Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Avqsut 2014 - №32

 

"Uğur sertifikatı" alanlardan 14-ü Bakı məktəblərinə direktor təyin olunub

 

Böyütmək üçün şəkili seçin Bu barədə avqustun 18-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində keçirilmiş brifinqdə məlumat verilib. Brifinqi  açan idarənin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında  təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda  bir sıra məsələlərlə yanaşı təhsildə müasir tələblərə, çağdaş dövrümüzün  çağırışlarına cavab verən idarəetmə sisteminin qurulması da öz əksini tapıb.

Dövlət Strategiyasına uyğun olaraq Təhsil Nazirliyi ötən ilin noyabrında məktəb direktorlarının səriştəliliyinin və idarəetmə bacarıqlarının artırılması təlimlərinə başlayıb. Təlimlərin keçirilməsində əsas məqsəd müasir idarəetmə bilik və bacarıqlarına,  strateji düşüncə tərzinə malik zəruri pedaqoji və psixoloji bilikləri olan məktəb direktorları yetişdirməkdir. Təlimlərə qəbul müsabiqə yolu ilə baş tutub və iştirak üçün 600-dən çox məktəb direktoru və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan şəxs müraciət edib.

Təlimlər zamanı təhsildə keyfiyyətin idarə edilməsi, təhsilin hüququ və peşə etikası, kompüter və təlim texnologiyaları, təhsildə statistika və təhlil, təhsildə liderlik və təşkilatçılıq, psixologiya və fərdi inkişaf, kurikulumun  nəzəriyyəsi və tətbiqi, təhsildə maliyyənin idarə olunması, məktəb icması və ictimaiyyətlə münasibətlərin təşkili mövzuları tədris olunub. Təlimdən müvəffəqiyyətlə keçən 42 nəfər "uğur sertifikati" əldə edib.

"Uğur sertifikati" sahiblərindən 14 nəfərinin artıq Bakı şəhərindəki məktəblərə direktor təyinatı aldığını diqqətə çatdıran Arzu Tairquliyeva yeni təyin olunmuş direktorların təlimdə qazandıqları biliklər və bacarıqlar hesabına idarəetmə sisteminə yeniliklər gətirəcəyinə ümid etdiklərini bildirib.

Təhsil Nazirliyinin təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev yeni direktor təyinatı alanları təbrik edib.

Direktorlar və direktor işləmək istəyən şəxslər üçün keçirilmiş təlimi uğurlu başlanğıc kimi dəyərləndirən nazirliyin təmsilçisi sentyabr ayında növbəti mərhələdə daha geniş və daha çox sayda müdavimlər üçün belə təlimlərin təşkilinin planlaşdırıldığını, gələcəkdə isə onun daha da təkmilləşdirilməsinin, coğrafiyasının genişləndirilərək paytaxtla yanaşı bölgələrdə də təşkil olunmasının nəzərdə tutulduğunu söyləyib. O, mövcud layihənin direktorların təyinatı məsələsində şəffaflığı təmin etmək, səriştəlilərə və peşəkarlara meydan vermək, belələrinin karyera inkişafı baxımından da  irəliyə atılmış müsbət bir addım olduğunu bildirib.

"Uğur sertifikati" alanların maddi cəhətdən stimullaşdırılması məsələsinə toxunan E.Əmrullayev yaxın vaxtlarda onların əməkhaqqlarına əlavələrin verilməsi qaydalarının təsdiqlənəcəyini diqqətə çatdırıb. Sektor müdiri  həmçinin "uğur sertifikati" sahiblərindən məktəb direktorluğu ilə yanaşı direktor müavini vəzifəsində işləyənlərin də olduğunu, onların bir qisminin isə Təhsil Nazirliyinin struktur bölmələrində işə cəlb edildiyini söyləyib.

Brifinqdə iştirak edən yeni təyin olunmuş direktorlardan Günel Rəcəbova (60 nömrəli tam orta məktəb), Səidə Zeynalova (texniki-humanitar lisey), Kərim Abdi (31 nömrəli tam orta məktəb) başa vurduqları təlimin əhəmiyyətindən danışıb, onlara göstərilən etimadı doğruldacaqlarını bildiriblər.

Sonda jurnalistlərin sualları cavablandırılıb. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov