Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Avqsut 2014 - №32

 

Müəllimlik bir missiyadır

 
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovla müsahibə
 
 (Əvvəli "Azərbaycan müəllimi" qəzetinin 15 avqust 2014-cü il tarixli sayında dərc olunub)
 
 
 
- Akademik göstəricilərlə olan vəziyyət necədir? Çoxları səviyyənin aşağı düşməsindən şikayətlənir.
 - Problemlərlə tanış  olan və rəqəmləri bilən bir insan olmasaydım, mən də belə şübhəylə yanaşardım. Son 3 il ərzində ana dili və riyaziyyat üzrə keçirilmiş və Təhsil Nazirliyinin təsiretmə imkanı olmayan buraxılış imtahanının nəticələrini əks etdirən cədvələ baxın. Markerlə işarələnmış hissələr müvəffəq qiymət alanların sayını əks etdirir. Aydın görünür ki, keyfiyyət getdikcə artır...

 


 

  2012-ci il 2013-cü il 2014-cü il
9-cu siniflər üzrə 11-ci siniflər üzrə 9-cu siniflər üzrə 11-ci siniflər üzrə 9-cu siniflər üzrə 11-ci siniflər üzrə
İmtahanda iştirak edənlərin sayı 117,363 78,539 117,275 86,632 111,868 83,093
Hər iki fənn üzrə müvəffəq qiymət alanların sayı (faizi) 59,000 (50.27%) 54,114
(68.90%)
68,497
(58.41%)
62,494
(72.14%)
69,400 (62.04%) 61,579 (74.11%)
Ana dili fənni üzrə müvəffəq qiymət alanların sayı (faizi) 84,217 (71.76%) 64,891
(82.62%)
79,583
(67.96%)
69,230
(80.10%)
84,007 (75.22%) 69,016 (83.33%)
Riyaziyyat fənni üzrəmüvəffəq qiymət alanların sayı (faizi) 68,461 (58.33%) 58,350
(74.29%)
81,970
(69.90%)
69,315
(80.01%)
78,324 (70.01%) 66,681 (81.25%)

 
Təəssüf ki, təhsili ictimai müzakirələrin mövsuzuna çeviriblər və hər kəsin bir resepti var...
- Əlbəttə ki, hamının siyasətdən, futboldan və uşaqların tərbiyəsindən başı çıxır.
- Lakin bir çox hallarda faktlara əsaslanmayanların səsi daha çox eşidilir. Mən isə fakt və rəqəmlər əsasında danışmağa üstünlük verirəm. Bəli, bizim problemlərimiz yetərincədir, biz onları cəmiyyətdən gizlətməyə deyil, həll etməyə çalışırıq. Sözün həqiqi mənasında bu problemləri qabardırıq. Bu islahatların əsas şərtlərindəndir. Çünki məsələni düzgün müəyyənləşdirməsək, onu həll edə bilmərik. Biz tez-tez  təhsilin bizdə pis olması və heç yerdə belə vəziyyət olmaması kimi ittihamlarla qarşılaşırıq.  Şagirdləri orta məktəbi bitirə bilməyən ölkələrin siyahısına baxın: 



 
 
İƏİT - İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının saytından götürülmüş bu məlumatlara biz təsir edə bilmirik.
Tez-tez problemlərdən danışmağı sevənlər iki fənn üzrə əla qiymət alanların sayının qeyri-kafi qiymət alanlardan çox olmasını qeyd etmirlər. Bu obyektiv statistikadır. Yaxşı xəbər o qədər maraqlı olmadığından, bu barədə heç kim yazmağa tələsmir. Baxın, artıq qəbul imtahanları bitib. Əvvəl ötən  illərdə tələbə ola bilməyən abituriyentlər üçün qəbul imtahanları keçirildi. Və dərhal KİV-də əvvəlki illərin məzunlarının pis nəticə göstərmələri barədə "xəbər" verildi. Mən sual verirəm: onlar məgər yüksək nəticə göstərməli idilər? Əgər yüksək nəticə göstərə bilsəydilər, onlar çoxdan tələbə adını qazanmış olardılar.. Məncə, onların ikinci və ya üçüncü dəfədən olsa belə, qəbul ola bilməsinə təəccüblənmək lazım idi. Axı illər ötdükcə məktəb proqramı üzrə baza biliyimiz zəifləyir. Demək istəyirəm ki, cəmiyyətdən kənarda problemləri həll etmək mümkün deyil. Deyə bilmərik ki: " Bizə vaxt verin, 5 ildən sonra biz sizə yaxşı nəticə göstərəcəyik".
 - Tənqid sizə kömək edir?
 - Problemin həllinə yönəlmiş sağlam tənqid, sözsüz ki, kömək edir. Faktlara, təhlillərə əsaslanan tənqid dəyərli bir işdir. Qərəzli tənqid isə başqa bir məsələdir. Amma bunu da anlamaq olar. Gizlətmədiyimiz və həll etməyə çalışdığımız problemlərlə yanaşı, demək istəyirəm ki, təhsilalanlarımız beynəlxalq müsabiqələrdə qalib gəlirlər, Yel, Berkli və Oksford kimi ali təhsil ocaqlarına qəbul olunurlar.
 - Proqram məsələsinə gəldikdə isə mənə görə, birinci sinfə gələn uşağa eyni zamanda 3 dil, məsələn, Azərbaycan, rus və ingilis dillərini öyrətmək çox çətin məsələdir. O vaxt biz oxuyanda Azərbaycan dilini (təhsil rus dilində olan məktəblərdə) ikinci sinifdən, ingilis dilini isə dördüncü sinifdən keçməyə başlayırdıq. Amma indi hamısı eyni zamanda olur. Bu nə qədər məqsədəuyğundur?
 - Çox yaxşı sualdır. Burada söhbət təhsilin standartlarından gedir. Biz dilemma qarşısındayıq: bir tərəfdən, biz  hər şeyi bilən, bilməli olan fövqəlinsan yetişdirmək istəyirik. Lakin, burada təhsil sisteminin vəziyyəti və sosial-iqtisadi şərait qətiyyən nəzərə alınmır. Standart minimum, yoxsa maksimum biliyi ifadə edir? Mən sizinlə getdikcə təcrübədə özünü təsdiq edən intuitiv nəticəmi bölüşəcəyəm. Və hələ heç kim bunu təkzib edə bilməyib. Son 20 ildə standartın minimal deyil, ideal bilik səviyyəsi sayılması böyük səhv olmuşdur. Sözsüz ki, iki və ya beş dil öyrətmək mümkün olan uşaqlar var, lakin digərləri üçün bu elə də asan deyildir.
Biz də bu barədə düşünmüşük. Bilirsiz, nədən başladıq? O suala cavab axtarmağa başladıq ki, nəyə görə bəzi məktəblərə uşaqlar həvəslə, digər məktəblərə isə güclə gedirlər? İş orasındadır ki, harada bilik maraqlı və anlaşıqlı öyrədilir, orada uşaqlar həvəsli olurlar. Digər halda isə uşaq nəsə başa düşməyən kimi özünə qapanır...
Təlim materillarının qavranılmasının əlçatan olması və  müəllimin peşəkar hazırlığının artırılması ilə yanaşı, tətbiq etdiyimiz yerdən asılı olaraq biz məktəb proqramını da nəzərdən keçirməliyik. Mənə görə, kənd məktəbləri üçün fənlərin seçimi şəhər məktəbləri üçün fənlərin seçimindən fərqlənməlidir. Çünki məktəb bizə müstəqil yaşamaq üçün bacarıqlar aşılayır. Və insanın seçdiyi sahədən asılı olaraq bu bacarıqlar fərqlənməlidir.  Əgər insan zehni əməklə məşğul olmaq istəyirsə, onun üçün bir, kənd təsərrüfatı ilə məşğul olmaq istəyirsə, başqa bacarığı olmalıdır. Məzmundan asılı olmadan orta bilik səviyyəli insan yetişdirməyə çalışmaq düzgün deyil.
Proqrama gəldikdə isə, o cümlədən 3 xarici dil ilə bağlı burada dəyişikliklərin aparılacağı mexanizminə baxmaq lazımdır. Birdən-birə proqramdan bir fənni kənarlaşdırmaq da asan məsələ deyil. Nəzərə almaq lazımdır ki, kimsə üç dil öyrənmək istəyir... Mənə görə, bir insanın bir dili əla bilməsi, üç dili yarımçıq bilməsindən yaxşıdır. Kurikulum misalında biz görürük ki, yeni  metodikanın və yanaşmaların tətbiqi heç də problemsiz ötüşmür.
 - Gəlin keçmiş və müasir sistemləri müqayisə edək... Mənə görə, müasir sistem, hətta hamının öyrəşdiyi testlər belə yenilikdir.
 - İstəməzdim indi deyəcəyim yalnız Azərbaycan reallığı üçün qəbul edilsin, amma test üsulu ilə biliklərin yoxlanılması birtərəfli təsir göstərmir. Keçən il biz xaricdə təhsil üzrə Dövlət Proqramı, bu il isə SABAH qrupları üçün seçdiyimiz tələbələr test üsulu ilə imtahanlarda yüksək bal toplayaraq "Beynəlxalq münasibətlər", "Hüquq" kimi ixtisaslara qəbul olublar. Amma nə olsun?! Onların bir çoxu Kissinceri fransız, Lenini isə Rusiyanın prezidenti kimi tanıyır və belə hesab edirlər ki, vəkil müttəhimin maraqlarını müdafiə etmək naminə yalan danışmalıdır... Belə nümunələri çox gətirə bilərəm...
Ümumi dünyagörüşü ilə bağlı problemlər var. Bu, o deməkdir ki, qiymətləndirmə vasitəsi kimi test üsulundan əl çəkməliyik? Xeyr. Çünki bu üsul bizə bərabər şərtlərdə bilikləri ölçməyə imkan verir. Bəs bu vasitə yeganə ölçmə üsulu olmalıdır? Mənə görə, belə olmalı deyil. Test üsulu, sadəcə, ən yüksək nisbi çəkiyə malik qiymətləndirmə vasitələrindən biri olmalıdır.
Beynəlxalq təcrübə bu barədə nə deyir?! Dünyada heç bir ən yaxşı ali təhsil müəssisəsi fikir formalaşdırma və esse yaza bilmək qabiliyyətinizi yoxlamadan, müsahibə aparmadan, təkcə IELTS və GMAT kimi standart imtahanlar əsasında sizi istədiyiniz ixtisasa qəbul etməyəcək. Bəs, bu, o demək deyil ki, qəbul imtahanlarında mərkəzləşmiş sistemin ləğvini təklif edirəm? Xeyr, hesab edirəm ki, mənfi hallarla mübarizədə bu sistem böyük rol oynamışdır. Hesab edirəmmi ki, bu sistemə yuxarıda qeyd etdiklərim də əlavə olunmalıdır?! Sözsüz. Ali təhsil müəssisələrinin tələbələrini seçmək imkanı olmasa, onların beynəlxalq standartlara cavab verəcəklərindən danışa bilmərik.
Bəs ali təhsil müəssisələri bu sistemə hazırdırlarmı? Baxmayaraq ki, bəziləri buna hamıdan çox hazırdır, amma ümumilikdə, xeyr! Mən bunu ona görə deyirəm ki, təhsil sistemində verilən istənilən qərara dəyişən sosial-iqtisadi şərtlərə uyğun şəkildə mütəmadi olaraq yenidən baxılmalıdır.  Hər uşağın şəxsi bacarıqlarını nəzərə almaq və ömür boyu bilik əldə etmək vərdişləri formalaşdırmaq müasir təhsilə yanaşmanın əsas prinsipləridir.
 - Təhsil sistemində ənənəvi metodika və prinsiplərdən yeni sistemə keçid prosesi mümkün oldumu? Mən yeni kurikulumu, onunla əlaqədar başqa tədbirləri nəzərdə tuturam.
 - Bizim istədiyimiz səviyyədə olmadı. Səbəblər çoxdur: müəllimlər lazımi səviyyədə hazırlanmadı, yeni müəllimlərin hazırlığında və dərsliklərin məzmununda müvafiq dəyişikliklər edilmədi və s.  Bəs, buna görə prinsiplər günahkar sayılmalıdır?! Əsla belə deyil. Prinsiplərdə heç bir problem yoxdur. Müasir təhsil sistemi artıq "informasiyanı öyrəndin, soruşdular, qiymətləndirdilər" üsulundan çoxdan uzaqlaşmışdır. İnformasiya əldə etmək üçün "Google", "Wikipedia" var. Bu  o deməkdir ki, uşaqlarda "yadda saxlamaq" bacarığı inkişaf etdirilməsin? Sözsüz, bu belə deyil.
 - Proqramın dəyişilməsi üçün tədbirlər görülürmü?
 - Bəli, biz artıq bu istiqamətdə çalışırıq.
 - Yeni proqrama təkamül yolu ilə keçid uzun çəkəcək?
 - Qarşıdan gələn dərs ilində biz artıq müəyyən məsələlərlə bağlı fikirimizi bildirəcəyik. Növbəti ildən isə yeniliklərin tətbiqinə başlayacağıq.
 - Və dərsliklərlə bağlı... dərsliklərin yenilənmə prosesi nə qədər vaxt aparacaq?
 - İcazə verin, dərsliklərin hazırlanma texnologiyasından danışım. Keçən ilin aprelində nazir vəzifəsini icra etməyə başlayanda aydınlaşdırdım ki, 15 sentyabrda 6-cı sinfə gedəcək şagirdlər üçün heç bir dərslik yoxdur. Onlar nəinki çap olunmayıb, heç yazılmayıb da. Kitablar yoxdur!!!
 - Sözünüzü kəsdiyim üçün bağışlayın... Bəs onlardan əvvəlki 6-cı siniflər nəyin əsasında dərs keçdilər?
 - Əgər yadınızdadırsa, 7 il əvvəl yeni kurikuluma keçid başladı. Onu 1-ci sinifdən tətbiq etməyə başladılar. Bu zaman yuxarı siniflərə hələ də köhnə sistemlə  təlim keçilirdi. Kurikulum - təhsilə yeni yanaşma, yeni forma, məsələlərin yenidən qoyulması, təhsilin yeni məzmunudur. Köhnə dərsliklərlə şagirdlərə yeni məzmunu öyrətmək mümkün deyil!
 - Deməli, 6 il ərzində mərhələ-mərhələ dərsliklərin yenilənməsi baş verib?
 - Bəli, Təhsil Nazirliyi hər il yalnız bir sinif üçün dərslik hazırlayırdı. Birinci il 1-ci, ikinci il 2-ci sinif üçün və s.  Yeni kitablar kurikulum əsaslı idilər. Dərslik - məzmun və metodikanın vəhdətidir. Yeni məzmunda və metodikada kitab hazırlamaq üçün onları bilmək lazımdır. Yeni sistem tətbiq edəndə sənin lazımi sayda yeni məzmunlu dərsliyi yazmağı bacaran mütəxəssisin olmayacaq. Ən böyük səhv odur ki, 7 il bundan qabaq birdən-birə yeni kurikulumu tətbiq etdilər. Adətən, ilk olaraq kurikulumu pilot kimi xüsusi hazırlanmış müəllimlərin olduğu məhdud sayda məktəblərdə tətbiq edirlər. Bu bir il ərzində müəllimlərin fikirləri nəzərə alınır. Nəticələr təhlil olunduqdan, proqramda düzəlişlər edildikdən sonra yeni kurikulum bütün ölkə ərazisində tətbiq olunur. Eyni vaxtda 1-ci, 5-ci və 8-ci sinifdə. Bu yolla yeni kurikuluma keçid 4 ilə baş verir.  Bizdə isə bu proses uzadılıb. Pilot dövrünün olmaması isə çox ciddi səhvdir. İkinci səhv odur ki, yeni dərslikləri yazmaq əvvəlki, yeni məzmun və metodikanı bilməyən müəlliflərə tapşırıldı: "Bu da yeni standartlar, gedin yeni dərslik yazın". Onlar bacardıqları kimi də yazıblar. Və bu uzun müddət belə davam edib.
Hər il yayda qanunvericiliyə uyğun olaraq tender keçirilib. Tenderin nə qədər obyektiv keçirilməsi başqa mövzunun söhbətidir. Tenderdə hər arzu edən iştirak edə bilirdi. Təsəvvür edin, bizdə hər birinə dərslik lazım olan 27 fənn var. Beləliklə, bir fənn üçün bir neçə, digər fənn üçün 1-2 dərslik təklif olunurdu, bəzi fənlər üçün isə heç bir dərslik təklif olunmurdu. Daha doğrusu, proqramda həmin fənn var, sadəcə, heç kim dərslik yazmaq istəmir. Aydın məsələdir ki, tenderdə kitablar arasında yüksək bal toplayan dərslik nəşr olunurdu. Sual olunur, bir fənn üzrə keyfiyyəti bizi qane etməyən iki və ya daha artıq dərslik təklif olunanda nə etməliyik?!
 - Yəqin ki, aşağı keyfiyyətlilər arasından nisbətən yaxşısı seçilirdi...
 - İkinci sual: bəlkə, fənn üzrə heç bir dərslik təklifi yoxdur? Belə olan halda tenderdə başqa dərslik üzrə qalib gələn şəxsə: "Uşaqlar məktəbə gedəcək, amma fransız dili üzrə kitabları yoxdur. Gəl, o kitabı yaz" deyilirdi. Prosesi təsəvvür edin: yayda tender keçirilir, ekspertlər ən yaxşını seçir və nəhayət, dərslik çap olunaraq sentyabrda məktəbə gəlir. Deməli, müəllim və şagird kitabı ancaq yeni dərs ilinin birinci günü görə bilir!
Bu il hansı inqilabi dəyişikliklər edə bildik? Biz 7-ci, 8-ci siniflər üçün dərslikləri bir ildə hazırlamışıq. 8-ci siniflər üçün dərslikləri pilot kimi az tirajla nəşr etdirdik. Bunları müəllimlərə paylayaraq, onların bu kitablar barədə fikirlərini öyrənəcəyik. Biz bu kitabları saytda yerləşdirərək, valideynlərə göstərəcəyik: "Sizin qeyd və şərhləriniz üçün bir iliniz var". Bundan sonra müvafiq dəyişikliklər edərək, monitorinq üçün TQDK-ya göndərəcəyik.
 - Dərsliklərin müəllifləri kimlərdir?
 - Hal-hazırki qanunvericiliyə əsasən müəllifləri mən təyin etmirəm. Heç kimi dərslik yazmağa da məcbur edə bilmirəm. SSRİ-nin Təhsil Nazirliyindən fərqli olaraq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi özü kitab hazırlamır. Mən hətta Təhsil Nazirliyində işləyənləri DQMK (Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya) vasitəsilə işə qəbul edirəm. Çünki Təhsil Nazirliyində fizika, kimya, rəsmxət üzrə mütəxəssislər deyil, dövlət qulluqçuları - məmurlar çalışır. Bu, tamam başqa peşədir. Bizdə dərslik hazırlanması könüllüdür. Bəli, mən ali təhsil müəssisələrini bu işə cəlb etməyə çalışıram, rektorları tənqid edirəm ki, "Sizdə yaxşı baza varsa, niyə ali təhsil müəssisəsi dərslik hazırlamaqda bizə yardım etmir?". Amma fakt budur ki, biz heç kimi dərslik yazmağa məcbur edə bilmərik. Düzgün seçimin aparılmasını təmin etmək, təklif olunmuşların arasından ən yaxşısının seçilməsinə nail olmaq bu il edə bildiyimiz işdir. Ekspert qrupu öz seçimini etdikdən sonra biz üç qrupda: TQDK-ya, ali təhsil müəssisələrinin nümayəndələrinə və ən yaxşı məktəb müəllimlərinə yolladıq. Müxtəlif mütəxəssislərdən müstəqil şəkildə qiymətləri aldıqdan sonra mənzərə aydın oldu: bütün qruplardan yüksək bal almış dərsliklər şübhə yaratmır, müxtəliflik olduğu halda xüsusi işçi qrupu ekspertlərin nə qədər düzgün qiymətləndirmə apardıqlarını aydınlaşdırdı. Bu yolla dərsliklərin seçimi çox diqqətlə aparılmışdır. Heç bir halda demək olmaz ki, Təhsil Nazirliyi dərsliklərin üzərində işləmir. Təklif olunanlar arasından ən yaxşı dərsliyi seçdikdən sonra biz yenə öz metodiki məsləhətlərimizi veririk, dərsliyin daha da təkmilləşməsi üçün qısa müddətdə əlimizdən gələni edirik. Hər halda, sentyabrın 15-nə çatdırmaq lazımdır...
Dediyim kimi, pilot kimi 8-ci siniflər üçün dərslikləri artıq hazırlamışıq.
 - Bu sistemi dəyişdirməyi planlaşdırmısınız?
 - Bəli, dərsliklərin hazırlanması ilə bağlı dəyişikliklər edilməsi üçün hökumətə müraciət etmişik. Gənc ölkə üçün yeni dərslik hazırlamaq heç də hər zaman asan məsələ deyil. Əlbəttə, mən tez bir zamanda dəyişikliyi görmək istərdim, amma bu mümkün deyil. Bu illər ərzində müsbət təcrübə toplanıb, hansısa mərkəzlər yaradılıb, müəlliflər yetişib. Bir dərsliyi dördüncü dəfə yazan müəllif həmin dərsliyi birinci dəfədən fərqli olaraq daha yaxşı yazır... Biz bütün bunları dağıtmaq istəmirik. Əldə olanların ən yaxşılarını saxlamaq və gücləndirmək lazımdır.
 - Necə gücləndirmək?
 - Biz "ehtiyat dərsliyin" hazırlanması üçün xüsusi mərkəz yaradırıq. "Ehtiyat dərslik" nə deməkdir? Bu dərslik dövlətin sifarişi ilə mütəxəssislər qrupu tərəfindən və əgər tenderdə müvafiq fənn üzrə heç bir dərslik kriteriyalara cavab verməsə, tətbiq olunacaq. Bu mexanizmdən bir sıra ölkələrdə istifadə olunur.
  - Yəni, bundan yaxşısını edə bilirsinizsə, buyurun.
 - Bəli. Eyni zamanda, istənilən halda, minimal standart da tərəfimizdən təmin olunacaqdır.
 - Müəlliflərlə niyə bu qədər problem var? İnana bilmirəm ki, bizdə fənlər üzrə savadlı peşəkar müəlliflər yoxdur.
 - Çünki müəlliflər üçün həvəsləndirmə sistemi yaradılmamışdı. Müəllif üçün kitab yazmaq maraqlı deyildi. Ağır işin müqabilində, demək olar ki, qəpik-quruş alırdılar. Mən hələ reputasiya məsələsini demirəm: az miqdarda pulun müqabilində tənqid olunma riski. Ona görə də biz bu sistemi dəyişdik. İndi müəllif dərsliyin istifadə olunduğu dövr ərzində rəğbətləndiriləcək, dərslik hər dəfə çap olunduqda qonorar alacaq.
Əvvəllər dərsliklər, bilirsiniz, necə qiymətləndirilirdi? Məzmununa görə deyil, bütövlükdə. Tenderdə nəşriyyatlar iştirak edirdi. Hər dərslik komplektinin konkret qiyməti var idi. Mən ayrıca olaraq məzmunu, bədii tərtibatı və çapın keyfiyyətini seçə bilməzdim. Hamısını bir yerdə qəbul etməli idim. Fil, üstündə bülbül. Biz indi müstəqil olaraq, məzmuna görə seçim aparır, daha sonra kimin və necə çap edəcəyini seçirik. Mənə bir müəlliflər qrupu göstərin ki, 15 aya, lap qoy olsun 3 ilə, on bir sinif üçün 15-20 fənn üzrə bütün dərslikləri yeniləyə bilsin.
 - Ümumilikdə nə qədər dərsliyə ehtiyac vardır?
 - Azərbaycan və rus bölməsini nəzərə almaqla, 200 dərslik. Əlbəttə, yeni dərsliklərdə də problem ola bilər. Amma mümkün səhvləri dərsliyin sınaq dövründə aşkar eləmək şansı, dərs ilinin başlamasına iki həftə qalmış aşkar eləmək şansından daha çoxdur. Bu günə qədər bu belə idi. Bir sözlə, iş çətin də olsa, davam edir. Bütün çətinliklərə baxmayaraq, yaxın zamanlarda müsbət nəticəni görəcəyimizə inanıram.  Biz insanlara deyə bilmərik ki, gələn aydan ölkədə bütün dərsliklər yenidən hazırlanacaq. Müxtəlif yanaşmalar vardır.  Bir yanaşma dərsliklərin Oksford və Kembricdə hazırlanmış dərsliklərə uyğunlaşdırılmasıdır. Bu istiqamətin müsbət, eyni zamanda mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, bu kitablar ən yaxşı müəlliflər tərəfindən sınanılmış metodika əsasında hazırlanıb. Amma bizdə milli dəyərlərimizə söykənən və şəxsiyyətin formalaşmasına təsir edən fənlərimiz var ki, bu da məsələnin mənfi tərəfini səciyyələndirir. Biz azərbaycanlı uşaqlara Oksford dərslikləri əsasında tarixi, ədəbiyyatı və hətta coğrafiyanı tədris edə bilmərik.
 - Azərbaycanda inklüziv təhsilin perspektivləri necədir?
 - Bu, çox vacib məsələdir. İnklüziv təhsil Təhsil Nazirliyinin fəaliyyətində prioritet məsələlərdən biridir. İnklüziv təhsillə bağlı bir neçə məsələ mövcuddur: müəllimlərin hazırlığı, maddi-texniki bazanın yaradılması və təkmilləşdirilməsi. Bizim strategiyamıza əsasən mərhələ-mərhələ bu məsələlərin həllinə çalışacağıq. İlk olaraq, pilot məktəblər seçiləcək. Belə şagirdləri sosial həyata inteqrasiya etmək məqsədilə lazımi maddi-texniki baza ilə təmin olunmuş pilot siniflərdən başlayacağıq.
Pilot siniflərdən danışarkən əsas məqsədi uşaqların sağlamlığının müdafiəsinə yönəlmiş "Sağlam təhsil" layihəsinin adını çəkməyə bilmərəm. Çünki bir neçə müasir tendensiyalar bizi narahat edir: yüklənmiş dərs proqramları, məktəbli çantasının ağırlığı, uşaqların uzun müddət parta arxasında hərəkətsiz əyləşməsi və s. Sentyabrın 15-dən başlayaraq Bakı şəhərinin 6 məktəbində ibtidai siniflərin şagirdləri "Sağlam təhsil" layihəsi üzrə təhsil alacaqlar.
 - Söhbət Vladimir Bazarnıyın metodikasından gedir?
 - O, məsləhətçilərdən biridir. Biz bu layihədə təkcə Vladimir Bazarnıyın deyil, ABŞ, Kanada və Avropa ölkələrinin təcrübəsindən də istifadə edirik. Uşaqların sağlam təhsil alması layihənin əsas məqsədidir. Sağlamlığın müdafiəsi və təhsilin keyfiyyəti birlikdə olmalıdır.
 - Siz müəllimlik missiyasından danışdınız. Təəssüf, amma qəbul etməliyik ki, son illərdə bu peşənin nüfuzu ciddi şəkildə aşağı düşüb. Qürurlu "müəllim" adını necə qaytarmaq olar? Nə etmək lazımdır? Biz nə etməliyik?
 - Gəlin, sualı iki hissəyə ayıraq: cəmiyyət nə edə bilər? Və Təhsil Nazirliyi nə etməlidir? Cəmiyyət çoxlu mütaliə etməli, uşaqlara oxumağı öyrətməlidir. Təhsilə, tərbiyəyə, böyüklərə və müəllimlərə hörmətə xüsusi yer verilən milli dəyərlərimizi qorumalıyıq. "Müəllim" adını çəkərkən həmişə fikirləşməliyik. Bəs, Təhsil Nazirliyi nə etməlidir? Biz gənclərdə bu peşəyə maraq yaratmağa çalışırıq. Bu istiqamətdə dövlət başçısının xeyir-duası ilə və şəxsi nəzarəti altında pedaqoji universitetin kampusunun layihəsi hazırlanır. Orada gələcək müəllimlərin dünyagörüşünün formalaşdırılması və keyfiyyətli təhsil almaları üçün mühit yaradılacaq. Paralel olaraq, bu ildən müəllimlik ixtisasları üzrə qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələrin həvəsləndirmə proqramına başlamışıq. Qarşıdan gələn dərs ilindən qəbul imtahanlarında yüksək nəticə göstərən 300 tələbəyə, əlavə olaraq, 100 manat xüsusi təqaüd veriləcək. Biz hesab edirik ki, bu  tədbir gənc müəllimlər üçün əlavə stimul rolunu oynayacaq.
Biz müəllimlərin karyera inkişafı üçün də real addımlar atmışıq. Yaxın vaxtlarda biz bunu elan edəcəyik. Azərbaycan Respublikası Baş nazirinin göstərişi ilə bölgələrdə - kənd məktəblərində işləyən müəllimlərin iş şəratinin yaxşılaşdırılması üçün təkliflər paketi hazırlayırıq...
...Bilirsiniz, məni nə narahat edir? Hər şeyin maddi dəyərlərlə ölçüldüyü bir zamandayıq. Yəni, hər kəs pulun axdığı kranı açmaq istəyir. Məni düz anlayın, demirəm ki, bu vacib deyil. Amma maddiyat bütün dəyərləri əvəz edə bilməz axı. Uşaqlar, hər halda, bilavasitə pul qazanmaqla bağlı olmayan kosmonavt, səyyah, memar və ya digər ixtisaslara yiyələnməyi də arzulamalıdırlar. Baxın, bunu reallaşdıra bilməsək, şüurda dönüş edə bilməyəcəyik... Aydındır, kapitalizmdir... Amma cəmiyyət təkcə maddi tələbatdan irəli gələn qərarların verildiyi mühitdə yaşamamalıdır. Mənəvi dəyərlər də mövcud olmalıdır. Bəli, bu qeyri-populyar səslənir. Amma bu sahədə çalışmaq lazımdır. Bu məsələ ilə bağlı fikirlərim var, amma bu barədə növbəti müsahibədə danışaram.
  
 
Vyaçeslav Sapunov 
 
("Azərbaycan müəllimi" qəzetinin
22 avqust 2014-cü il tarixli sayında dərc olunub)
 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov