlərin elmi biliklərin əsaslarına
yiyələnmələrinə, onların idman bacarıqlarının inkişaf
etdirilməsinə, yeni texnologiyaları öyrənmələrinə imkan
yaradacaq. Binalar qızdırıcı sistemlə təchiz olunacaq
və yeni dərs ilində istifadəyə veriləcək.
YARDIMLI.
Rayon təhsil şöbəsindən redaksiyamıza daxil olan
məlumata görə, dövlət hesabına rayonun Fındıqlı Qışlaq,
Solqard və Zenqaran kəndlərinin hər birində 80 şagird
yerlik ibtidai məktəb binalarında son tamamlama işləri
gedir. Məktəblərdə şagirdlərin yaxşı oxumaları üçün
hər cür şərait yaradılır. Sentyabrda istifadəyə
veriləcək bu məktəb binalarının tikintisindən kənd
sakinləri razılıq edir, onlar təhsilə göstərdiyi qayğı
və diqqətə görə ölkə Prezidenti İlham Əliyevə
minnətdarlıqlarını bildirirlər.
LERİK.
Rayon təhsil şöbəsinin müdir müavini Cəbrayıl Surətovdan
aldığımız məlumatda qeyd edilir ki, Nücü və Vizəzəmin
kənd tam orta məktəbləri üçün inşa edilən 180 şagird
yerlik yeni tədris ocaqlarında son tamamlama işləri
aparılır. Dövlət vəsaiti hesabına tikilən bu binalarda
sinif otaqları, laboratoriyalar tədrisin yüksək
səviyyədə aparılması üçün geniş imkanlar yaradacaq.
Məktəblilər dərs ilini yeni binalarda qarşılayacaqlar.
QAZAX.
Rayon təhsil şöbəsindən bildiriblər ki, təhsil
müəssisələrinin maddi- texniki və tədris bazasının
möhkəmləndirilməsi, yeni məktəb binalarının tikintisi
davam edir. Rayonun Quşçu Ayrım kəndində 180 şagird
yerlik tam orta, Məzəm və Bala Cəfərli kəndlərinin hər
birində 80 şagird yerlik ibtidai məktəb binalarında
gedən işlər artıq yekunlaşmaq üzrədir. Eyni zamanda,
Qarapapaq kəndində olan 180 şagird yerlik ümumi orta
məktəb binasında əsaslı təmir və bərkitmə işləri
aparılır. Yeni məktəb binaları qapılarını "Bilik günü"ndə
pedaqoji kollektiv və şagirdlərin üzünə açacaq.
ŞAMAXI.
Şamaxı rayonunun Mədrəsə qəsəbə tam orta məktəbi üçün
yeni bina inşa olunur.
Dövlət vəsaiti hesabına inşa edilən yeni tədris ocağının
tikintisinə bu ilin yanvar ayından başlanılıb. Hazırda
ikinci mərtəbədə beton işləri görülür.
Tam orta məktəb üçün yeni bina qəsəbədə tədrisin yüksək
səviyyədə aparılmasına imkan verəcək. Binada geniş və
işıqlı sinif otaqları, fənn kabinetləri, laboratoriyalar,
kompüter otağı, qış idman zalı və digər yardımçı otaqlar
olacaq. Burada şagirdlərin biliklərin əsaslarına
yiyələnməsi, idman bacarıqlarının inkişafı, yeni
texnologiyaları öyrənmələri üçün hər cür imkan
yaradılacaq. Bina qızdırıcı sistemlə də təchiz olunacaq.
Qəsəbə tam orta məktəbi üçün yeni binanın gələn ilin
sentyabrında istifadəyə verilməsi nəzərdə tutulub.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |